Sənətin zirvəsində

 

Ömrünə yazılan ilk illərin ünvanı Şuşa şəhəri olub. Görkəmli rejissor, teatrşünas, tənqidçi, pedaqoq Mehdi Məmmədov 1918-ci il mayın 22-də Şuşada dünyaya gəlib. Atası Əsədulla papaqçı olub.

Mehdi Məmmədovun uşaqlıq illəri çətin zamanlarda keçib. Araşdırıcıların yazdığına görə, elə dolanışıq, gün-güzəran dərdi Əsədullanı vadar edib ki, ailəsini də götürüb Bakıya gəlsin. 1922-ci ildən Bakıda məskunlaşıblar. Bakıda 7 illik məktəbdə oxuyanda Mehdi Məmmədovun könlündə bir sənət sevgisi yaranıb. Onun aktyor olmaq arzusuna düşməsində o vaxtlar qadın rollarının ifaçısı kimi tanınan Cəlil Bağdadbəyovun təsiri olub.

Mehdinin aktyorluq istəyi dindar atasını hövsələdən çıxarıb. Əsədulla oğluna acıqlanıb və onu fikrindən daşındırmağa çalışıb. Ancaq atası Mehdi Məmmədovu fikrindən daşındıra bilməyib.

O, 1931-ci ildə yeddiillik məktəbi bitirdikdən sonra Bakı Teatr Məktəbinə daxil olmaq istəyib. Çəlimsizliyinə görə Mehdi Məmmədovu qəbul etməyiblər. Həmin il Bakı Türk İşçi Teatrının yardımçı heyətinə qəbul olunub. Həmin teatrın tamaşalarında kütləvi səhnələrdə çıxış etməyə başlayıb. 1932-ci ildə o, Bakı Teatr Məktəbinə daxil olub. 1935-ci ildə həmin məktəbi bitirərək təhsilini davam etdirmək üçün Moskvaya yollanıb.  Moskvada Ali Teatr Sənəti İnstitutunda oxuyub. 1940-cı ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin "Bahar" dramını diplom işi kimi tamaşaya hazırlayıb. Moskvada ali təhsilini tamamladıqdan sonra təyinatla Gəncəyə göndərilib. Gənc rejissor Gəncə Dövlət Dram Teatrında çalışıb. Həmin teatrda "Bahar", "Madrid", "İntiqam", "Qatır Məmməd", "Məşədi İbad", "Od gəlini", "Oqtay Eloğlu", "Toy", "Vaqif", "Nə yardan doyur, nə əldən qoyur", "İntizar", "Nizami", "Partizan Kostya", "Vasvası xəstə" əsərlərini səhnələşdirib.

1945-ci ilin sentyabrında Bakıya gəlib. Paytaxtın ayrı-ayrı sənət ocaqlarında müxtəlif illərdə tamaşalar hazırlayıb. 1946-cı ildə Şekspirin "On ikinci gecə" komediyasının tamaşası Milli Dram Teatrında ilk işi olub. Fasilələrlə bu teatrda "Yaşar", "Gənc qvardiya", "Aydınlıq", "Əliqulu evlənir", "Rəqs müəllimi", "Dağılan tifaq", "Çiçəklənən arzular", "Müfəttiş", "Mehmanxana sahibəsi", "Prokurorun qızı", "Yağışdan çıxdıq, yağmura düşdük", "Uzaq sahillərdə", "Şadlıq sorağında", "Alov", "Kəndçi qızı", "Canlı meyit", "Xəyyam", "İblis", "İnsan", "Meşşanlar", "Dəli yığıncağı" əsərlərinə səhnə quruluşu verib. Opera Balet Teatrında isə o, "Sevil", "Lakme", "Azad", "Leyli Məcnun", "Koroğlu", "Toska" operalarına quruluş verib. Rus Dram Teatrında Mehdi Məmmədov "Həyatın dibində", "Mənim Nadejdalarım" dramlarını səhnələşdirib.

Mehdi Məmmədov 1942-1945-ci illərdə Gəncə Dövlət Dram Teatrında, 1956-1960-cı illərdə Opera Balet Teatrında, 1960-1963-cü illərdə Akademik Milli Dram Teatrında, 1978-1982-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında  rejissor kimi fəaliyyət göstərib. Araşdırıcıların yazdıqlarına görə, Mehdi Məmmədov rejissor kimi ən çox Akademik Milli Dram Teatrında tamaşalara quruluşlar verib.

Müəllimlik onun fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. 1945-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor rejissor sənətindən dərs deyib, kafedra müdiri olub. 1968-ci ildə "Azəri dramaturgiyasının estetik problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1960-cı ildən professor vəzifəsini tutub. Sənətşünaslıq doktoru Mehdi Məmmədovun "Azəri dramaturgiyasının estetik problemləri", "Teatr düşüncələri", "Teatrlar. Aktyorlar. Tamaşalar", "Hüseyn Ərəblinski". "Onun sənət ulduzu", "Moskva Akademik Bədaye Teatrı", "Aleksandr Tuqanov" (rus dilində), "Rejissor sənəti", "Sabit Rəhman" digər kitabları nəşr edilib.

O, teatr sənətində ilk addımlarını aktyor kimi atıb. İşçi teatrında "Yanğın"da Gənc aqronom, "Kölgə"də Bəxtiyar, Teatr Məktəbində "Qaçaqlar"da Karl Moor, "Almaz"da Hacı Əhməd, Moskvada Lunaçarski adına Ali Teatr Sənəti İnstitutunda "Günəş övladları"nda Evstiqneyko, "Günahsız müqəssirlər"də Neznamov rollarını ifa edib.

Mehdi Məmmədov aktyorluq fəaliyyətini kino sənətində Radio teatrında da davam etdirib. O, "Azərbaycanfilm"in 1959-cu ildə istehsal etdiyi "Onu bağışlamaq olarmı?" filmində Qaya roluna çəkilib. Radio teatrında Şekspirin "Hamlet" faciəsində baş rolu səsləndirib.

Sənətdə qazandığı uğurlara görə Mehdi Məmmədov 1949-cu ildə respublikanın Əməkdar incəsənət xadimi, 1958-ci ildə Azərbaycan SSRİ Xalq artisti, 1974-cü ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. 1984-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı Hüseyn Cavidin "İblis" faciəsinə görə Azərbaycan Dövlət mükafatı alıb. "Oktyabr inqilabı" ordeni, iki dəfə "Qırmızı əmək bayrağı ordeni ilə təltif edilib.

Fəal teatrşünas olan Mehdi Məmmədov 1971-1976-cı illərdə Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimlərı İttifaqı) sədri seçilib. Alimin "Rejissor sənəti", "Həyat sənət yollarında" kimi elmi kitabları dəyərli dərsliklərdir.

Mehdi Məmmədov dövrünün məşhur sənətkarlarından olub. O, yalnız istedadı ilə deyil, həm yaraşığı ilə seçilib, sevilib. Teatrşünas Aydın Talıbzadə "Mehdi müəmması ya sənətdə konseptual Hamletizm" adlı kitabında yazır: "... qızlar-qadınlar onun qamətinə, görkəminə, Hamletsayağı ədalarına, filosof görünüşünə, səsinin ecazkar tembrinə vurulub Mehdini necə ki, fanatları müasir "ulduzları"n hər addımını izləyir, bax eləcə izləyirdilər. Hətta öz şəxsi hesablarına bilet alıb onun ezamiyyətə getdiyi şəhərlərə yollanırdılar... Təki öz qəhrəmanlarına yaxın olsunlar, onunla təmasda olsunlar... Mehdi maqnit kimi qadınları özünə cəzb eləyirdi: ancaq bunun üçün məxsusi şəkildə heç bir səy göstərmirdi; hərçənd dəblə səliqəli geyinməyindən qalmırdı".

Mehdi Məmmədov aktrisalar Barat Şəkinskaya, Şəfiqə Məmmədova ilə evli olub. Barat Şəkinskaya ilə evliliyindən dünyaya gələn böyük oğlu Elçin Məmmədov məşhur teatr rəssamı idi. Digər oğlu Ülvi Mehdi (anası Şəfiqə Məmmədova) aktyor, kinoşünasdır. 1983-cü ildə altmış beş yaşlı Mehdi Məmmədov özündən xeyli cavan olan qadınla ailə qurub. Onların Vüqar adlı oğlu dünyaya gəlib. Vüqar Məmmədov rejissordur.

Mehdi Məmmədov 1985-ci il yanvarın 8-də qəflətən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 13 may.- S.11.