Ali Baş Komandan kimi azad edib, Prezident kimi yenidən qurur

 

Bu gün türk mədəniyyətinin mərkəzi, Qafqazın incisi sayılan Şuşa dünyaya günəş kimi doğur. Bu gün əlli milyonluq Azərbaycan türkünün ürəyi Şuşada döyünür. Bu gün yazın bu oğlan çağında Şuşada özgə büsat var. Bahar Cıdır düzünə yaşıl xalı sərib. Güllər, çiçəklər açılıb. Bu yerlərin yaraşığı xarıbülbül bəxtəvər gəlin kimi gülümsəyir. Vəcdə gələn bülbüllərin nəğməsi bu əsrarəngiz təbiət tablosuna incə çalarlar qatır, ruhumuzu oxşayan, könlümüzün otuz illik yaralarına məlhəm olan qeyri-adi bir harmoniya yaradır...

Dünənsə bu yerlərin görkəmi başqa idi. Könlümüzün sevgili məhbubu olan Şuşa düşmən tapdağında inildəyir, sanki havası çatmır kimi boğulurdu. Ona əlimiz çatır, ünümüz yetirdi. Qol-qola girib yallı gedən kefli hayların təpikləri sanki ürəyimizin başına dəyir, sinəmizə çalın-çarpaz dağlar çəkilirdi.

Dözdük, məqamına qədər səbr etdik. Ağlın, iradənin, müdrik və qüdrətli sərkərdənin diktəsi ilə toparlandıq. Düşmənin başında ildırım kimi çaxdıq. Xalq-ordu birliyinin yenilməz gücü ilə "dəmir yumruğ"a çevrilib torpağımıza göz dikənlərin, cənnət ərazilərimizi viran qoyanların başını əzdik.

İkinci Qarabağ savaşında rəhbərlik etdiyi xalqı, Ali Baş Komandanı olduğu ordunu məharətlə səfərbər edib böyük zəfərə imza atan, bütöv bir xalqın sındırılmış qürurunu bərpa edən, dünya azərbaycanlılarını on illərin xəcalətindən qurtaran müzəffər sərkərdə İlham Əliyev bu gün Qarabağın və Şərqi Zəngəzurun xarabalıqları üzərində yeni kəndlər, şəhərlər, hava limanları inşa edən, yollar çəkən, körpülər salan, müasir infrastruktur yaradan bacarıqlı, vətənini candan, könüldən sevən bir memara bənzəyir. Düşmən işğalından azad olunmuş hansı əraziyə ayaq basırsa, orada yeni bir yaşayış məntəqəsinin, müasir sənaye obyektinin, fabrikin, zavodun təməli qoyulur.

Bu gün baş memarı Prezident İlham Əliyev olan Qarabağ və Şərqi Zəngəzur  böyük bir inşaat meydanına çevrilib, başdan-başa yenidən qurulur. Tikinti-quruculuq işlərinə dünyanın ən məşhur şirkətləri cəlb edilib. Görülən işlərin miqyası çox böyükdür. Kəlbəcərə aparan Ömər aşırımını asanlıqla keçmək üçün dağların altından tunel inşası uğurla davam edir. Ağdama dəmir yol xəttinin və Avropa standartları səviyyəsində avtomobil yolunun çəkilişi başa çatmaq üzrədir. "Ağıllı kənd", "ağıllı şəhər" layihələrinin icrası uğurla reallaşır. Artıq ilk yaşayış məntəqələri öz sakinlərini qəbul edir.

Bu yerlərin hər qarışı bizim üçün nə qədər əziz və dəyərli olsa da, başımızın tacı Şuşadır. Burada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri deməyə əsas verir ki, Şuşa ən yaxın zamanda böyük turizm mərkəzinə çevriləcək. Şuşanın bənzərsiz təbiəti, təmiz havası, suyu hər kəsi heyran edir. Şuşa müharibədən sonrakı yeni quruculuq prosesinin hələ ilk mərhələsində olsa da, artıq dünya mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib.

Bir neçə gün əvvəl Şuşada, Cıdır düzündə böyük təntənə ilə keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalına dünyanın bir çox ölkələrindən mədəniyyət və incəsənət ustaları dəvət olunmuşdular. Bu, sadəcə, bir konsert proqramı, bir əyləncə tədbiri deyildi. Bu, Azərbaycanın bütün dünyaya müharibəyə yox, sülhə, əmin-amanlığa, mədəniyyətə çağırışı idi. Simvolu çiçək olan bu festivalın amalı, qayəsi o idi ki, gəlin, hünərimizi ölüm saçan silahlarla yox, musiqinin, poeziyanın, sənətin gücü ilə göstərək, torpaqlara ölüm kabusu olan minalar yox, ətirli güllər, çiçəklər əkək.

Prezident İlham Əliyev ailəsi ilə birlikdə may ayının ilk günlərini Qarabağda və Şərqi Zəngəzurda keçirdi. Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşanın mərkəzi meydanından xalqa müraciətində dövlət başçısı son dərəcə səmimiyyətlə bildirdi: "Qarabağı azad etmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 Noyabr tarixdə əbədi qalacaq. O gün mənə bax bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!" Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı.

Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax bu zəfərə, bu qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu zəfər eyni zamanda hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq."

Bəli, üzərimizə böyük məsuliyyət düşür. Biz Qarabağın və Şərqi Zəngəzurun əsl, əzəli və əbədi sahibləri olduğumuzu bütün dünyaya bir daha sübut etməliyik. Daş-üstdə daş qoyub tikdiyimiz yeni-yeni kəndlərlə, şəhərlərlə, inşa etdiyimiz geniş yollarla, körpülərlə, əkib-becərdiyimiz barlı-bərəkətli zəmilərlə, tarlalarla, bağ-bağçalarla bu torpağa necə bağlı olduğumzu, onu necə sevdiyimizi dosta da, düşmənə də göstərməliyik. Qəhrəman əsgərlərimiz, müzəffər ordumuz Qarabağı düşmən işğalından azad etdi. Biz isə onu dirçəltməli, yenidən qurmalı, yaralarını sağaltmalıyıq.

 

Lazım QULİYEV,

Azərbaycan.-2023.-14 may.- S.2.