"Türkiyənin uğurları qardaş ölkə olaraq bizi də olduqca
qürurlandırır"
Türkiyə Respublikasının Prezidenti
Zati-aliləri cənab
Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab
Prezident,
Əziz Qardaşım,
Türkiyə Respublikasının
Prezidenti vəzifəsinə
keçirilən seçkilərdə
yenidən qazandığınız
qələbə münasibətilə
Sizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirməkdən məmnunluq
duyuram. Azərbaycan xalqı da bu
seçkiləri böyük
diqqət və həyəcanla izləyirdi.
Milli iradənin
təntənəsi olan
səsvermənin nəticələri
ölkənizin hərtərəfli
inkişafı yolunda qətiyyətlə həyata
keçirdiyiniz genişmiqyaslı
siyasətə və əvəzsiz xidmətlərinizə
verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün
səhifələrinə qızıl
hərflərlə həkk
olunmuş fəaliyyətiniz
Vətənə, xalqa,
Türk elinə hədsiz sevginin, bağlılığın və
sədaqətin bariz ifadəsidir.
Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf
yolu keçərək
beynəlxalq aləmdə
proseslərə həlledici
təsir göstərən
güc mərkəzinə
çevrilmiş, söz
sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm
nailiyyətlər əldə
etmişdir. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları
qardaş ölkə olaraq bizi də
olduqca qürurlandırır.
Tarixən qırılmaz
tellərlə bir-birinə
bağlı olan xalqlarımızın iradəsindən
qaynaqlanan Azərbaycan-Türkiyə
əlaqələrinin bu
gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq və qardaşlığımız,
qarşılıqlı faydalı
əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz
irimiqyaslı layihələr
strateji müttəfiqliyimizi
səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional
əməkdaşlığın, təhlükəsizliyin və
sabitliyin onurğa sütununu təşkil edir.
Azərbaycanın öz
torpaqlarının işğaldan
azad olunması uğrunda apardığı
mübarizədə şəxsən
Sizin, qardaş Türkiyə dövləti
və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi
xalqımız tərəfindən
həmişə böyük
minnətdarlıq hissi
ilə xatırlanır.
Əziz Qardaşım,
fürsətdən istifadə
edərək Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət
edirəm.
Əminəm ki,
xalqlarımızın zamanın
sınaqlarından şərəflə
çıxmış dostluğu
və qardaşlığı,
Azərbaycan-Türkiyə birliyi
və müttəfiqliyi
“Bir millət iki dövlət” və “Bir yumruq”
fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra
da birgə səylərimizlə yüksələn
xətt üzrə davam edəcək və daha da
möhkəmlənəcəkdir.
Bu zəfər
sevincinizi Sizinlə bölüşərək Sizə
möhkəm cansağlığı,
xoşbəxtlik, qardaş
Türkiyənin çiçəklənməsi,
xalqınızın əmin-amanlığı
və firavanlığı
naminə ali dövlətçilik fəaliyyətinizdə
yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 may 2023-cü il
Azərbaycan.-2023.- 31 may.-
S.1.