Ənənəvilikdən
müasirliyə gələn yol
Rəssam Aydın Əsgərov 1999-2003-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr, 2003-2005-ci illərdə isə magistr təhsili almışdır. O, 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəngkarlıqla yanaşı, quruluşçu rəssam kimi də fəaliyyət göstərməkdədir.
A.Əsgərovun bədii üslub tərzi çox maraqlıdır, onun kolorit seçimi fovistləri xatırladır, cizgi və formaları isə ekspressionistləri yada salır. Abstrakt sənət nümunələri olduqca emosional, ifadəli və müasir bir biçimdə təqdim olunur. Fiqurativ səhnələri kətan üzərində icra edən rəssamın ən çox müraciət etdiyi qadın obrazlarıdır. Şux çalarlardan cəsarətlə istifadə edən rəssam, rənglərə dərindən bələd olduğundan onları uğurla əks etdirir. Aydın Əsgərovun əsərlərində canlılıq, cəsarət, azadlıq kimi qarışıq auralar hiss olunmaqdadır. Ritmik fırça vuruşları ilə rənglərin intensivliyini vurğulayan sənətkar realizmdən uzaqlaşmağı seçir. Kontrast rənglərin bərabərində, təhrif edilmiş formalar rəssamın innovativ baxış-nöqtəsini özündə ehtiva edir. Ənənəvi baxış bucağını məhv edən bu kompozisiyalar daxili əhvali-ruhiyyəni ustalıqla təmsil edir. Sənətkarın kompozisiyalarında digər əsas ünsür ümumi tarazlıqdır. Sadələşdirilmiş formalar və doymuş rənglər kətanın üzərində diqqətlə öz yerini tapır.
Sənətkar üçün yaradıcılıq müşahidədən başlayır. Toxunduğu mövzular, yaratdığı portretlər, fiqurlar, peyzajlar, marinalar, şəhər mənzərələri və s. olsa da, A.Əsgərov natürmortlara daha çox diqqət ayırır. Fırça ustası sanki, hər dəfə natürmort üçün kompozisiya qurduğunda, ona daxil olan bütün predmetləri "baş rol" kimi görür. Bu natürmort nümunələri abstraksiya və fiqurasiyanın harmonik kombinasiyalarının kətan üzərində təzahür tapmasıdır.
Aydın Əsgərovun "formanın mahiyyətini" ön planda vurğuladığı, natürmort janrında həll etdiyi əsərlərdən biri "Ananasla natürmort" isimli kompozisiyadır. Rəssam burada gerçək görüntüdən ziyadə, formanın mahiyyətini vurğulamaq istəmişdir. Qısa, dalğalı fırça vuruşları, kontrast rənglərin yaratdığı dinamika ilə bərabər şərti cizgilərin və sərt konturun qarşılıqlı əlaqəsinin arxasında tamamlanır.
Rəssamın "Calaq" isimli sənət nümunəsinə nəzər yetirək: burada iki bitki motivinə yer verilmişdir. Bu bitkilərdən biri kaktusdur. Digər bitki ilk baxışdan əzvayı xatırladır. Amma aqava bitkisinə də oxşamaqdadır. Rəssam bu səfər də kontrast rəng seçimlərindən istifadə etmişdir. Arxa fon ağ və qırmızı rəngdən ibarətdir. Kompozisiya qeyri-adi, maraqlı və müasir təəssürat yaradır.
Aydın Əsgərovun yaradıcılığında daha milli nöqteyi-nəzərdən yanaşdığı natürmort nümunələri də vardır. Onlardan biri "Adsız kilimlə" isimli kompozisiyadır. Təzad rəngləri ahəngdar bir şəkildə, ustalıqla kompozisiyada bütünləşdirən sənətkar öz zərif estetika duyumunu izləyicilərə təqdim etmişdir.
Aydın Əsgərovun fiqurativ aspektdən yanaşdığı, daha çox qadın obrazlarına yer verdiyi əsərlər isə optimist əhvali-ruhiyyəyə malikdir. Bu baxımdan rəssamın "Nəvaziş" isimli kompozisiyası olduqca müstəsna nümunələrdəndir. Bu mövzuda onun başqa bir sənət nümunəsi "Ani paxıllıq" isimli tablodur. Burada rəssam həm koloritdə, həm vizual formada, həm də əsas "məna"nın özündə kontrastlar yaratmışdır. Burada ən maraqlı nüans baxımsız, aqressiv və yorğun çöl pişiyinin öz sahibi ilə birgə gəzintiyə çıxan baxımlı və ürkək pişiyə tuşladığı baxışlardır.
Aydın Əsgərovun yaradıcılığında dərin, fəlsəfi görüşlərinin də təcəssümünü görmək mümkündür. Bu mahiyyətli düşüncələr daha çox simvolik biçimdə kətan üzərində öz yerini tapır. Buna misal olaraq "Səs" isimli kompozisiyanın adını çəkə bilərik. Bu həlim, zərif kompozisiyada fleytada ifa edən qadın obrazına yer verilmişdir. Zərif bir şəkildə, nəfis plastika ilə təsvir olunan qadın musiqinin sehrinə qapılmış, gözlərini qapadaraq tamamilə ruh aləminə keçid etmişdir. Burada diqqətçəkən detal arxa fonda göstərilən açıq qəfəs və fleytanın kənarına qonan kiçik quşcuğaz fiqurudur. Bu quş həmin musiqiçi qadının azad ruhunu simvolizə etməkdədir.
Aydın Əsgərovun yaradıcılığında mənzərə janrına da rast gəlmək mümkündür. Məhz onun kimi müasir və innovativ yanaşma tərzinə sahib bir sənətkarın mənzərə əsərləri də ifadəli, qeyri-adi və maraqlıdır. "Haça dağı" isimli peyzaj nümunəsinə diqqət yetirək: Naxçıvanın əzəmətli, təbii abidəsi "İlandağ" kimi də tanınan dağın təsvirini yaradan Aydın Əsgərovun palitrası tamam fərqlidir. Burada rəssam sanki öz duyğularını təbiətin dili ilə uyğunlaşdırmışdır.
Sirli, müəmmalı Bakı Aydın Əsgərov yaradıcılığında önəmli yer tutmaqdadır. Xüsusilə də İçərişəhər motivləri peşəkar rəssamın araşdırıb, kətan üzərində tətbiq etdiyi mövzulardandır. İçərişəhərin qapılarını araşdıran rəssamın bu maraqlı yanaşması "Tanımadığınız İçərişəhər" və "Təkkülbab" əsərlərində öz əksini tapmışdır. "Təkkülbab" isimli kompozisiyada iki fərqli cəftəli qapı görürük. Bu qapı qədim İçərişəhər qapılarındandır. Təkkülbab sözü iki fərqli cəftənin adıdır. Rəzə və ya təm də adlandırılan bu cəftələr Bakının qədim məişət həyatından, tarixindən az da olsa xəbər verir.
Aydın Əsgərov həm də modern və maraqlı posterlərin müəllifidir.
Hərtərəfli bacarığa malik sənətkar Aydın Əsgərovun yaradıcılıq fəaliyyəti müasir kontekstdə inkişaf etməkdə olan Azərbaycan rəngkarlığı üçün gözəl bir nümunədir.
Nigar HƏTƏMOVA,
Azərbaycan
Dövlət Rəsm Qalereyasının kiçik
elmi işçisi
Azərbaycan.-2023.- 13 may.- S.11.