Ermənistanın pozuculuq fəaliyyətlərinin
qarşısı Azərbaycan dövləti tərəfindən
güzəştsiz şəkildə alınacaq
"Bugünkü müasir Azərbaycanın əldə etdiyi uğurların arxasında Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti dayanır. Milli-mənəvi dəyərlər və tarixlə buxovlanmış azərbaycançılıq ideyası məhz Ümummilli Lider tərəfindən işlənərək bizlərə əmanət edilib. Bu ideologiyanın başlıca uğuru isə İkinci Qarabağ müharibəsində iştirak edən azərbaycanlı gənclərin məhz bu düşüncə əsasında böyüməsi olub. Vətənə xidmət, dövlətə sədaqət və xalqa etimad kimi elementlərlə zəngin olan Heydər Əliyev siyasəti və azərbaycançılıq məfkurəsi bu gün Azərbaycanı yeni üfüqlərə və uğurlu perspektivlərə aparır".
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.
O qeyd edib ki, milli neft strategiyası, iqtisadi inkişaf, ordu quruculuğu və sosial təminat kimi vacib sahələrin təməlində Ulu Öndər Heydər Əliyevin titanik əməyi dayanır. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla icra edilir. 2003-cü ildən bu günə qədər əsası Ümummilli Lider tərəfindən qoyulmuş siyasi sütunlar əsasında Azərbaycan hər bir sahədə nəzərəçarpacaq uğurlar əldə edərək, yeni strateji hədəfləri özü müəyyənləşdirir.
"2020-ci ildə qazanılmış zəfər Ali Baş Komandanın məhz Heydər Əliyevə məruzəsi ilə öz təsdiqini tapmış oldu. Azərbaycanın gözü olan Şuşanın işğaldan azad edilməsinin müqəddəs vəzifə və Ümummilli Liderin vəsiyyətinin icrası kimi qəbul edilməsi heç də təsadüfi deyil. Məhz Heydər Əliyev Qarabağın azad olunması istiqamətində əsas konturları və xarici siyasət konsepsiyasını müəyyən edib. Bu gün Azərbaycanı Avropa üçün etibarlı və cəlbedici tərəfdaş qismində tanıdan da məhz Ümummilli Liderin müəllifi olduğu neft strategiyasıdır. Ölkəmizin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması, "Azəri Light" brendinin dünya birjalarında yer alması da Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan cəmiyyətində vəhdətin, birliyin, tolerantlığın və humanizm prinsiplərinin yaranması Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi ilə birbaşa əlaqəlidir. Ötən əsrin 70-80-ci illərindən başlayan irimiqyaslı sənaye quruculuğu bu gün öz əksini Qarabağda aparılan yenidənqurma və bərpa işlərində tapır. Bir vaxtlar Qarabağda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş bir sıra infrastruktur obyektləri indi Prezident İlham Əliyevin başçılığı ilə yenidən müasir görkəm alır", - deyə A.Əliyev vurğulayıb.
Politoloq bildirib ki, Azərbaycan mədəniyyətinin hamisi rolunda çıxış edən Heydər Əliyevin tarixi ənənələri bu gün uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin əsas xətlərindən biridir.
O əlavə edib ki, regionda güc və söz sahibi olan Azərbaycan qeyd olunanlar fonunda heç bir zaman bu gücü və sözü kölgələmək istəyən qüvvələrə imkan verməyəcək. Azərbaycanın daxili işləri heç bir qüvvənin müzakirə mövzusu ola bilməz. İşğalçı və terrorçu dövlət olan Ermənistan və onun havadarlarının müxtəlif məzmunlu pozuculuq fəaliyyətlərinin qarşısı qüdrətli Azərbaycan dövləti tərəfindən güzəştsiz şəkildə alınacaq. Bunun üçün Azərbaycanın real siyasi, iqtisadi və hərbi qüdrəti var.
"Son bir
ay ərzində Azərbaycanın bölgədə
yaratmış olduğu reallıq sayəsində
yeni geosiyasi vəziyyət
müşahidə edilir. Bu
da Azərbaycan tərəfindən təklif
olunmuş sülh
gündəliyinin daha da
real şəkildə yerdə
implementasiyasını zəruri edir. Yeni reallıq Ulu Öndərin
müəyyənləşdirdiyi siyasi kursun əsas istiqaməti kimi
Azərbaycanın müasir dünyada və beynəlxalq münasibətlər
sistemində qüdrətli və etibarlı siyasi
aktor olmasını şərtləndirib",
- deyə politoloq vurğulayıb.
Azərbaycan.-2023.- 13 may.- S.5.