Yuxarı Gövhər Ağa məscidi əsaslı yenidənqurma və
bərpadan sonra açılıb
Şuşa
Zəfərimizin rəmzidir
Mayın
10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
birinci xanım Mehriban Əliyeva və ailə üzvləri
Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı
yenidənqurma və bərpa işlərindən sonra
açılışında iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
və birinci xanım, həmçinin ensiklopedik alim Mir
Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərginin
açılışında iştirak ediblər.
Əvvəlcə
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya
məsciddə görülən işlər barədə məlumat
verildi.
Bildirildi
ki, Yuxarı Gövhər Ağa məscidində 2021-ci ilin
sonlarından aparılan bərpa işləri başa
çatıb. Məscid ölkə əhəmiyyətli
tarixi-mədəniyyət abidələri siyahısındadır.
Məscidin müəllifi məşhur memar Kərbəlayi Səfixan
Qarabağidir. Bu, müəllifin ən yaxşı əsərləri
sırasına daxildir. Məscidin minarələrinin ornamentləri
və otaqların divar rəsmləri Şuşa şəhərində
yaşayıb-yaratmış şair, rəssam və xəttat
Mir Möhsün Nəvvab Qarabaği tərəfindən
işlənib.
Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi ermənilər tərəfindən dağıdılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilib.
Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədi ilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universiteti nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasında araşdırılıb.
Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. İşğal dövründə məscidə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb.
Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri aparılıb. Minarələrin boya işləri və qoruyucu qatın tətbiqi yekunlaşıb, məscidin dam örtüyünün qurulması həyata keçirilib.
Məlumat verildi ki, bərpa işləri mədrəsə binasını da əhatə edib. Məscidin mədrəsə hissəsində taxta dam konstruksiyanın qurulması işləri tamamlanıb. Mövcud döşəmə örtüyünün sökülməsi və qalıqların təmizlənməsi işləri başa çatdırılıb. Hazırda mədrəsə binasının ərazisində məscid minarəsinin ornamentləri və otaqların rəsmlərini işləmiş Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunan sərgi açılıb.
Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisi ilə tanış olublar.
Qeyd
edək ki, Qarabağ ədəbi mühitinin görkəmli
nümayəndələrindən biri - istedadlı şair, rəssam,
musiqişünas, filosof, pedaqoq Mir Möhsün Nəvvab
Qarabağiyə həsr olunmuş sərgidə onun Milli Azərbaycan
Tarixi Muzeyində qorunan və XVIII–XIX əsrlərə məxsus
Azərbaycan silah sənətini özündə təcəssüm
etdirən şəxsi silah kolleksiyası, şairin müəllifi
olduğu, illüstrasiya çəkdiyi və Şuşada
öz nəşriyyatında çap etdiyi kitablar, onun musiqi,
kimya, astronomiya sahəsində fəaliyyətinin əks
olunduğu eksponatlar nümayiş etdirilir. Sərgidə
astronomiya elmi ilə maraqlanan Mir Möhsün Nəvvabın bu
sahə üzrə çəkdiyi cədvəllər, səma
cisimlərinin yerləşməsi və Günəş
tutulmaları ilə bağlı sxemləri də
nümayiş olunur.
Azərbaycan.-2023.- 11 may.- S.8.