Türkiyə
xoşbəxt və parlaq gələcəyinə
səs verdi
Rəcəb Tayyib Ərdoğanın qələbəsi türk
dünyasının uğuru
oldu
Xəbər verildiyi
kimi, mayın 28-də
Türkiyədə prezident
seçkilərinin ikinci
mərhələsi baş
tutdu. Seçicilərin
52,18 faizinin səsini qazanan Rəcəb Tayyib Ərdoğan yenidən Prezident seçildi.
Türkiyə liderinə
seçkilərdə əldə
etdiyi qələbə
münasibətilə ilk
təbrik də qardaş ölkə Azərbaycandan gəldi. Qələbə qazanması
münasibətilə Türkiyə
Prezidentinə zəng
edən dövlət başçımız İlham
Əliyev bu uğuru Türkiyə xalqının Rəcəb
Tayyib Ərdoğanın
həyata keçirdiyi
siyasətə göstərdiyi
etimad kimi dəyərləndirdi. Dövlətimizin
başçısı əmin
olduğunu bildirdi ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin hərtərəfli
inkişafı növbəti
illərdə də davam etdiriləcək.
İlham Əliyev
Rəcəb Tayyib Ərdoğana Türkiyə
xalqının firavanlığı
və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni
uğurlar arzuladı.
Türkiyə Prezidenti
təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Birinci xanım
Mehriban Əliyeva da Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı
qələbə münasibətilə
təbrik edib.
Bu qələbə
Türkiyə xalqının
milli maraqları baxımından tarixi hadisədir
Milli Məclisin
deputatı Elşad Mirbəşiroğlu qəzetimizə
açıqlamasında bildirib
ki, Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi həm Türkiyə, həm Azərbaycan xalqı, həm də bütün islam-türk dünyası
üçün olduqca
əlamətdar hadisədir. O qeyd edib ki, R.T.Ərdoğanın
hakimiyyəti dövründə
Azərbaycanla Türkiyə
arasında bütün
istiqamətlərdə uğurlu
əməkdaşlıq sistemi
qurulub. İki ölkə münasibətləri
müttəfiqlik səviyyəsinə
yüksəlib. "Vətən
müharibəsi dövründə
Türkiyə Azərbaycana
böyük mənəvi
və siyasi dəstək olub. Ərdoğan başda olmaqla Türkiyə rəsmiləri hər zaman "Azərbaycanın yanındayıq"
söylədilər. Təbii
ki, Ərdoğanın
bundan sonrakı rəhbərliyi dövründə
də Azərbaycanla Türkiyə münasibətləri
dinamik inkişaf edəcək. İki ölkə təkcə region üçün deyil, dünya üçün də əhəmiyyətli olacaq
daha mühüm layihələrin birgə təşəbbüskarı və
iştirakçısı kimi
diqqət çəkəcəklər",
- deyə deputat əlavə edib.
O vurğulayıb ki,
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə,
eyni zamanda hərbi-texniki, müdafiə sənayesi sahəsində
də əməkdaşlıq
inkişaf etdirilir:
"Bu, həm Azərbaycanın müdafiə
qabiliyyətinin hər
zaman güclü olmasını şərtləndirir,
həm də ölkə iqtisadiyyatına
əlavə dividendlər
qazandırır. Hərbi
sahənin inkişaf etdirilməsi dünya silah bazarında Azərbaycanın öz yerini və rolunu təyin etməsini şərtləndirəcək".
E.Mirbəşiroğlu qeyd edib ki,
türk dünyasında
həmrəyliyin möhkəmləndirilməsində,
sıx əməkdaşlığın
yaranmasında qardaş
ölkənin xüsusi
rolu var. 2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə
Naxçıvanda Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının (indi
Türk Dövlətləri
Təşkilatı) yaradıldığını
xatırladan deputat bildirib ki, bu
platforma türkdilli dövlətlər arasında
həm siyasi münasibətlər, həm
də iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün unikal imkanlar təqdim edir: "Ümumiyyətlə,
türk dövlətlərinin
maraqlarının qorunmasında
Ərdoğanın təsirli
rolu olub. Düşünürəm ki,
Rəcəb Tayyib Ərdoğanın seçkilərdə
qələbə qazanması
bir çox məqamlar baxımından
çox əhəmiyyətlidir.
Birincisi, bu, Türkiyə xalqının
milli maraqları, gələcək inkişafı
baxımından tarixi
hadisədir. Məhz Rəcəb Tayyib Ərdoğanın dövründə
Türkiyə ixracın
həcmini artıraraq
istehlak bazarında xarici asılılıqdan
qurtardı. Bu, həm də ölkəyə olan siyasi təsir imkanlarını məhdudlaşdırdı".
Deputatın fikrincə,
Rəcəb Tayyib Ərdoğanın yenidən
prezident seçilməsi
çoxqütblü dünyanı
dəstəkləyən dövlətlərin,
xalqların qələbəsi
hesab oluna bilər: "Azərbaycan-Türkiyə
qardaşlığının, səmimi dostluğunun, müttəfiqlik münasibətlərinin
bundan sonra daha da inkişaf etdirilməsi
Ərdoğan üçün
prioritetdir. Buna görə də Azərbaycan xalqı üçün Ərdoğanın
qələbəsinin böyük
əhəmiyyəti var.
İslam-türk dünyasında
Türkiyənin barışdırıcı,
əməkdaşlığa təkan verən, həmrəyliyi gücləndirən
rolu baxımından da Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbə
qazanması çox vacib idi".
Türkiyədə demokratiya
və türkçülük
qalib gəldi
Qardaş Türkiyədə
keçirilən seçkilərdə
Rəcəb Tayyib Ərdoğanın növbəti
dəfə Prezident seçildiyinin əhəmiyyətindən
danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov azərbaycanlıların da
Türkiyə vətəndaşları
qədər bu qələbəni səbirsizliklə
gözlədiklərini bildirib.
O vurğulayıb ki,
Türkiyə qədər
Azərbaycan xalqının
da sevincinə səbəb olan bu qələbə təkcə qardaş ölkənin deyil, həm də xalqımızın, eləcə
də bütöv türk və müsəlman dünyasının
qələbəsidir: "Bu
gün dünyamızın
Rəcəb Tayyib Ərdoğan kimi liderlərə böyük
ehtiyacı var. 28 mayda Türkiyədə demokratiya və türkçülük qalib
gəldi. Qardaş Türkiyə bütün
təbliğat və təxribatlara baxmayaraq, növbəti dəfə demokratik ənənələrə
sadiqliyini nümayiş
etdirdi. İmperialist qüvvələr seçki prosesinə
kölgə salmağa
çalışsalar da,
buna nail ola bilmədilər. Türkiyəni Suriyaya, İraqa çevirmək istəyənlərin arzuları
ürəklərində qaldı".
Deputat qeyd edib ki, Prezident
İlham Əliyev və Azərbaycan xalqı əvvəldən
bu qələbəyə
inanırdı. "Biz
bilirdik ki, qardaş Türkiyə xalqı düzgün qərar verərək, Türkiyənin xoşbəxt
və parlaq gələcəyinə səs
verəcək. Əminik
ki, bu qələbə
ilə Azərbaycan-Türkiyə
münasibətlərində də yeni mərhələ
başlayacaq. Biz əlaqələrimizi, dostluğumuzu,
qardaşlığımızı daha da gücləndirəcəyik.
Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri
nəticəsində türk
dünyası yeni zirvələrə yüksələcək".
C.Məmmədov bildirib
ki, bu gün
hər bir azərbaycanlı bu uğura görə çox sevinir. Bu qələbə ilə eyni zamanda
Türkiyəni, Azərbaycanı
sevməyənlərin arzuları
ürəklərində qaldı:
"Qardaş Türkiyə
xalqını düzgün
seçimə, düzgün
qərara görə təbrik edirik. Yaşasın Türkiyə-Azərbaycan
dostluğu və qardaşlığı!"
Türkiyə xalqı
suverenliklə bərabər
bölgənin təhlükəsizliyinə
də səs verdi
Milli Məclisin
deputatı Bəhruz Məhərrəmov deyib
ki, Türkiyədə
prezident seçkiləri
xalqın və bütövlükdə türk
dünyasının milli
iradəsinin təntənəsi
oldu.
O vurğulayıb ki,
Qərb dünyası
açıq formada anti-Ərdoğan kampaniyası
apararaq Türkiyədə
yenidən xaricdən asılı marionet bir rejim qurmaq,
Türkiyənin artan güc və imkanları qarşısında
birdəfəlik sədd
çəkmək istəyirdi:
"Bir sözlə, bu seçkilər Türkiyə üçün
ikinci Çanaqqala savaşı idi və bir əsr
sonra bu savaşda da yenə milli iradə qalib gəldi. Müdrik türk xalqı yenidən "Ərdoğan"
deməklə parçalanmanın,
potensial vətəndaş
müharibəsinin qarşısını
aldı, Türkiyəni
marionet dövlətə
çevrilməkdən qurtardı,
müstəqillik, suverenliklə
bərabər bölgənin
təhlükəsizliyinə səs verdi".
Deputat qeyd edib ki, Ərdoğana
qarşı "demokratik
dəyərlər" adı
altında səlib yürüşü təşkil
edən Qərb dünyasına ən yaxşı cavab məhz 2 turlu azad seçki oldu. Ərdoğan türk düşmənlərini
məhz demokratik dəyərlər ilə yerinə oturdub Qərbə seçki dərsi keçdi.
Seçkilərin Azərbaycan
üçün də
böyük əhəmiyyətə
malik olduğunu deyən B.Məhərrəmov
Türkiyənin ölkəmizin
ən yaxın müttəfiqi olduğunu
əlavə edib:
"Ərdoğanın hakimiyyətdən
getməsi arzuolunmaz situasiyalara səbəb ola bilərdi. Əlbəttə, Azərbaycanın
yaratdığı reallığı
kimsə dəyişə
bilməzdi, lakin istənilən halda müxalifətin mesajları
narahatlıq vəd edirdi".
Deputat vurğulayıb
ki, 28 may seçkilərində qələbə
həm də ən yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətlərinin
qızıl dövrünün
yeni mərhələsini
başladıb: "Güclü
Türkiyə güclü
Azərbaycan deməkdir,
amma bu mürəkkəb
siyasi situasiyada Prezident İlham Əliyev həm də göstərdi ki, eyni zamanda
güclü Azərbaycan
da güclü Türkiyə deməkdir. Bu gün qalib
bizik. Bizim gücümüz, birliyimiz,
cənab Prezidentin dediyi kimi, "bir millət, iki dövlət" və "bir yumruq" olmağımız
bölgəmizdə sülhün,
təhlükəsizliyin yeganə
qarantıdır".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
31 may.- S.16.