“Bakı
Ürək Günləri”
VIII Beynəlxalq Konqresinin
iştirakçılarına
Hörmətli Konqres
iştirakçıları!
Sizi – Azərbaycan
kardioloqlarını, kardiocərrahlarını
və müxtəlif ölkələrdən paytaxtımıza
gəlmiş alimləri
“Bakı Ürək Günləri” VIII Beynəlxalq
Konqresinin öz işinə başlaması
münasibətilə səmimi-qəlbdən
salamlayır, gələcək
fəaliyyətinizdə hər
birinizə müvəffəqiyyətlər
arzulayıram.
Builki Konqresin xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır.
Ulu Öndər ölkəmizdə səhiyyə
sisteminin təkmilləşdirilməsi
və dünya standartları səviyyəsində
qurulması işini daim diqqətdə saxlamışdır.
Azərbaycan səhiyyəsinin
ötən dövr ərzində keçdiyi yol təbabətin sürətlə irəliləyən
sahələrindən biri
kimi kardiologiya elminin mühüm nailiyyətlərinin tətbiqinə,
ürək xəstəliklərinin
müasir terapevtik və cərrahi üsullarla müalicəsinin
təmin olunmasına əlverişli şərait
yaratmışdır. Nüfuzlu
kardioloji mərkəzlərdə
gerçəkləşdirilən ən çətin əməliyyatların hazırda
yeni nəsil həkimlərimizin fəaliyyəti
sayəsində uğurla
keçirilməsi qürur
hissi doğurur.
Ənənəvi “Bakı
Ürək Günləri”
Beynəlxalq Konqresinin
kardiologiya və ürək-damar cərrahiyyəsinin
inkişafında özünəməxsus
rolu vardır. Bu sahə ilə
bağlı geniş fikir mübadiləsinin aparılacağı tədbirinizdə
dünyanın mötəbər
tibb qurumlarını təmsil edən görkəmli kardioloq alim və cərrahların
iştirakı Konqresinizin
qazandığı yüksək
etimadın göstəricisidir.
Beynəlxalq təcrübədən
qarşılıqlı surətdə
lazımınca faydalanmaqla
kardiologiyanın aktual
məsələlərinin həllinə
yönəlmiş birgə
səylərinizin səmərəli
olacağına inanıram.
Ümidvaram ki,
böyük elmi və elmi-praktiki əhəmiyyətə malik
bu Konqres azərbaycanlı mütəxəssislərin
öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək,
yüksəkixtisaslı kadr
hazırlığına, kardiologiyanın,
ürək-damar cərrahiyyəsinin
və ümumilikdə
tibb elminin inkişafına töhfələr
verəcəkdir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 may 2023-cü il
Azərbaycan.-2023.- 21 may.- S.1.