Laçında
İşğal və
Zəfər Muzeyi Kompleksinin təməli qoyulub
Laçın şəhərinin yeni siması müstəqilliyimizin
nə qədər güclü olduğunu bir daha göstərir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mayın 28-də
Laçın şəhərində
İşğal və
Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində
iştirak edib.
Azərbaycanın otuzillik
erməni işğalından
azad olunmuş Şərqi Zəngəzur
və Qarabağ bölgələrində əzəli
yurd yerlərimiz vandalizmə məruz qalıb, tarixi-mədəni
mirasımız yerlə-yeksan
edilib. Prezident İlham Əliyevin tapşırığına əsasən,
işğaldan azad edilmiş rayon və şəhərlərdə
İşğal və
Zəfər muzeyləri
kompleksləri yaradılır.
Belə muzey komplekslərindən biri də Laçında yaradılır.
AZƏRTAC xəbər verir ki, mədəniyyət
naziri Adil Kərimli dövlətimizin
başçısına kompleksdə
görüləcək işlər
barədə məlumat
verdi.
Bildirildi ki, Laçın rayonunda qurulacaq kompleks İşğal və Zəfər muzeylərindən,
dağıntıların nümayiş
etdiriləcəyi memorial
parkdan ibarət olacaq. Kompleksin loqosu əsrarəngiz gözəlliyə və təbii zənginliklərə
malik Laçın rayonu ərazisində geniş yayılmış
ardıc ağaclarını
simvolizə edir.
Ümumi sahəsi
3,5 hektar olacaq kompleks üçün seçilmiş ərazi yamacda yerləşir. Buradan Laçın şəhərinə, ətrafdakı
dağlara gözəl
mənzərə açılır.
Kompleks əsas yol şəbəkəsinə
və şəhərin
mərkəzinə yaxın
məsafədə yerləşir.
Muzeyin binası
əzəmətli və
estetik gözəlliyi
ilə fərqlənən
memarlıq quruluşuna
malikdir. Belə ki, binanın təpənin yamacına doğru uzanması sabitlik və dayanıqlılığı ifadə
edir. Rəmzi olaraq binanın quruluşu torpaqdan güc alaraq səmaya doğru yüksəlişi təcəssüm
etdirir. Binanın qismən yerin alt hissəsinə keçən maili forması sayəsində muzeyin ümumi daxili sahəsi 2400 kvadratmetr təşkil edir.
Muzeyin interyeri hər tərəfdən rahat giriş imkanı yaratmaq və ətrafdakı parkla inteqrasiyanı təmin etmək üçün xüsusi
formada dizayn olunub. Ərazinin relyefi ilə ahəng yaradan tikilinin dam hissəsində
həm binanın daxilindən lift vasitəsilə, həm də Memorial Parkdan keçid imkanı olan iki panoramlı terras yerləşəcək.
Beş mərtəbədən
ibarət olacaq muzeyin birinci mərtəbəsində bilet
satış mərkəzinin
yerləşdiyi geniş
foyenin və inzibati otaqların yaradılması nəzərdə
tutulur. İkinci mərtəbədə İşğal
Muzeyi, üçüncü
mərtəbədə kafe,
dördüncü mərtəbədə
isə Zəfər Muzeyi yaradılacaq. Sonuncu – beşinci mərtəbədə istirahət
zalı və kitab mağazasından ibarət olan və yuxarı hissədən binaya girişi təmin edən foye yerləşəcək.
İşğal və
Zəfər muzeylərinin
yerləşdiyi mərtəbələrdə
muzeylərin tematikasını
əks etdirən bədii instalyasiyalar nümayiş olunacaq, zallarda isə müxtəlif məzmunlu sərgilər təşkil
ediləcək.
Kompleksin ərazisində
şəhərin dağıdılmış
bir çox tarixi və mədəni abidələrinin
qalıqlarının nümayiş
etdiriləcəyi Memorial
Park salınacaq. Memorial
Parka daxil olan dağıntılar bədii instalyasiyalarla zənginləşdirilərək açıq səma altında muzeyə çevriləcək.
Dövlətimizin başçısı
Laçın İşğal
və Zəfər Muzeyi Kompleksinin təməlini qoydu.
Qeyd edək ki, muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən və Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.
Azərbaycan.-2023.- 31 may.- S.6.