Azərbaycan sülhü bərqərar etməyə tam hazırdır

 

Bu, Brüssel görüşündə bir daha bəyan ediləcək

 

Bu gün Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Hayastan liderlərinin Brüssel görüşü planlaşdırılıb. Görüş çərçivəsində iki ölkə arasında sülh sazişinin imzalanmasına dair məsələlərin müzakirə edilməsi gözlənilir.

Xatırladaq ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə bir neçə görüş keçirilib. Daha sonra Hayastan dekabr ayına təyin edilmiş eyni formatlı görüşdə iştirakdan imtina edərək prosesə mane olub. Azərbaycan tərəfi isə ötən il baş tutmamış və Şarl Mişelin təşəbbüsü ilə yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verməklə Hayastandan fərqli olaraq, sülhün əldə edilməsində maraqlı olduğunu bir daha sübut edib.

 

Aİ əvvəlki görüşlərdə olduğu kimi, Brüssel görüşündə də neytrallığını qorumalıdır

 

Milli Məclisin deputatı Fəzail Ağamalı qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan-Hayastan münasibətlərinin normallaşması və iki ölkə arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar son vaxtlar intensiv xarakter alıb: "Mayın ilk günlərində ABŞ-nin təşəbbüsü ilə Azərbaycanın və Hayastanın xarici işlər nazirlərinin Vaşinqtonda 4 gün davam edən görüşlərində müvafiq problemlərin həlli və vacib sülh sazişinin bağlanması ilə bağlı müzakirələr aparılıb. Bu görüşlərdə müşahidə edilən müsbət elementlər müəyyən ümidlər doğurur. ABŞ kimi məsuliyyətli qlobal güc mərkəzinin açıqlamalarına ciddi yanaşmaq lazımdır. Təsadüfi deyil ki, məhz Vaşinqton görüşlərindən sonra Rusiyanın davranışlarında da bir qədər canlanma müşahidə edilir".

Deputat deyib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Hayastanın baş naziri Nikol Paşinyan arasında keçiriləcəyi gözlənilən Brüssel görüşünü Vaşinqton danışıqlarının birbaşa davamı adlandırmaq olmasa da, bir-biriləri ilə sıx bağlıdır: "Nəzərə almaq lazımdır ki, ABŞ ilə Avropa İttifaqının (Aİ) Azərbaycan-Hayastan məsələsinə yanaşmalarında oxşar məqamlar çoxdur. Əlbəttə ki, münasibətlərin normallaşmasında bitərəf mövqe də sərgilənir. Sadəcə olaraq, ittifaqın aparıcı dövlətlərindən olan Fransanın Hayastanın yanında olduğunu açıq şəkildə etiraf etməsi, hayların maraqlarına xidmət edən addımlar atması, habelə qeyri-obyektiv bəyanatlar verməsi, əlbəttə ki, Avropa İttifaqının fəaliyyətinə müəyyən mənada kölgə salır. Ümid edirik ki, Aİ əvvəlki görüşlərdə olduğu kimi, Brüssel görüşündə də neytrallığını qoruyacaq və Hayastanın tərəfindən çıxış etməyəcək. Yalnız belə olan halda Brüssel görüşü iki ölkə arasında münasibətlərin normallaşmasına mühüm töhfə verə bilər".

 

Hayastan Prezident İlham Əliyevin şərtləri ilə razılaşmağa məcburdur

 

Fəzail Ağamalının sözlərinə görə, danışıqların intensivləşdirilməsi göz önündədir. Görünən odur ki, proses dinamik gedir. Ümumiyyətlə, kifayət qədər təsirli və güclü qüvvələrin - ABŞ, Aİ və Rusiyanın Azərbaycan-Hayastan münasibətlərinin normallaşdırılmasına yönəlmiş səyləri konkret nəticə verməlidir.

"Vaşinqton danışıqları nəticəsində xeyli fəallaşan Rusiyanın Brüssel görüşündən sonra daha ciddi şəkildə hərəkətə keçəcəyi gözlənilir. Müşahidələr göstərir ki, Rusiya bu proseslərdən kənarda qalmaq niyyətində deyil. Rəsmi Moskva hətta buna görə müəyyən pozucu addımlar da ata bilər. Qafqazda, faktiki olaraq, ABŞ, Avropa İttifaqı və Rusiya arasında ciddi rəqabət gedir. ABŞ və Aİ Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmağa çalışır. Bu baxımdan hər üç qüvvə tərəfindən Hayastan amilindən istifadəyə cəhdlər göstərilir. Digər tərəfdən, Rusiya da Qafqazda möhkəmlənmək üçün Hayastana təzyiq göstərir", - deyə deputat əlavə edib.

Fəzail Ağamalı vurğulayıb ki, Brüssel görüşü ərəfəsində artıq Hayastanın üç gündür ki, təxribatlar törətməsini diqqətdən qaçırmaq olmaz: "Hesab edirəm ki, bu, Rusiya ilə Hayastanın birgə planıdır. Nəzərə almaq lazımdır ki, müəyyən bəyanatlar səsləndirərək özünü sülh tərəfdarı kimi göstərməsinə baxmayaraq, Paşinyan da hazırkı dövrdə sülh müqaviləsinin bağlanmasında həvəsli görünmür. Rəsmi İrəvan əməli xarakter daşıyan addımlar atmaq lazım gəldikdə bundan ən müxtəlif formalarda yayınır, prosesi uzatmağa çalışır. Hayastan sülh müqaviləsinin bağlanmasını qeyri-müəyyən vaxta qədər yubatmaq niyyətindədir. Ola bilsin ki, Paşinyan Rusiya-Ukrayna savaşının, eləcə də qardaş Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrini gözləyir. Görünür, Hayastan möcüzə baş verəcəyinə və mövqelərinin anidən mistik formada güclənəcəyinə ümid edir. Lakin bütün bunlar əsassız və mümkünsüzdür".

Deputat qeyd edib ki, biz istənilən halda əminik ki, ölkə rəhbərinin yüksək diplomatik məharəti, hadisələrə çevik münasibət göstərmək və onları öz xeyrinə həll etmək kimi nadir xüsusiyyətləri sayəsində Azərbaycan bütün mübarizələrdən qalib çıxacaq: "Hayastan sülh sazişi bağlayarkən Prezident

İlham Əliyevin şərtləri ilə razılaşmağa məcbur qalacaq. Nəticədə Qarabağ və Şərqi Zəngəzurda suverenliyimiz tamamilə təmin olunacaq".

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2023.-14 may.- S.1;3.