Proksi
müharibələr mövzusunda ilk beynəlxalq konfrans təşkil
olunub
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə 20-dən çox xarici ölkənin təhlükəsizlik və kəşfiyyat orqanlarının nümayəndələrinin təmsil olunduğu “Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə” mövzusunda Bakı Təhlükəsizlik Forumu keçirilib.
Dövlət
Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, giriş nitqi ilə tədbiri
açıq elan edən Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev
qonaqları səmimi salamlayaraq Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin konfrans
iştirakçılarına müraciətini səsləndirib,
ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsinin
əhəmiyyətinə toxunaraq bu təşəbbüsün
reallaşmasında göstərdiyi dəstəyə görə
dövlət başçısına dərin təşəkkürünü
bildirib.
General-polkovnik
Əli Nağıyev yeni nəsil müharibə üsulu olan və
birbaşa hərbi güc tətbiqini istisna edən proksi
müharibələrin ölkələrin təhlükəsizliyinə
nüfuz və ya təsir etmə vasitəsi olduğunu, proksi
şəbəkələrin fəaliyyətinin bəzi
terrorçu qruplar, radikal-ekstremist və separatçı
qüvvələr tərəfindən dövlətlərdə
mövcud sabitliyin pozulmasına yönəlmiş təxribat
xarakterli əməllər - terror aktları, əhali
arasında qorxu və vahimə yarada bilən digər cinayət
hadisələri törətmək, insanlar arasında nifrət,
düşmənçilik hisslərini aşılamaq,
kibercinayətkarlıq və s. formada təzahür etdiyini nəzərə
çatdırıb.
Proksi
qrupların pozuculuq fəaliyyətinin doğurduğu təhdidlərlə
mübarizədə ölkələrin səylərinin birləşdirilməsinin
vacibliyinə diqqət çəkən general-polkovnik Əli
Nağıyev Bakı Təhlükəsizlik Forumunun bunun
üçün uğurlu başlanğıc olacağına,
konfrans çərçivəsində aparılacaq müzakirələrin,
veriləcək təkliflərin birgə əməkdaşlığın
səmərəli təşkilinə əlverişli zəmin
yaradacağına inamını ifadə edib.
Ardınca proksi şəbəkələrdən bəhs edən videoçarx nümayiş olunub, sonra xarici nümayəndə heyətlərinin rəhbərlərinin tədbirin mövzusu ətrafında geniş məruzələri, beynəlxalq təhlükəsizlik sisteminin üzləşdiyi mənfi təzahürlərlə bağlı çıxışları dinlənilib. Onlar müasir dövrün aktual problemlərindən olan proksi şəbəkələrin destruktiv fəaliyyətinə həsr olunmuş tədbirin beynəlxalq səviyyədə vacibliyindən söhbət açaraq həmin mövzuda ilk dəfə keçirilən tədbirin təhlükəsizlik sahəsində dövlətlərarası münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminliklərini bildiriblər.
Sonda beynəlxalq konfransın bütün
iştirakçılarının mövqeyini
əks etdirən Bəyannamənin ilkin
variantı rəy və təkliflərin alınması üçün tərəfdaş ölkələrə
təqdim olunub, habelə Azərbaycan təhlükəsizlik
orqanlarının fəxri və əbədi rəhbəri, mənalı
ömrünün böyük
hissəsini bu orqanlarda
xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyevin əziz
xatirəsinə ehtiram əlaməti olaraq təsis edilmiş müvafiq Forumun gələcəkdə
də keçirilməsi qərara alınıb.
Azərbaycan.-2023.- 13 may.- S.3.