Avropa enerji təhlükəsizliyində Azərbaycana arxalanır

 

"Heydər Əliyevin neft strategiyası bu gün imkan verir ki, biz inkişaf edək, imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq. 1994-cü ildə "Əsrin kontraktı", 1996-cı ildə "Şahdəniz" qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir. Bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür. Ölkəmizin geosiyasi önəmi böyük dərəcədə artıb".

Bu sözləri Prezident İlham Əliyev mayın 10-da xalqa müraciətində deyib. Dövlət başçısı, həmçinin qeyd edib ki, 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin kontraktı" növbəti bir dönüş nöqtəsi idi: "İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti "Əsrin kontraktı"nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir".

 

Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı artacaq

 

Son illərdə Azərbaycan iqtisadiyyatı sürətli inkişaf yoluna çıxıb. Xüsusən ölkəmizin energetika sahəsində mühüm təchizatçılardan birinə çevrilməsi iqtisadiyyatın digər sahələrinin də inkişafına təkan verib.

Son 3 ildə Avropaya mavi qaz ixrac edən ölkəmiz enerji sahəsində qabaqcıl dövlətlərdən birinə çevrilib. Avropa İttifaqı ölkələri Azərbaycanı enerji sahəsində etibarlı tərədaş kimi yüksək qiymətləndirir. Təsadüfi deyil ki, bu gün Azərbaycan ümumavropa qaz təchizatçısı adlandırılır.

Hazırda Azərbaycan  "Cənub qaz dəhlizi" ilə 6 ölkəyə qaz nəql edir. Dünyada enerjiyə artan tələbat fonunda Azərbaycanla tərəfdaşlıq etmək istəyən dövlətlərin sayı isə gündən-günə artır. Yaxın illərdə ölkəmizin təbii qaz ixrac etdiyi ölkələrin sayının artacağı gözlənilir. Azərbaycan qazının nəql olunduğu ölkələr sırasında Şərqi Avropa dövlətləri xüsusi yer tutur.

Ölkəmizin qaz hasilatı ildən-ilə artır. Bu il Azərbaycanda 47,2 milyard kubmetr qaz hasilatı planlaşdırılır ki, onun da 24,5 milyard kubmetri ixrac üçün nəzərdə tutulur. Ötən il isə hasil edilən 46,7 milyard kubmetr qazın 22,3 milyard kubmetri ixrac olunmuşdu. Bu il 12 milyard kubmetr təbii qazın Avropaya nəql olunması proqnozlaşdırılır. Növbəti illərdə digər interkonnektorlar işə düşdükcə isə bu göstərici daha da artacaq.

Avropa dövlətləri isə bu istiqamətdə ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Bu baxımdan ötən ilin oktyabr ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı da Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynadı. Uzunluğu 182 kilometr olan interkonnektor Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. Bununla daha bir Avropa ölkəsinin enerji təchizatçısına çevrilən Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 25-30 faizini ödəyəcək.

Eyni zamanda ötən ilin dekabr ayında SOCAR və Rumıniyanın "Romqaz" şirkəti arasında imzalanan müqaviləyə əsasən, bu ilin yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qaz nəql olunur.

 

Respublikamızın "yaşıl enerji" potensialı böyükdür

 

Ötən ay Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı imzalanan anlaşma memorandumu da enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan mühüm addım oldu.

İmzalanma mərasimində çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, anlaşma memorandumu Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq: "Bu gün Enerji Komissarı xanım Simsonun, Avropa Komissiyasının digər rəsmilərinin və dostlarımızın artıq qeyd etdiyi kimi, Azərbaycan Avropanın, mən deyərdim ki, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan "Strateji Tərəfdaşlıq haqqında" Bəyannamə və ya sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var".

Azərbaycan qlobal tendensiyaya cavab verən alternativ enerji sahəsində də böyük layihələrin təşəbbüskarı kimi çıxş edərək xarici investorları ölkəyə cəlb edə bilir. "Yaşıl enerji"nin perspektivləri nəzərə alınaraq ölkəmiz energetikanın bu sahəsində də əsas təchizatçılardan birinə çevrilməyi planlaşdırır. Növbəti illərdə Azərbaycanın Avropaya ənənəvi enerji ilə yanaşı bərpaolunan enerjiixrac edəcəyi gözlənilir. Bu istiqamətdə də işlər sürətlə davam edir.

Alternativ enerji sahəsində əməkdaşlığın inkişafı baxımından  ötən ilin dekabr ayında Prezident İlham Əliyevin də iştirakı ilə Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması böyük rol oynayır. Bu sazişlə qarşıdakı illərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfə daha da artacaq.

Qeyd edək ki, Azərbaycanın bu sahədə potensialı kifayət qədərdir. Belə ki,  quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çox, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmiz strateji investorlardan biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 13 may.- S.1;3.