Kinomuzun uğurlu gələcəyinə ümid var
Azərbaycan
kinosu -125
Azərbaycan kinosunun 125 yaşı tamam olur. Kino deyəndə, istər-istəməz
ilk yada düşən
100 yaşlı "Azərbaycanfilm"
kinostudiyası olur.
Bu sənət məbədində indiyə
kimi 250-yə yaxın
tammetrajlı bədii
film, 1000-ə yaxın sənədli
film, minlərlə qısametrajlı
filmlər, animasiyalar,
kinojurnallar, kinoalmanaxlar,
xronika materialları istehsal olunaraq xalqımızın dəyərli
audiovizual xəzinəsini
yaradıb.
"Azərbaycanfilm" kinostudiyasının direktoru,
Əməkdar mədəniyyət
işçisi Nazim Hüseynovla söhbətimiz
də Azərbaycan kinosunun bu günü
və gələcəyi
ilə bağlı oldu. N.Hüseynov dedi
ki, kinomuzun olduqca qürurverici tarixindən iftixarla danışa bilərik. Müstəqillik illərində də
bir çox uğurlu filmlər istehsal olunub. Filmlərimiz
müxtəlif kinofestivalların
qalibi olub, müsabiqələrdə iştirak
edib, televiziya və media vasitəsilə
tamaşaçılara çatdırılır.
Təbii
ki, Azərbaycan kinosunun bu günü
barədə danışanda
keçmişi haqqındakı
hissləri yaşaya bilmirik. Amma vəziyyətin tezliklə
düzələcəyinə, Azərbaycan kinosunun daha uğurlu gələcəyi olcağına
daha çox ümidliyik. Bilirik ki,
dövlətimiz milli mədəniyyətimizin, o cümlədən
milli kinomuzun inkişafına həmişə
xüsusi diqqət göstərib, heç vaxt öz qayğısını
əsirgəməyib.
Nazim Hüseynov xüsusi vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin aprel ayında
"Azərbaycan Respublikası
Kino Agentliyi"nin yaradılması haqqında
fərman imzalayıb.
Bu fərmana görə,
"Azərbaycanfilm" kinostudiyası
da daxil olmaqla, nazirliyin tabeliyindəki kino qurumları bundan sonra fəaliyyətlərini
agentliyin nəzdində
davam etdirəcəklər.
Bununla da ölkəmizdə kino strukturu köklü şəkildə
dəyişəcək. Struktur formalaşdıqdan sonra kino qanunvericiliyinin yenilənməsi üzərində
işlərin aparılması
nəzərdə tutulur.
Hazırda qüvvədə olan Kinematoqrafiya haqqında qanun 1998-ci ilin məhsuludur. Qüvvədə olan qanun müasir dövrün tələblərini özündə
əks etdirmir. Müasir tələblərə cavab
verən qanunun qəbul edilməsinə böyük ehtiyac var. Bundan başqa, Nazirlər Kabinetinin bir çox qərarları yenidən işlənməli və müasir dövrə uyğunlaşdırılmalıdır.
Nazim müəllim dedir ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ölkəmizin ən böyük kino istehsalı şirkətidir. Mühitdəki hər hansı bir dəyişiklik, birbaşa bizdə də özünü göstərəcək: "Biz müasir kino mühitinə adaptasiya olunmaq, bu mühitdə, söhbət yerli mühitdən getmir, yaxın qonşulardan, potensial kino bazarımızdan, yəni türkdilli ölkələrdən və MDB ölkələrindən gedir, bu mühitdə bir fiqur, bir akor kimi özünü sübut etmək üçün "Azərbaycanfilm" yeni həmlələrə hazırlaşır. Klassik filmlərimizin MDB ölkələrinin televiziya kanallarında və müxtəlif video platformalarında yerləşdirilməsi üçün təklif və tələblər var. Ümumiyyətlə, filmlərimizin digər yeni kino bazarlarına, yəni yaxın Şərq ölkələrinə, Şərqi Avropaya satılması və izləyicilərə çatdırılması üzərində iş aparılır. Bilirsiniz ki, yutub kanalımızda artıq klassik və yeni filmlərimizin yüksək keyfiyyətdə yayımını həyata keçiririk ki, tamaşaçılar, xüsusilə də gənc nəsil bunları izləyib zövq ala bilsin. Əlbəttə, burada bəzi problemlərlə də qarşılaşırıq. Müxtəlif şəxslər və kanallar icazəsiz şəkildə filmləri paylaşırlar. Bizim məqsədimiz filmləri sistemləşdirilmiş, kompakt və yüksək keyfiyyətlə, həm də xarici dillərdə altyazı seçimi ilə yerləşdirməkdir. Tezliklə yeniliklərimiz, layihələrimiz mediadada da, cəmiyyətdə də öz müsbət təsirini göstərəcək".
Kinostudiyanın direktoru bizimlə söhbətində maddi-texniki bazanın yaradılmasından da danışdı: "Azərbaycanfilm"in maddi-texniki bazası 1980-ci illərə aid texniki avadanlıqlardan ibarət idi. Filmlərin istehsalı zamanı məcbur idik ki, avadanlıqları icarəyə götürək. Pandemiya dövrünə istehsalatda baş vermiş fasilədən istifadə edərək "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə müasir, ən yüksək tələblərə cavab verən avadanlıqlar aldıq. Eləcə də digər maddi-texniki bazaya - yəni səsyazma studiyası, müasir kino çəkilişi üçün tələb olunan digər texniki şərtlərlə bağlı təkliflər paketini hazırlayaraq Mədəniyyət Nazirliyinə təqdim etmişik. Ümid edirik ki, "Azərbaycanfilm" kinostudiyası tezliklə regionun öndə gedən istehsalat bazasına çevriləcək".
Söhbət əsnasında qeyd edildi ki, 2020-ci ildən kinostudiyada tammetrajlı bədii film istehsal olunmayıb. Lakin 2022-ci ildən etibarən bir çox sənədli filmlərin istehsalı prosesi davam etdirilir. "Görünməyən qəhrəmanlar" sənədli filmlər silsiləsinin ilk 5 seriyası 2021-ci ildə təhvil verilib və İTV-də yayımlanıb. Növbəti 7 film isə 2022-ci ildə təhvil verilib. Xatırladaq ki, "Görünməyən qəhrəmanlar" sənədli filmlər silsiləsi Vətən müharibəsi dövründə müxtəlif qoşun növlərinin, onların qəhrəman əsgər və zabitlərinin keçdiyi şərəfli döyüş yolundan bəhs edir.
"ANAMA" adlı digər bir film isə işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesini həyata keçirən fədakar oğullarımızın həyatından bəhs edir. Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyovdur. Digər bir film isə Mehmandarovlar sülaləsindən bəhs edir. "Millət naminə" adlanan sənədli filmin rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayevdir. Çəkilişlər kinostudiyanın pavilyonunda və Şuşa şəhərində aparılıb. Mehmandarovlar nəslinin davamçıları çəkiliş prosesi zamanı Şuşada Mehmandarovlar malikanəsini də ziyarət etdilər.
Növbəti filmi Xalq artisti Vaqif
Mustafayev ekranlaşdırıb. "Fikrət
Əmirov" adlanan
film 2022-ci ilin son ayında
nümayiş olunub.
Bədii
film istehsalı barədə
nəzərdə tutulan
planlardan danışan
müsahibimiz vurğuladı
ki, keçən il Qarabağ
mövzusunda tammetrajlı
bədii film ssenari müsabiqəsi elan edilmişdi. Bu müsabiqənin
üç qalibi oldu: Mirsadıq Ağazadənin "Supəri",
Türkan Hüseynin
"Axırıncı palata"
və Nicat Dadaşovun "Zirzəmi"
ssenariləri. Nəzərdə tutmuşuq ki, ən qısa müddətdə hər üç filmi kinostudyanın istehsal planına daxil edək.
Kinostudiyanın direktoru onu da
əlavə etdi ki, bu yaxınlarda
"Start-2023" adlı layihə
müsabiqəsinin qaliblərinin
adları açıqlanıb. Adından da
göründüyü kimi,
tammetrajlı, qısametrajlı
bədii filmlər və qısametrajlı animasiya filmi kateqoriyasında debüt filmlər çəkəcək
yaradıcı şəxslərin
də layihələri
reallaşdırılacaq. Gələcək uğurlu ümid
vəd edir. İnanırıq ki, Azərbaycan
kinosu yeni mərhələyə qədəm
qoyacaq.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.- 13 may.- S.11.