Hər günü
mübarək Şuşa!
Qarabağda yenə çal-çağırdır. Günlərdir ki, Şuşada göydə ulduz, yerdə gül-çiçək insanların üzünə gülür. Bu torpağın xilaskarı Müzəffər Ali Baş Komandan
İlham Əliyev yenə Şuşadaydı. Cənnətməkana yenidən həyat verir. Qələbəmizin rəmzi, qəhrəmanlıq qalası Şuşa toparlanır, canlanır, qəddini düzəldir. Dağılmış binalara can, sahibsiz evlərə nəfəs verilir. Yenidən qurulan, gözəlləşən Şuşa dosta fərəh, düşmənə gözdağı olur. Şuşada hər gün bir yeni bina tikilir, hər gün xarabazara çevrilmiş bir bina bərpa olunaraq həyata qayıdır. 28 il qaranlığa qərq olmuş Şuşa yenidən işıqlanır. Elə dövlət başçısının, Şuşaya budəfəki səfəri də bu yerləri işıqlandıran müəssisənin - "Azərişıq" ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışı ilə başladı. Gözəl məkana hər səfəri əsl hadisəyə dönən cənab Prezidentin budəfəki gəlişi də yaddaşlara tarixi hadisə olaraq öz möhürünü vurdu. Fəaliyyətində həmişə xalqla təmasa üstünlük verən Prezident ənənəyə sadiq qalaraq Şuşanın azad olunduğu bu illər ərzində görülən işlər haqqında həm xalqa, həm də Ulu Öndərin ruhu qarşısında hesabat verdi.
Milli-mənəvi dəyərləri hər zaman yüksək dəyərləndirən və tarixi adət- ənənələrimizin yaşadılmasında örnək olan Prezident və ailə üzvlərinin yenidən bərpa olunan Yuxarı Gövhər ağa məscidini ziyarət etmələri adət-ənənələrimizin qorunub saxlanmasına əsl sədaqət nümunəsi kimi dəyərləndirildi.
Hər zaman tarixi abidələrimizin, milli dəyərlərimizin qoruyucusu olan Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yenidən bərpa edilən Saatlı məscidinin də bərpa olunduqdan sonra ilk qapısını açan Prezident və onun ailə üzvləri oldu. Hər iki tarixi bina bərpadan sonra gözəlliyi ilə göz qamaşdırır.
Türk dünyasının mədəniyyət paytaxtı Şuşada bundan sonra gələn qonaqları "qarşılayan", tarixi mədəni irsimizi qədim çeşnilərdə, ilmələrdə, butalarda, naxışlarda yaşadan, xalqımızın minillik keçmişindən xəbər verən Milli Xalça Muzeyinin Şuşa filialı da bura əlavə olundu.
Unikal şəhərdə dövlət başçısının birbaşa nəzarəti altında, onun rəhbərliyi ilə geniş planda, sürətlə abadlıq və quruculuq işləri görülür. Cəmi bir neçə il əvvəl ermənilər ruhumuzun paytaxtı Şuşada şərxoş vəziyyətdə "yallı" gedirdilər. Müvvəqqəti qələbədən başı gicəllənən düşmən burada "şeytan yuvası" - "parlament" binasının tikintisini planlaşdırırdı. İndi həmin yerdə beşulduzlu hotel inşa edilib. Xatırladaq ki, Prezident İlham Əliyev Şuşaya ilk səfərində - 2021-ci il yanvarın 14-də bu barədə demişdir: "Qondarma rejim bəyan etmişdi ki, "Dağlıq Qarabağ respublikası"nın "parlamentini" Şuşa şəhərinə köçürəcəkdi. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar "Dağlıq Qarabağ respublikası"nın "parlament" binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi".
Mayın 10-da dövlət başçısı 2021-ci il avqustun 29-da təməlini qoyduğu Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin açılışını da etdi. Zəfər yolunun üzərində yerləşən, 2022-ci ildə - "Şuşa ili"ndə karvansaray konsepti əsas götürülən layihəni yerli və xarici şirkətlər həyata keçirib. Mürəkkəb konstruktiv quruluşa malik bina həm klassik, həm də postmodern memarlıq üslubunun sintezi ilə dizayn olunub. Daxili dizayn Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyini əks etdirir. Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq olunub. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunub. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəylinin ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan (əsasən palıd) hazırlanıb. Binanın fasad örtüyünün üzərində və vestibülün girişinin üzlüyündə təbii Şuşa daşı ilə hazırlanmış relyef işləmələr mövcuddur.
Kompleks fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb.
Şuşada binalar ucaldıqca düşmən bir qarış da kiçilir. Azad Şuşa bu gün böyük bir tikinti meydançasını xatırladır. Şəhərdə 23 binadan ibarət yaşayış kompleksində sürətlə tikinti işləri davam etməkdədir. Dövlət başçısı Şuşaya budəfəki səfəri zamanı daha bir 17 binadan ibarət yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etdi. Tezliklə şuşalılar bir zamanlar gözyaşı, qorxu, həyəcanla tərk etdikləri, illərlə həsrətini çəkdikləri yurd yerlərinə dönəcəklər. Şuşada körpələr dünyaya gələcək. Valdeynlər "dəmir yumruq" küçəsindən keçərkən öz uşaqlarına bu küçənin tarixindən, xalqımızın mənəvi birliyinin simvolu olan "dəmir yumruğ"un gücündən danışacaqlar. Zəfər, 8 Noyabr küçələrindən keçərkən 28 il həsrətlə gözlədiyimiz zəfərin qazanılması üçün oğullarımızın göstərdiyi qəhrəmanlıqlardan söhbət açacaqlar. Şuşada yeni dünyaya gələn körpələrə Şuşa uğrunda canını fəda etmiş igidlərin adlarını verəcəklər. Atatürk küçəsi hər zaman bu küçədən keçən insanların yaddaşında Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının simvolu olduğunu xatırladacaq. Hər zaman xatirəsi rəhmətlə anılan Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçə bizə bir ata istəyini, "Oğul, Şuşanı azad et" vəsiyyətini yada salacaq.
Dövlət başçısı dağılıb xarabazara döndərilmiş Şuşanı əbədi olaraq yenidən qurur. Gələcək nəsillər ermənilərin xarabazara çevirdiyi Şuşanı şəkillərdə, videolentlərdə görəcəklər. Bunu yaddaşlarda saxlayacaqlar. Ardınca isə ermənilər tərəfindən dağıdılmış Mehmandarovların malikanə kompleksini, Sadıqcanın, Bülbülün ev-muzeylərini, bərpa edilmiş, adını yazmadığımız onlarca tarixi-mədəni abidələrimizin gözəlliyini seyr edib heyran qalacaqlar.
Mayın 10-da Şuşada əsl xalq bayramı idi. Göy üzünü atılan fişənglər nura qərq etmişdi. Şuşanın bu gününə yerdə ağaclar, yaşıl çəmənlər, əzəmətlı sıldırım qayalar, göydə ulduzlar, ulduza dönmüş şəhid ruhları, bir də bu yurdu canından artıq sevib "Oğul, Şuşanı azad et" vəsiyyətini edən böyük şəxsiyyət Ulu Öndərin ruhu daha çox sevinirdi. Mübarək Şuşam, sevincin, hər gün gözəlləşən, abadlaşan günün mübarək!
Elşən
QƏNİYEV,
Azərbaycan.-2023.-14 may.- S.6.