İsveçli səyyahlar Xudafərin körpüsündə

 

Ölkəmizdə səfərdə olan isveçli beynəlxalq səyahətçilər işğaldan azad edilmiş ərazilərə səfərləri çərçivəsində Cəbrayılda Xudafərin körpüsü ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Club 100”un İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik etdiyi səyyahlara 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan Cəbrayıl şəhəri, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında məlumat verilib.

Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və digər xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir. Diqqətə çatdırılıb ki, digər ərazilər kimi bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər talan, təbiət isə məhv edilib. Burada da bir çox tarixi dini abidələr ermənilər tərəfindən təhqirə məruz qalıb, məscidlər heyvan tövləsi kimi istifadə olunub, qəbirlər qazılaraq dağıdılıb.

Vurğulanıb ki, işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr icra edilir.

Qonaqlar Xudafərin körpüsünün yanında çay süfrəsi arxasında söhbət edib, səfər təəssüratlarını bölüşüblər.

 

Azərbaycan.-2023.-14 may.- S.4.