Saatlı məscidinin
açılışı olub
Şuşa
Zəfərimizin rəmzidir
Mayın
10-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə
üzvləri Şuşada Heydər Əliyev Fondu tərəfindən
aparılan bərpa işlərindən sonra Saatlı məscidinin
açılışında iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin
başçısına və birinci xanıma görülən
işlər barədə məlumat verildi.
Bildirildi
ki, Şuşadakı Saatlı məscidi 1883-cü ildə
memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında
inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin
inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs
keçdiyi bir-birinə bitişik mədrəsə və məscid
binaları olub.
Şuşa
şəhəri işğal altında olduğu müddətdə
digər məscidlər kimi Saatlı məscidi də ermənilər
tərəfindən dağıdılmışdı. 2021-ci
ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən
bərpa işlərinə başlanılıb. “PAŞA
Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən
konservasiya və restavrasiya işləri Azərbaycan,
İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu
tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin
nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna
uyğun olaraq aparılıb.
İşğal
zamanı məscidə edilən müdaxilələr aradan
qaldırılıb və divarların gücləndirilməsi
işləri görülüb. Həmçinin zədələnmiş
ön sütunun gücləndirilməsi işləri həyata
keçirilib, məscidin döşəməsi bərpa edilib.
Aparılan
analizlər nəticəsində minarənin üzərindəki
naxışların ilkin rəngi müəyyən olunub və
minarə ona uyğun bərpa edilib, ornamentlər bütün
incəliklərinə qədər qorunub saxlanılıb.
Dövlətimizin
başçısı, birinci xanım və ailə üzvləri
məscidin həyətində ağac əkdilər.
Azərbaycan.-2023.- 11 may.- S.8.