Qərbi Azərbaycan İcmasının
UNESCO-nun Baş direktoruna ünvanladığı
məktub BMT-nin rəsmi sənədi kimi yayılıb
Birləşmiş Millətlər
Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının
UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı
məktubu BMT Təhlükəsizlik
Şurasının, Baş
Assambleyasının və
İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.
Bu barədə
"Report"a icmanın
sözçüsü Ülviyyə
Zülfiqar məlumat verib.
O qeyd edib ki, icmanın rəhbər heyətinin, Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və
incəsənət xadimlərinin,
şair və yazıçıların imzaladığı
müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adı çəkilən
əsas orqanların gündəliyinin silahlı
münaqişələrin qarşısının
alınması, sülh
quruculuğu, qaçqınların
hüquqlarının qorunması,
irqi ayrı-seçkiliyin
aradan qaldırılması,
insan hüquqlarının
təşviq olunması,
soyqırımının, etnik
təmizləmənin və
insanlığa qarşı
cinayətlərin qarşısının
alınmasına dair bəndləri altında yayılıb.
İcmanın sözçüsü
bildirib ki, sözügedən müraciətin
BMT-nin rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycanda dağıdılan
mədəni irsimizlə
bağlı məsələnin
beynəlxalq gündəliyə
gətirilməsində mühüm
rol oynayan bir addımdır.
“Bu sənədin
yayılması ilə
həm də BMT-yə üzv dövlətlər indiki Ermənistan ərazisində
məhv edilmiş və ya başqa
ölkələrə məxsusmuş
kimi təqdim edilən irsimiz barədə daha ətraflı məlumat almış olur. Mədəni hüquqların,
yəni, bütün müxtəlifliyi ilə insan yaradıcılığının
və onun həyata keçirilməsi,
inkişaf etdirilməsi,
əlçatan edilməsi,
qorunub saxlanılması
və mühafizəsi
üçün şəraitin
təmin edilməsi bizim əsas hüquqlarımızın ayrılmaz
bir hissəsidir”, - Ü.Zülfiqar vurğulayıb.
Qeyd etmək yerinə düşər ki, sözügedən müraciətdə icma üzvləri Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlıqlarını ifadə etməklə Azərbaycan ictimaiyyətinin UNESCO-ya əvvəlki müraciətlərini təkrarlayaraq, Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətinin monitorinqi üçün buraya faktaraşdırıcı missiya göndərməsini bir daha xahiş etmişdi. Bu artıq Qərbi Azərbaycan İcmasının BMT-də yayılan üçüncü rəsmi sənədidir. Bu ilin yanvar ayında İcmanın Beynəlxalq ictimaiyyətə müraciəti, mart ayında isə Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılmışdı.
Azərbaycan.-2023.- 21 may.- S.2.