İsveçli səyyahlar Laçında görülən işlərə heyran qalıblar

 

İsveç səyyahlar qrupunun işğaldan azad edilmiş ərazilərə səfəri davam edir. Füzuli-Xocavənd-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edən səyyahların növbəti dayanacaq yeri mayın 12-də Laçın olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qrupa “Club 100”un İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir. İsveçdən gəlmiş heyətə 30-dan çox beynəlxalq səyahətçi daxildir.

Laçına gələn səyyahlar şəhərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Məlumat verilib ki, otuz ilə yaxın işğal altında qalan Laçın erməni vandalizminə məruz qalıb, evlər, tarixi tikililər və abidələr dağıdılıb. Lakin işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada genişmiqyaslı tikinti işlərinə başlanılıb və bu gün də işlər sürətlə davam etdirilir.

Səyyahlar Laçın şəhərində bərpa edilmiş evlərə və digər tikililərə baxış keçiriblər. Daha sonra nümayəndəlik tərəfindən Laçının rəmzi xüsusiyyətlərini özündə əks etdirən hədiyyələr təqdim olunub.

Qonaqlar Laçında qısa vaxtda görülən işlərə heyran qaldıqlarını bildirib, işlərin yüksək zövqlə aparıldığını bildiriblər. Həmçinin Laçının gözəl təbiətinin, saf havasının bu yerlərin böyük turizm potensialından xəbər verdiyini söyləyiblər.

Bu səfər azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki ReelsKlubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, biri isə 2023-cü ildə reallaşdırılıb. İsveçdən olan səfər bu qəbildən olan sayca 7-ci səfərdir.

Bu səfərlər çərçivəsində 200-dən çox dünyada tanınan səyyah Qarabağ və Şərqi Zəngəzurla yerində tanış olublar.

 

Azərbaycan.-2023.- 13 may.- S.7.