Azərbaycan
və İsrail prezidentləri mətbuata bəyanatlarla çıxış
ediblər
Tarixi səfər
Mayın 30-da Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Azərbaycan
Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham
Əliyevin bəyanatı
- Hörmətli, cənab
Prezident.
Hörmətli qonaqlar,
xanımlar və cənablar.
Cənab Prezident,
ölkəmizə xoş
gəlmisiniz. Sizi Azərbaycanda qəbul etmək imkanına malik olduğuma görə çox şadam. Sizin səfəriniz ölkələrimiz
arasında sıx tərəfdaşlıq əlaqələrini
nümayiş etdirir. Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizi
gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var və
biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq.
İndi isə, əlbəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə
duran önəmli məsələləri müzakirə
etmək üçün
daha çox imkanımız var. Bu il İsraildə
Azərbaycan səfirliyinin
açılması, əlbəttə
ki, əlaqələri
daha yüksək səviyyəyə qaldıracaq
və eyni zamanda, daha sıx
qarşılıqlı əməkdaşlıq
üçün geniş
imkanlar yaradacaq.
Bəzi iqtisadi
rəqəmlərə nəzər
salarkən gördüm
ki, ticarət dövriyyəmiz 1,7 milyard
ABŞ dollarından çoxdur,
bu da böyük
məbləğdir. Lakin,
hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini
şaxələndirməyə çalışmalıyıq və
ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız
birgə layihələr
nəticəsində bizim
daha balanslaşdırılmış
ticarət dövriyyəmiz
olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə
xam neftin etibarlı təchizatçısı
olmaqda davam edir və bu
da əslində enerji sahəsində sıx əməkdaşlığı
nümayiş etdirir.
Bu gün müzakirələr zamanı
biz, həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi
məsələsini də
müzakirə etdik. Çünki biz investisiya layihələri,
interkonnektorların yaradılması
və üçüncü
ölkələrdə potensial
əməkdaşlıq layihələri
üçün böyük
imkanlar görürük.
Biz, həmçinin
irriqasiya və kənd təsərrüfatı
sahəsində planlarımızı
və artıq görülmüş işləri
müzakirə etdik. İsrailin bu sahədə böyük nailiyyətlərindən bizim
xəbərimiz var və biz kənd
təsərrüfatında məhsuldarlığı artırmaq
üçün bu müsbət təcrübədən
istifadə etmək və ixrac bazarımızı
şaxələndirmək istəyirik.
Nisbətən bu
yaxınlarda əməkdaşlığa
başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir.
Bu sahədə fəal təmasların başlanılmasına çox
şadıq. Bu gün artıq sirr deyil ki,
kibertəhlükəsizlik hər
bir ölkənin milli təhlükəsizliyinin
mühüm hissəsidir.
Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin
böyük təcrübəsi
bizim üçün
faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə
nail olmaq və özümüzü
təhlükədən qorumaq
üçün mühüm
amil olacaq.
Təhdidlərdən danışarkən, həmçinin
müdafiə sənayesi
sahəsində uzunmüddətli
əməkdaşlığı məmnuniyyətlə qeyd
etmək istəyirəm.
Azərbaycanın uzun
illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı
var, bu da
bizə müdafiə
qabiliyyətimizi müasirləşdirməyə
kömək edir və dövlətçiliyimizi,
əsas dəyərlərimizi,
milli maraqlarımızı
və ərazi bütövlüyümüzü müdafiə etməyə
imkan yaradır.
Bu gün biz, həmçinin qarşılılıqlı turist
axını səviyyəsinin
necə qaldırılmasını
da müzakirə etdik. Həftədə yalnız dörd reys var və
hesab edirəm ki, bu, yetərli
deyil. Nümayəndə
heyətlərinin üzvlərinə
uçuşların sayının
artırılması ilə
bağlı göstərişlər
verilmişdir və bunun təkcə mövsümi əsasda yox, - çünki adətən yay vaxtlarında daha çox uçuşlar olur, - daimi əsasda
edilməsi tapşırılmışdır.
Həmçinin İsraildə
daha çox təqdimat imkanlarının
araşdırılması da
tapşırılmışdır ki, biz İsraildən
daha çox turisti buraya dəvət edə bilək və əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək. Bu, bizim ölkənin
böyük dəyəridir,
yəhudi icmasının
üzvləri - Azərbaycan
vətəndaşları ölkəmizin
müasir inkişafına
çoxlu töhfə
vermiş və töhfə verən insanlardır. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda
bizimlə və bütün digər azlıqların nümayəndələri
ilə çiyin-çiyinə
vuruşublar. Bu gün bu, təkcə
Azərbaycanın uğurlu
inkişafı, mədəniyyətlərarası
sülh və dostluq üçün yox, eyni zamanda,
bizim ikitərəfli münasibətlərimiz üçün
mühüm amildir. Bilirəm ki, İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz
arasında körpülərin
qurulmasında mühüm
rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor
təşkilatları var,
lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən
yəhudi mənşəli
insanlardan ibarətdir.
Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş
etdirir. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr,
dostluq və qarşılıqlı dəstək
tariximiz var. Müstəqil ölkə
olaraq Azərbaycanın,
sadəcə, 31 yaşı
var, lakin bizim qədim tariximiz var və
Azərbaycandakı yəhudilər
həmişə cəmiyyətimizin
fəal və mötəbər hissəsi
olmuşlar və bu gün də
belə olmaqda davam edirlər. Beləliklə, bu, ölkələrimiz arasında,
belə deyək, mədəni körpülərdir.
Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir.
Bizim gündəliyimiz
həqiqətən də
genişdir. Mətbuat
konfransı üçün
vaxtımız məhduddur,
əks halda ikitərəfli əməkdaşlığımızın
geniş gündəliyi
haqqında saatlar ərzində danışardıq.
Əlbəttə ki, nümayəndə heyətlərinin
üzvləri bu gün və sabah daha sıx
qarşılıqlı əlaqədə
olacaqlar.
Yekunda mən bir daha cənab
Prezidentə dəvətimi
qəbul etdiyinə və Azərbaycanı rəsmi səfərlə
ziyarət etdiyinə görə təşəkkürümü
ifadə etmək istəyirəm. Ona və İsrail xalqına sülh, uğur və çiçəklənmə, Azərbaycanda yaxşı
vaxt keçirməyi arzu etmək istəyirəm. Bir daha xoş gəlmisiniz,
cənab Prezident.
x x x
Sonra İsrail Prezidenti bəyanatla çıxış etdi.
Prezident İsxak
Hersoqun bəyanatı
– Təşəkkür edirəm, cənab Prezident.
Azərbaycana səfər
etmək mənim üçün və millətim üçün
həyata keçən
arzudur. Bu səfər İsrail xalqı üçün və Azərbaycan xalqı ilə İsrail xalqı arasında birgə əlaqələr baxımından
böyük əhəmiyyət
kəsb edir.
Cənab Prezident,
qonaqpərvərliyinizə, dəvətinizə görə
təşəkkür edirəm.
Mən bunun qarşılığında Sizi
və birinci xanımı İsrailə
dövlət səfərinə
dəvət etmək istərdim. Bu, əsası mərhum məşhur atanız tərəfindən qoyulmuş
və illər ərzində inkişaf etmiş heyrətamiz əlaqələrimizin ifadəsi
olar. Prezident Əliyev, dövlətinizi
qurub və Siz son bir
neçə ildə onu genişləndirərək
inkişaf etdirmisiniz.
Bizim əlaqələrimizin
dərin kökləri
var. Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə
olan nadir irsi və yəhudi
icmalarının 120-130 il
əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada
yazdığı hekayəsinə
öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə,
yəhudilərlə müsəlmanlar
arasında səmərəli,
ədalətli, səmimi,
dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz
bir baxışdır.
Sirr deyil ki, ölkəniz əhalisinin əksəriyyəti
şiələr olan müsəlman ölkəsidir.
Buna baxmayaraq, millətlərimiz arasındakı
sevgi və bağlılıq dünyanı
necə dəyişdirə
biləcəyimizin və
irəli gedə biləcəyimizin nümunəsidir.
İndicə səhiyyə
nazirlərimiz arasında
şahidi olduğumuz mərasim, cənab Prezident, Sizin qeyd etdiyiniz kimi, əməkdaşlıq
üçün nə
qədər məsələ
və sahənin olmasının daha bir nümunəsi və təcəssümüdür.
Bizim ortaq baxışımız var,
mən Azərbaycanın
dünyada və regionda böyük təsirə malik olduğunu görürəm.
Siz mənə Azərbaycanın Avropanın
enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, sözsüz ki, bizimlə əlaqəli Yaxın Şərqə təsiri barədə danışdınız.
Biz İranın təhlükə və təhdid yaratdığı
qlobal, regional təhlükəsizlik strukturuna
nəzər saldıq,
bu məsələni dərindən müzakirə
etdik. Əlbəttə
ki, biz elm,
kənd təsərrüfatı
və cənab Prezident, giriş nitqində qeyd etdiyiniz bir çox
sahələrdə əməkdaşlığı
inkişaf etdirmək imkanlarımızı səbirsizliklə
gözləyirik.
Mən bu möhtəşəm an üçün Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Biz İsrailin müstəqilliyinin 75 illiyini, eyni zamanda, dövlətlərimiz arasında çox güclü əlaqələrimizin 30 illiyini qeyd edirik. Əminəm ki, mənim və nümayəndə heyətimin bu səfəri əlaqələrimizin daha da inkişafı baxımından bir mərhələ olacaq. Təşəkkür edirəm, bizim dediyimiz kimi, şalom, cənab Prezident.
Azərbaycan.-2023.- 31 may.- S.9.