Zəfərin zərif carçısı

 

Ulu Öndərin 100 illiyi ərəfəsində "Xarıbülbül" növbəti dəfə Şuşadan dünyaya  sülh, mədəniyyət ismarışı verdi

 

Şanlı zəfərimiz Qarabağın tarixi ənənələrinin bərpasına, mədəni dirçəlişinə də yol açıb. İndi işğaldan azad edilən bütün ərazilərimiz bərpa və quruculuq ünvanına, tarixi şəhərimiz Şuşa isə mədəniyyətimizin mərkəzinə, paytaxtına çevrilib. Şuşanın tarixi şan-şöhrətinin özünə qaytarıldığının ilk rəmzi carçısı isə 30 illik ayrılığın ardından Zəfər qalamızda 12-13 may tarixlərində "Xarıbülbül" Musiqi Festivalının yenidən keçirilməsi oldu.

bununla da Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər günü verdiyi "Əziz Şuşa, biz səni dirçəldəcəyik" müjdəsinin əyani təntənəsini, qürurunu yaşadı.  

 

Şanlı, şöhrətli Şuşa!

 

Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi, Azərbaycanın gözü olan Şuşanın azadlığından dərhal sonra bu tarixi şəhərimiz Prezident İlham Əliyev tərəfindən mədəniyyət paytaxtımız elan edildi. 2021-ci il mayın 7-də imzalanan sərəncamla Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği başlıca məqsədlər kimi müəyyən olundu.

Bu tarixi qərardan sonra, mayın 12-si və 13-də Qarabağın mirvarisi Şuşada yenidən "Xarıbülbül" Musiqi Festivalı keçirildi. Şöhrətli festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivləri çıxış etdilər, xalqklassik musiqi nümunələrindən ibarət proqram təqdim olundu. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın multikultural ölkə olduğu mesajını verdilər.

"Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik var. Təsadüfi deyil ki, birinci, festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk", - deyə qalib lider İlham Əliyev onilliklərdən sonra yenidən öz yurdunda keçirilən festivalın açılışındakı çıxışında bu birlik mesajının əhəmiyyətini xüsusi vurğuladı.

 

Heydər Əliyev Fondu Şuşanın mədəni ənənələrini uğurla bərpa edib

 

İlk dəfə 1989-cu ildə Şuşa şəhərində məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar keçirilməyə başlanan "Xarıbülbül" Musiqi Festivalı 1990-cı ildən beynəlxalq status alıb. Bundan sonra "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı  yalnız bir dəfə - 1991-ci ildə Şuşada keçirilib, 1992-ci il mayın 15-də keçirilməsi planlaşdırılan növbəti "Xarıbülbül" festivalı isə Şuşanın işğal altına düşməsinə görə düz bir qərinə, 2021-ci il mayın 12-nə qədər doğma diyarından didərgin düşüb.

Tarixi şəhərimiz azadlığına qovuşdurulandan dərhal sonra dövlətimiz Şuşada bütün sahələr üzrə kompleks layihələr həyata keçirir, şəhərin əsl tarixi simasının bərpası üçün mühüm işlər görür.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu Şuşada vandal ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan məscidlərin, dini, mədəni abidələrin bərpasını aparır. Eyni zamanda fond tərəfindən qədim şəhərimizdə var olan tarixi-mədəni ənənələrimiz müvəffəqiyyətlə bərpa edilir ki, bunlardan ilki 2021-ci ildə Şuşada, Cıdır düzündə təşkil olunan möhtəşəm "Xarıbülbül" Musiqi Festivalı oldu.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ili "Şuşa ili" elan etmişdi. "Şuşa ili"ndə mədəniyyət paytaxtımızda keçirilən ən möhtəşəm tədbirlərdən biri isə növbəti "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı oldu. Bu festival həm də xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin Şuşada çıxış etmələri ilə yaddaşlara yazıldı.

 

"Xarıbülbül" builki təmtərağı ilə diqqət çəkdi

 

Builki "Xarıbülbül" Musiqi Festivalı qürur ünvanımız Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində təşkil olundu. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 9-11 may tarixlərində keçirilən budəfəki festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan nümayəndələri  təmsil olundular. Budəfəki festival TÜRKSOY-a daxil olan dövlətlər, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivlərinin iştirakı ilə əlamətdar oldu.

Festival çərçivəsində mayın 9-da Cıdır düzündə konsert proqramı təqdim olundu, TÜRKSOY-a daxil olan dövlətlərin, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivlərinin təqdimatında bir-birindən maraqlı ifalar dinlənildi. Sonda türk dünyasının solistləri birlikdə "Qarabağ" kompozisiyasını ifa etdilər.

Mayın 10-da isə Cıdır düzündə qala-konsert oldu. Qala-konsertdə festivalda iştirak edən ölkələrin incəsənət ustaları çıxış etdilər. Qala-konsert bütün iştirakçıların ifasında "Odlar yurdu Azərbaycan" kompozisiyası ilə başa çatdı.

 

"Ümummilli Lider Heydər Əliyev - sevimli mahnılar"

 

Festival çərçivəsində növbəti konsert  Mehmandarovların malikanə kompleksində Ulu Öndər Heydər Əliyevə həsr olunan "Ümummilli Lider Heydər Əliyev - sevimli mahnılar" adlı konsert proqramı oldu. Konsertdə Ümummilli Lider Heydər Əliyevin sevdiyi mahnılardan ibarət musiqi parçaları səsləndirildi.

"Xarıbülbül" festivalının  qonaqları Şuşadakı Heydər Əliyev Fondu tərəfindən mayın 10-da açılışı olan Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində "Heydər Əliyev Qarabağ" sərgisi ilə tanış oldular. Eyni zamanda bu tarixdə "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının qonaqları, dövlət hökumət rəsmiləri, tanınmış mədəniyyət, incəsənət elm xadimləri Şuşa şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə nümayiş olunan "İz" adlı sənədli filmə tamaşa etdilər.

"Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının ikinci günü Şuşada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar atəşfəşanlıq təşkil edildi.

 

Cıdır düzündən Qarabağa "Natəvan" operasının sədaları yayıldı

 

Festivalın sonuncu günündə də bir-birindən maraqlı proqramlar təqdim olundu. Bunlardan biri Xurşidbanu Natəvanın evinin qarşısında keçirilən "Molla Nəsrəddin" tamaşasının təqdimatı oldu.

Vurğulayaq ki, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının sonuncu günündə bir ilk də yaşandı. Belə ki, Cıdır düzündən bütün Qarabağa Vasif Adıgözəlovun "Natəvan" operasının sədaları yayıldı. Səhnədə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının artistləri yer aldılar. Dirijor isə Xalq artisti, operanın müəllifinin oğlu Yalçın Adıgözəlov idi.

Festival çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış etdi. Konsert proqramı Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra üç gün əvvəl açılışı olan Mehmandarovların malikanə kompleksində təşkil olunduburada diqqətçəkən məqamlardan biri də konsertə Mehmandarovlar nəslinin nümayəndəsi, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluq etməsi idi.

Konsertdə Üzeyir bəy Hacıbəylinin "Arazbarı", Fikrət Əmirovun "Nizaminin xatirəsinə" simli simfoniyası, Niyazinin "Lirik rəqs"i, Tofiq Quliyevin "Laylay", Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından fraqmentlər və xalq mahnısı "Sarı gəlin" səsləndirildi.

Birinci vitse-prezident Mehriban Əliyevanın mayın 11-də rəsmi instaqram hesabında  "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalından görüntülər paylaşması isə Şuşanın rəmzi olan bu musiqi bayramının möhtəşəmliyini nümayiş etdirdi.

Şuşada şöhrətli "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı mayın 11-də yekunlaşdı və estafeti yeni möhtəşəm beynəlxalq tədbirlərə ötürdü.

Xatırladaq ki, Şuşa şəhəri 2023-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib.

Mayın 12-də Azərbaycan Respublikası Mədəniyyət NazirliyiTÜRKSOY-un birgə təşkilatçılığı ilə "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi açılış mərasimi keçirildi.

Təntənəli mərasim "Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında" Prezidentin sərəncamına uyğun olaraq Şuşa şəhərində gerçəkləşdi. Bu sərəncama uyğun olaraq, geniş tədbirlər planı hazırlanıb.

 

Şuşanın milli ruhu özünə qaytarıldı

 

Artıq mədəniyyət paytaxtımız Şuşa şan-şöhrətli, təmtəraqlı, qonaq-qaralı günlərinə  qovuşub. İndi Qarabağın ürəyi Şuşaya səfər edən hər kəs Zəfər qalamızın milli ruhunun özünə qaytarıldığının əyani şahidi olur.

"Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik...", - deyə 2021-ci il avqustun 30-da Şuşada görkəmli şair Molla Pənah Vaqifin bərpa edilmiş məqbərəsi önündə qalib lider İlham Əliyevin qürurla səsləndirdiyi kimi...

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.-14 may.- S.7.