Siyasi ekspert: Ermənistanın hərbi-siyasi rəhbərliyi sülh istəmədiyini bir daha nümayiş etdirir

 

"Azərbaycanın suveren ərazilərinə qarşı həyata keçirilən növbəti hərbi təxribatlarla Ermənistan hərbi-siyasi rəhbərliyi sülh istəmədiyini bir daha nümayiş etdirir".

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli söyləyib.

S.Kərimlinin sözlərinə görə, bu hadisə bir daha sübut edir ki, Ermənistan bölgədə sülhə və təhlükəsizliyə ciddi zərbə vurmaqda maraqlıdır. Ermənistanın baş naziri Nikol Paşinyan hər nə qədər sülh bəyanatları versə də, görünən odur ki, bütün bunlar, sadəcə, ucuz manipulyasiyadır. "Ermənistan ordusunun Azərbaycanla şərti sərhəddə gərginliyi artırması, əraziyə xeyli sayda hərbi texnikasilah-sursat cəmləşdirməsi yeni münaqişə ocağı yaratmağa cəhd kimi qiymətləndirilməlidir. Son saatlarda Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması, bir hərbçimizin ağır yaralanması Ermənistanın təcavüzkar siyasətinin davamıdır", - deyə S.Kərimli diqqətə çatdırıb.

Siyasi şərhçinin fikrincə, rəsmi İrəvan yaxşı başa düşür ki, Azərbaycan həm siyasi, həm də hərbi müstəvidə güclü və qüdrətlidir. Rəsmi Bakı istənilən ssenariyə hazırdır. Sual olunur, belə olduğu halda, düşmən nəyə və kimə güvənir? Cavab sadədir. Havadarlarına, dəstəkçilərinə!!!

Siyasi şərhçi bununla bağlı deyib: "Son danışıqlar prosesində yenə qeyri-konstruktiv mövqe tutan Ermənistan indi də hərbi təxribatlar törətməklə nəyəsə nail olmaq istəyir. Eyni zamanda Ermənistanı dəstəkləyən ölkələr də prosesdən öz maraqları üçün istifadə edir.

Hesab edirəm ki, Azərbaycan Ordusunun cavabları həmişəki kimi, yenə adekvat olacaq və düşmənə sarsıdıcı zərbələr endiriləcək. Beynəlxalq təşkilatlar, xarici siyasi dairələr, xüsusilə də Ermənistana dəstək olan qüvvələr bilməlidirlər ki, Paşinyan hakimiyyətinin hərbi təxribatları yeni müharibəni alovlandıra bilər. İstənilən halda bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür".

 

Azərbaycan.-2023.- 13 may.- S.5.