BTC Avrasiya məkanındakı analoji
kəmərlərdən unikallığı
ilə seçilir
2005-ci ilin mayında bu boru xəttinə
ilk neft vurulmuşdur
Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan
(BTC) əsas ixrac boru kəmərinə Səngəçal terminalından
ilk neftin vurulmasından
18 il keçir. 25 may 2005-ci il həm də BTC-nin Azərbaycan hissəsinin istifadəyə
verildiyi gündür.
Bütün regionun həyatı üçün
mühüm əhəmiyyət
daşıyan bu hadisə ilə bağlı Bakıda və Səngəçalda
keçirilən tədbirlərdə
Azərbaycan Prezidenti
İlham Əliyevlə yanaşı,
Türkiyənin, Gürcüstanın
və Qazaxıstanın
dövlət başçıları
da iştirak etmişdilər.
İllər keçdikcə BTC
daha böyük
əhəmiyyət kəsb
edir. Əvvəla ona görə ki, təkcə
ölkəmizə deyil, bütün regiona gəlir, xeyir-bərəkət
gətirir. Kəmər istismara veriləndən sonrakı illərdə
ölkəmiz böyük həcmdə valyuta ehtiyatları əldə
edib. Azərbaycan dövləti bu ehtiyatlardan səmərəli
istifadə edərək onları ölkənin əsas
inkişaf istiqamətlərinə yönəldib.
BTC-nin bir əhəmiyyəti
də ondan ibarətdir ki, özündən sonra neçə-neçə
digər layihəyə yol açıb. Başqa sözlə,
BTC-dən başlanan yol geniş dəhlizlərə
qovuşub. BTC haqlı olaraq dünya enerji təhlükəsizliyinin
əsas elementlərindən biri sayılır.
BTC-ni
üçüncü minilliyin nəhəng mühəndis
qurğusu adlandırırlar. Çünki bu boru xətti
bütün Avrasiya məkanında mövcud olan analoji kəmərlər
arasında öz unikallığı ilə seçilir.
Azərbaycanın,
Gürcüstanın və Türkiyənin ərazisindən
keçərək 1768 kilometr məsafə qət edən bu xəttin
boruları bütün marşrut boyu torpaq altında
basdırılıb. Bu da onun təhlükəsizliyini təmin
edir. Kəmərin bir sıra əzəmətli yerüstü
qurğuları, o cümlədən 8 nasos stansiyası var. Səngəçaldakı
baş nasos stansiyasından sonra ikinci stansiya yenə də Azərbaycanın
ərazisində - Yevlaxda yerləşir. İki stansiya
Gürcüstanda, dördü isə Türkiyədədir. Xəttin
gündəlik ötürücülük gücü 1,2
milyon barel təşkil edir. Keçdiyi ərazilərin
coğrafiyasına görə, kəmər 46, 42 və 34
düymlük borulardan çəkilib.
BTC öz
marşrutu boyu bir neçə dağ silsiləsi qət edir,
o cümlədən 2830 metr yüksəkliyə qalxır, eləcə
də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü
kommunikasiya xətti, eni 500 metrədək çatan Ceyhan
çayının keçidi də daxil olmaqla 1500-dən
çox su hövzəsi ilə kəsişir. Ceyhana
yaxınlaşarkən kəmər yenidən dəniz səviyyəsinə
enir.
BTC-ni
"Üç dənizin əfsanəsi", yəni Xəzəri,
Qara dənizi və Aralıq dənizini birləşdirən
polad kəmər də adlandırırlar. O, eləcə də
xalqları və ölkələri bir-birinə
yaxınlaşdırır. Azərbaycanın 13 rayonundan -
Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir,
Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və
Ağstafadan keçən kəmər ölkəmizdə 443,
Gürcüstanın 7 bölgəsində 249 və Türkiyənin
9 rayonunda 1076 kilometrlik yol boyu uzanır.
Xatırladaq ki,
BTC Ko.-nun səhmdarları bp (30,10 faiz), SOCAR (25 faiz), MOL (8,90
faiz), "Ekvinor" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5
faiz), "TotalEnergies"(5 faiz), İTOÇU (3,40 faiz),
İNPEKS (2,50 faiz), "EksonMobil" (2,50 faiz) və
ONGCVideş (2,36 faiz) şirkətləridir.
BTC tam sistem kimi 2006-cı ilin
ortalarından fasiləsiz və təhlükəsiz fəaliyyət
göstərir. Operator olan bp şirkətinin məlumatına
görə, istismara veriləndən 2023-cü ilin birinci
rübünün sonunadək bu boru kəməri vasitəsilə
ümumilikdə təqribən 539 milyon tondan çox (4 milyard
barel) xam neft nəql edilib və Ceyhanda 5314 tankerə yüklənərək
dünya bazarlarına göndərilib. BTC-nin ümumilikdə
4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 18 yanvar 2023-cü il
tarixdə qeyd edilib. Bu ilin birinci rübü ərzində BTC
ilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən
53 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə
yüklənib və yola salınıb.
Hazırda BTC əsasən
Azərbaycandan "Azəri-Çıraq-Günəşli"
nefti və "Şahdəniz" kondensatı
daşıyır. Bundan əlavə, BTC Xəzərin digər
regional xam neft və kondensat həcmlərini (Qazaxıstan və
Türkmənistan) də nəql edir.
Bakı-Tbilisi-Ceyhan
kəmərinin çəkilişini tarixi hadisə
adlandıran Prezident İlham Əliyev onu həmişə
yüksək dəyərləndirmişdir. Dövlət
başçısının dediyi kimi: "Əgər o kəmər
olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz
potensialını dünya bazarlarına çatdıra bilməzdi.
Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi-Qara
dəniz-Aralıq dənizi əməkdaşlıq formatı
formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi
ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün
uğurla fəaliyyət göstərir və başqa ölkələrə
də xidmət edir. Dəhliz formalaşandan sonra əlbəttə
ki, Azərbaycan öz tranzit rolunu oynamağa
başlamışdır. Bu gün biz qeyd edə bilərik ki,
artıq Azərbaycan öz coğrafi vəziyyətindən,
logistika imkanlarından tam şəkildə istifadə
edir".
Flora SADIQLI,
Azərbaycan.-2023.- 21 may.- S.7.