Gənc Ailələrin I Forumu işə başlayıb

 

Mayın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və “Addım” Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə Gənc Ailələrin I Forumunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi peşəkar təlimçilər, gənc ailələr və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizdə görülən işlərin, yürüdülən siyasətin mərkəzində insanın və onun inkişafının dayandığını bildirib. Qeyd edilib ki, hazırda cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən fəal, güclü ailələrin formalaşmasında maraqlıdır.

Komitə sədri vurğulayıb ki, Beynəlxalq Ailə Günü ərəfəsində Azərbaycanda da ailə bayramının keçirilməsinin məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, ailədə sülhdözümlülük mədəniyyətinin təbliğidir.

Tədbirdə digər çıxış edənlər Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinin ailə siyasəti olduğunu, ölkəmizdə ailə məsələlərinə böyük diqqət yetirildiyini diqqətə çatdırıblar.

Qeyd edək ki, mayın 14-dək davam edəcək forum çərçivəsində peşəkar təlimçi və ekspertlər tərəfindən fərqli interaktiv oyunlar, birgə müzakirələr, həmçinin işçi qruplar formatında görüşlər keçiriləcək.

 

Azərbaycan.-2023.-14 may.- S.2.