Türkiyə
güclənir, müttəfiqlərini
də gücləndirir
Türkiyənin ən
böyük aviasiya, kosmos və texnologiya festivalı olan "TEKNOFEST" bu il də
İstanbulda uğurla
təşkil olunmuşdu.
Bu tədbir qardaş ölkənin Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzinə çevrildiyini, gündən-günə
beynəlxalq önəminin
daha da artdığını
göstərdi. Malik olduğu güclü sənayenin Türkiyəni
gücləndirdiyi kimi
bu qüdrətli dövlətin müttəfiqlərinin,
o cümlədən strateji
müttəfiqi olan Azərbaycanın da gücünə güc qatdığını nümayiş
etdirdi.
Azərbaycan Prezidenti
İlham Əliyev bu məqamı çıxışında xüsusi
vurğuladı: "Türk
Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır.
Türkiyənin müdafiə
sənayesi bu gün bütün dünya tərəfindən
qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər
bundan sonra Türkiyənin təhlükəsizliyini
təmin edəcəkdir".
Son 20 il ərzində Türkiyə
misilsiz inkişafa nail
olub. Qətiyyətli və məqsədyönlü
qərarların verilməsi
sayəsində Türkiyə
dünya miqyasında lider ölkələrdən
birinə çevrilib.
Bir çox qlobal məsələdə rəsmi
Ankaranın mövqeyi
mütləq nəzərə
alınır, dünya
gücləri bu dövlətlə hesablaşır,
Türkiyənin söz
sahibi olduğu hər məqamda görünür. Bu baxımdan
Türkiyə bölgədə
sülhün, sabitliyin,
təhlükəsizliyin mühüm
qarantıdır.
Qardaş ölkə
türk dünyasının
birləşməsi istiqamətində
də mühüm addımlar atır. Türkdilli ölkələrin
birliyi, müxtəlif
sferalarda qarşılıqlı
əməkdaşlığı, bir-birinə dəstəyi
istiqamətində görülən
işlərlə son onilliklərdə
Azərbaycan və Türkiyə türk dünyasının əsas
birlik və əməkdaşlıq mərkəzlərinə
çevrilib. Türk dünyası geniş coğrafiyanı, yüksək
potensialı, zəngin
təbii qaynaqları,
eləcə də böyük hərbi gücü özündə
birləşdirir. Bu ölkələr
arasında əldə olunmuş əməkdaşlıq
mühiti inkişaf etdirilərsə, daha da dərinləşdirilərsə,
dünyamızda sülhün, təhlükəsizliyin,
inkişafın, insanların rifah və xoşbəxtliyinin təmin
olunması üçün çox böyük bir imkan
yaranar. XXI əsrin türk əsrinə çevrilməsi,
Türk Dövlətləri Təşkilatının bəşəriyyətin
gələcəyi ilə ali niyyətlərinin
reallaşması zaman-zaman münaqişələrdən,
müxtəlif ziddiyyətlərdən əziyyət çəkən
dünyamızda xoş bir nizam yaradar.
Azərbaycan və
Türkiyə müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlara
imza atır
Dövlət rəhbərimiz
Azərbaycanda "Bayraktar" mərkəzinin
yaradılması haqqında razılığın əldə
olunduğunu bildirdi. Yaxın gələcəkdə ölkəmizdə
belə bir mərkəz təşkil ediləcək və
burada təhsil və xidmətlə yanaşı, istehsal da həyata
keçiriləcək.
Builki
"TEKNOFEST"in bir özəlliyi də bunda idi ki, burada
"Baykar" şirkətinin öz imkanları hesabına inkişaf
etdirdiyi ''Bayraktar Kızılelma'' pilotsuz milli döyüş
təyyarəsi, "Anadolu" adlı çoxfunksiyalı
amfibiya tipli döyüş gəmisi, həmçinin
Türkiyə istehsalı olan yeni nəsil "Altay"
tankı və qardaş ölkənin bu yaxınlarda
istehsalına başladığı "Togg" avtomobilləri
də nümayiş etdirilirdi. Azərbaycan Prezidenti bu məqama
xüsusi diqqət yönəldərək ümid etdiyini
bildirmişdi ki, yaxın gələcəkdə
"Kızılelma" Azərbaycanın səmasında da
olacaq: "Kızılelma" havada, "Altay" və
"Togg" quruda, "Anadolu" dənizdə -
bugünkü Türkiyə budur", - deyə dövlət rəhbərimiz
xüsusi vurğulamışdı.
Verilən məlumatlara
görə, bu gün Türkiyə NATO üzvü olan ölkələr
arasında ABŞ Silahlı Qüvvələrindən sonra ən
böyük ikinci hərbi gücdür və NATO-nun nüvə
paylaşma siyasətinin bir hissəsi olan beş ölkədən
biridir. Hazırda ölkənin müdafiə sənayesinin
inkişafı, hərbi qüdrətinin artırılması
istiqamətində mühüm proqramlar uğurla həyata
keçirilir. Qardaş ölkə müdafiə
imkanlarını 80 faiz öz məhsulları ilə təmin
edir. Türkiyə öz SİHA-ları (silahlı pilotsuz uçuş
aparatları) ilə dünyada ilk üç dövlətdən
biridir. Bu isə böyük güc, qüdrət deməkdir.
Prezident İlham
Əliyev xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan
dövlətinin banisi və qurucusu Heydər Əliyevin
Türkiyə və Azərbaycan münasibətləri
haqqında məşhur kəlamını yada
salmışdı: "Heydər Əliyev demişdir:
Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir.
Bu gün biz bunu sübut edirik. Bu gün bütün
atalarımızın, əcdadlarımızın ruhu
şaddır. Çünki Türkiyə və Azərbaycan
bir yerdədir. Atam demişkən, "Bir millət, iki
dövlət", əlavə də etmək istəyirəm,
"Bir yumruq!"
Münasibətlərdə
yeni səhifə
Azərbaycan
Prezidentinin bu fikirləri tarixi reallıqlara əsaslanır.
Ölkələrimiz xoş günlərdə də, sınaq
anlarında da daim bir-birinin yanındadırlar, bir-birinə həyandırlar.
Türkiyə Azərbaycanın haqq mövqeyini daim dəstəkləyib.
Qlobal nüfuzu, qüdrəti ilə bizə ruh verib. Bunu
44 günlük Vətən
savaşında bir daha duyub hiss etdik. İkinci Qarabağ
savaşının ilk dəqiqələrindən son dəqiqələrinə
qədər qardaş ölkə hər an bizim
yanımızda oldu. Verilən açıqlamalarla, mesajlarla Azərbaycanı
birmənalı dəstəklədi. Azərbaycanın tək
olmadığını, Türkiyənin yanımızda
olduğunu göstərdi və bu, müxtəlif üsullarla
bizim haqq savaşımızı əngəlləmək istəyənlərə,
yolumuzdan döndərməyə cəhd edənlərə
mesaj olmaqla xalqımıza əlavə güc verdi,
böyük ruh bəxş etdi.
Vətən
müharibəsindən az sonra, iki il əvvəl
Qarabağın tacı Şuşada Azərbaycan və
Türkiyə arasında Şuşa Bəyannaməsinin
imzalanması isə münasibətlərimizdə yeni bir səhifə
açdı. Azərbaycan və Türkiyə münasibətləri
rəsmən strateji müttəfiqlik səviyyəsinə
yüksəldi. "O tarixi bəyannamənin Qarabağın
tacı olan Şuşada imzalanmasının xüsusi önəmi
var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir,
türk dünyasının əziz şəhəridir.
Şuşanın işğaldan azad edilməsi nəticəsində
Azərbaycan öz ərazi bütövlüyünü bərpa
etmişdir. Türkiyə, onun Cümhurbaşqanı,
qardaş türk xalqı daim bizim yanımızda idi", -
deyə Azərbaycan Prezidenti çıxışında bəyan
etdi.
Azərbaycan
xalqı dostluğun və qardaşlığın nə demək
olduğunu göstərdi
Bu ilin fevralında
Türkiyənin ayrı-ayrı bölgələrində
baş vermis dəhşətli zəlzələ zamanı Azərbaycanın
qardaş ölkəyə yardıma tələsməsi,
Türkiyəyə ilk və ən çox kömək
göstərən ölkələrdən olması, bu təbii
fəlakətin Azərbaycan cəmiyyətində
yaratdığı narahatlıq, təşkil edilən
yardım kampaniyaları, vətəndaşlarımızın
o ağır günlərdə qardaş Türkiyəyə
kömək üçün nələrsə etmək istəyi
ilə atdıqları addımlar Azərbaycan-Türkiyə
qardaşlığının bütün rəsmi səviyyələri,
siyasi-diplomatik münasibətləri də adlayaraq ruh səviyyəsinə
keçdiyini, Azərbaycan-Türkiyə sevgisinin hər iki
qardaş ölkədə insanların içindən, qəlbindən
gəldiyini göstərir. Bu mənada Azərbaycan dövlətinin
zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində
min evdən, məktəb, məscid və digər infrastruktur
obyektlərindən ibarət şəhər kompleksinin
inşasına qərar verməsi, "TEKNOFEST" çərçivəsində
onlayn rejimdə kompleksin təməlinin qoyulması ürəyimizdən
xəbər verdi.
Azərbaycan
Prezidentinin "TEKNOFEST" festivalında
iştirakının, dövlət rəhbərimizin
çıxışının Türkiyə mediasında
geniş işıqlandırılması da qardaş ölkədə
Azərbaycana olan xoş münasibətdən, Prezident
İlham Əliyevin lider kimi şəxsiyyətinə, gələcəyə
baxışına böyük maraqdan irəli gəlir.
Gələcəyə
doğru birlikdə
Gələcək
texnoloji inkişafdan çox asılıdır. Belə bir
reallığı və perspektivi hər birimiz gündəlik
həyatımızda duyub hiss edirik. Bu baxımdan
"TEKNOFEST" sadəcə Türkiyə üçün
deyil, regional və beynəlxalq təsirləri ilə Azərbaycan
və digər ölkələr üçün də
çox böyük önəm daşıyır. Bu,
bütün dünyada aerokosmik və texnologiya sahələrinin
inkişafına və texnologiya tətbiqlərinə həsr
olunmuş dünyanın ən böyük festivalıdır.
Bu festival Türkiyədə hər il keçirilir və
dünya texnologiya sektorunun ən maraqlı yeniliklərini bir
araya gətirir.
"TEKNOFEST"
ölkələr üçün texnologiya
inkişafını müzakirə və tətbiq etmək
baxımından bir platformadır. Gənclərin texnologiyaya həvəsləndirilməsi
və bu sahədə qabaqcıl təcrübələrini təqdim
etməsi də festivalın əsas üstünlüklərindəndir.
"TEKNOFEST"
öz məqsədinə uyğun olaraq tələbələr,
mütəxəssislər, texnologiya sənayesində fəaliyyət
göstərənlər və şirkətlər arasında əlaqələrin
qurulmasına imkan yaradır. Həmçinin bütün
dünyada texnologiya sahəsində inkişaf etmək istəyən
startaplar və şirkətlər üçün geniş
üfüqlər açır.
Möhtəşəm
tədbir texnologiya və aerokosmik sahələrdə
inkişaf etmək istəyən hər kəs
üçün mühüm bir platformadır. Festival
inkişaf etmiş texnologiya sənayesinə sahib ölkələr
arasında təcrübə mübadiləsini və
inkişaf sahələrində əməkdaşlığı
mümkün etməklə, texnologiya dünyasında fəaliyyət
göstərən insanlar arasında əlaqələrin
qurulmasına imkan verir, onları bir araya gətirir. Beləliklə,
iştirakçılar texnologiya sahəsində məlumatlı
olur, yenilikləri izləyir və texnoloji inkişafları izləyən
ölkələr sırasında olmağa
çalışırlar.
Bir fakt xüsusi
qeyd olunmalıdır ki, Türkiyədə hər il
keçirilən "Teknofest" festivalında müdafiə
sənayesi yeni silahlar, texnikalar təqdim edir. İstanbul şəhərində,
Atatürk Hava Limanında Türkiyənin
Havaçılıq, Kosmos və Texnologiya Festivalı -
"Teknofest-2023"də də bu hal yaşandı. 102 fərqli
kateqoriyada 41 yarış üzrə
1 milyondan
çox layihənin iştirak etdiyi festivalda "Bayraktar
Kızılelma", "Bayraktar Akıncı" və ilk dəfə
olaraq "Bayraktar-TB3" pilotsuz uçuş aparatları
ziyarətçilərə təqdim olundu. Ölkənin quru
qoşunları da hər cür müasir müdafiə sistemləri
ilə təchiz edilib. Belə ki, quru qoşunlarının
bazasına milli imkanlarla istehsal edilən "Yeni Altay"
tankları daxil olub. Bu tank ilk prototipindən fərqli olaraq müasir
döyüş şərtlərinə uyğun olaraq yenilənib.
Bu festival
xüsusilə gənclərə və tələbələrə
texnologiya sahəsində karyera qurmaq fürsətləri
yaradır. Müsabiqələr, seminarlar və digər belə
tədbirlər iştirakçılara öz
bacarıqlarını artırmağa və texnoloji inkişafın
önündə irəliləməyə yol açır.
Beləliklə,
"TEKNOFEST" Azərbaycan və digər ölkələr
üçün texnoloji inkişaf proseslərini yaxından
izləmək və öz texnoloji inkişaflarını
müasir trendlərə uyğunlaşdırmaq, bu sahədə
əməkdaşlıqları inkişaf etdirmək
üçün çox mühüm imkandır.
Onu da qeyd edək
ki, ötən il mayın 26-29-da
"TEKNOFEST" ilk dəfə Türkiyədən kənarda
- Azərbaycanda keçirildi. "TEKNOFEST Azərbaycan"ın
açılış mərasimində Nobel mükafatı
laureatı Əziz Səncər də iştirak edirdi.
"TEKNOFEST Azərbaycan" festivalını ümumən
300 minə yaxın insan ziyarət etmiş, festival çərçivəsində
üç beynəlxalq tədbir və səkkiz texnoloji
müsabiqə təşkil olunmuşdu. Həmin müsabiqələrdə
5 mindən çox gəncin formalaşdırdığı
1000-dən çox komanda yarışmışdı.
İstanbulda
keçirilən "TEKNOFEST"
festivalı da Azərbaycan və Türkiyənin hər zaman
bir yerdə olduğunu, bütün dünya üçün
birliyin, bərabərliyin mükəmməl örnəyini
yaratdığını, ortaq keçmişdən ortaq gələcəyə
doğru böyük yolda bərabər irəlilədiyini
növbəti dəfə sərgilədi.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2023.- 21 may.- S.5.