Amerikadan qızıl medalla qayıtdı
İlk dəfə
onu görəndə Amerikada keçirilən olimpiadadan yenicə qayıtmışdı. Təhsil
aldığı məktəbin
müəllim kollektivi,
sinif yoldaşları,
dostları onu sevinclə qarşılayıb,
gül-çiçəyə bülənd etmişdilər.
Güllərin arasından
zərif bir çiçək kimi boylanan Qəndab "Uğurlarım üçün
ilk növbədə müəllimlərimə borcluyam.
Bu tək mənim yox, məktəbimizin, valideynlərimin
bütövlükdə Azərbaycanımızın
uğurudur", - dedi.
Sadə, zərif,
istiqanlı və olduqca səmimi olan bu gənc
qızın içində
Azərbaycan boyda bir vətən sevgisi olduğunu duymamaq mümkün deyil. İstedadı, biliyi, zəkası ilə Azərbaycanı dünyaya tanıtdıran
Qəndab Məmmədova
ilə bir qədər yaxından tanış olaq.
Q.Məmmədova Bakı
şəhər 279 saylı
məktəbin 11-ci sinif
şagirdidir. O, kiçik
yaşlarından öyrənməyə
və hansısa problemi həll etməyə daha çox meyilli olub. Fizika, astronomiya,
riyaziyyat fənlərinə,
eləcə də proqramlaşdırma dillərinə
böyük həvəs
göstərib. O, 9-cu sinifdə
ilk dəfə respublika olimpiadasında fizika fənni üzrə qalib oldu. Fizika fənni
üzrə olimpiadada iştirak edən qızların sayı az olsa da, həvəsdən düşmədi, hətta
bu, onun üçün bir stimula çevrildi. Qəndab deyir ki, elmdə zəriflik olmur, zəiflik olur. Böyük amallar uğrunda çalışırsansa,
zəif olmamalısan.
Nəticədə 10-cu sinifdə
yenə respublikada riyaziyyat-fizika olimpiadasında
(fizika fənni üzrə) gümüş
medala sahibləndim. Getdikcə maraq dairəm məni astronomiyaya apardı. Elə həmin il respublika astronomiya
olimpiadasından qızıl
medal alaraq İOAA-da (Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında) Azərbaycanı təmsil
edən 5 üzvdən
biri oldum. Daha sonra İPHO 2022-ə
(Beynəxalq Fizika Olimpiadasına) seçilən
ilk azərbaycanlı qız olaraq daha bir uğura
imza atdım.
Qəndab öz
üzərində çalışmağı
çox sevir. Deyir ki, fizika
ilə astronomiya bir ailənin iki üzvü kimi doğma elmlərdir. Bunları yaxşı bilənin üzünə elmin gücü ilə digər qapıları da açmaq olur. Elə Qəndab da bekar durmayıb. Olimpiadada qızıl medala sahib olandan
sonra həmin ilin yayında əlavə məşğuliyyət
kimi c++ proqramlaşdırma
dilini öyrənməyə
başlayıb.
İnsana xas olan bir çox
şey fərdidirsə,
elm fərdi deyil. Gərək ondan bəhrələnib xalqına, vətəninə
pay verəsən. Elmin nuru ilə
işıq salmağı
bacarasan. Elə bu məqsədlə də fizikanı geniş audiotoriyada uşaqlara sevdirmək üçün "Gələcəyin
dahiləri" layihəsi
adı altında yutub kanalında fizikaya aid olimpiada
suallarının izahlı
həllərini paylaşmağa
başlayır. Hazırda
həmin kanalı (Qəndab & Mehdi) qardaşı Mehdi ilə birlikdə idarə edir. Məqsəd şagirdlərdə
texniki fənlərə
qarşı marağın
artırılması və
hər bir azərbaycanlı şagirdə
olimpiada dərslərini
əlçatan etməkdir.
Qəndab Məmmədovanın
son iştirak etdiyi olimpiada ABŞ-nin Texas ştatı, Hyuston şəhərində
Rice Universitetində təşkil olunmuş
Global Copernicus Olympiad Amerika olub. Xatırladaq
ki, bu mötəbər
olimpiadada ölkəmizin
yeganə təmsilçisi
də Qəndab olub. O deyir ki,
olimpiada müddətində
NASA və Rice
University kimi dünyaca
məşhur məkanları
görmək, fərqli
mədəniyyətlərlə yaxından tanış olmaq, düşünürəm
ki, mənə çox şey verdi. Bir həftə
ərzində çox
təcrübə qazandım,
sonda fizika və astronomiya fənləri üzrə imtahan verərək dünya üzrə öz kateqoriyamda top 3-lüyə (1-ci yer) düşərək qızıl
medala layiq görüldüm. Doğrusu,
bunu öyrəndiyim an Vətənim üçün az da olsa nə
isə etdiyimə görə özümü
çox xoşbəxt
hiss etdim. İndi düşünürəm
ki, əsl uğurlu insan daim araşdıran, sahəsinə sonsuz məhəbbəti olan və hər zaman hər andan faydalanan, axtarışda
olan insanlardır. Məqsəd bircə dəfə nəyi isə əldə etməkdirsə, onun üçün min dəfə cəhd etməkdən qorxmamalıyıq!
Qızıl medal
mükafatçısı Qəndab
Məmmədova bizimlə
söhbətində gələcək
planlarından da danışdı: "Hazırda
"Gələcəyin dahiləri"
layihəsinin inkişafı
üçün çalışıram.
Eyni zamanda İT sahəsində də müxtəlif layihələrə
müraciət edirəm.
Bu yaxınlarda Baku American Center-in keçirdiyi "Gələcəyini
Proqramlaşdır" proqramı
çərçivəsində müraciət etdiyim layihədən müsbət
cavab alaraq ödənişsiz dərslərə
qoşulmaq imkanı qazanmışam. Onu da deyim ki,
"Azercosmos"un dəstəyi
ilə Azərbaycanda ilk dəfə keçirilən "Space Generation"a
spiker olaraq dəvət olunmuşam. Bundan sonra isə
hər il beynəlxalq səviyyədə
keçirilən, bu il isə Bakıda
baş tutacaq NASA, SpaceX kimi şirkətlərin
iştirak etdiyi
İAC-ə (Beynəlxalq Astronovtika Konqresinə) abstrakt 95 ölkədən 3532 məqalə
arasından seçilmiş
yazımıza görə
dəvət almışıq.
İndi atdığımız
addımlar gələcəkdə
bizim kim olacağımızı müəyyənləşdirir,
bu səbəbdən daim "öyrədərək
öyrənmək"dir məqsədim".
Qəndabın uğurlarına
sevinməmək olmur.
Hiss edirik ki, bu, hələ uğurların başlanğıcdır. Ümid
edirik ki, daha çox yazılacaq səhifələr
hələ qarşıdadır.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
21 may.- S.7.