Qafqazın sabitliyinin və inkişafının yeganə
təminatçısıdır
Azərbaycan həmişə
sülhün tərəfdarı
olub. Təsadüfi deyil ki, hər
zaman sülh danışıqlarına üstünlük
vermiş respublikamız
Ermənistanın təxribatlarından
sonra başlamış
44 günlük savaşdan
sonra da ilk olaraq sülh
təşəbbüsü ilə çıxış
edib. Vətən müharibəsindən sonra
ötən dövr ərzində Bakı İrəvandan fərqli olaraq münasibətlərin
normallaşdırılması üçün real addımlar atıb. Bu özünü bütün platformalarda keçirilən danışıqlarda
da göstərib.
Azərbaycan sülh
prosesinin irəli aparılması təşəbbüslərinin
önündədir
Ermənistandan fərqli
olaraq Azərbaycan sülh prosesinin irəliyə aparılması
səylərinin daim önündə gedib. Məlum olduğu kimi, hələ ötən ilin fevral ayında Bakı münasibətlərin
normallaşdırılması və sülhün əldə olunması üçün 5 prinsiplə
çıxış edib.
Beynəlxalq hüququn
norma və prinsiplərinə uyğun
olan bu prinsiplər
Ermənistanın rəhbərliyi
tərəfindən zahirən
müsbət qarşılansa
da, İrəvan buna heç bir qarşılıq verməyib və bu istiqamətdə müsbətə doğru
addım atmayıb. Ermənistan tərəfinin
30 ilə yaxın sülh prosesinə vurduğu zərbələrə
baxmayaraq, yenə də ölkəmiz kommunikasiyaların açılması,
demarkasiya məsələsində
əsas təşəbbüskar
tərəf olub.
Bunun əksinə
olaraq, Ermənistan münasibətlərin normallaşdırılması
üzrə danışıqlarda
müsbət nəticə
əldə edilməsinə
imkan verməyib. Hətta Paşinyan hökuməti Ermənistanın
əvvəlki rəhbərliklərinin
yolunu gedərək təxribatlar yolu ilə sülh danışıqlarını tormozlamağa
çalışıb. Adətən,
təxribatlar keçirilmiş
danışıqlardan sonra
törədilib ki, bu da İrəvanın
sülhün əldə
edilməsində maraqlı
olmadığını göstərib.
Ötən 3 ildə əgər münasibətlərin
normallaşdırılması istiqamətində bir nəticə əldə olunmayıbsa, bu, məhz Ermənistanın ucbatından baş verib.
Sülhün əldə
edilməsinə əngəl
yaradan əsas amillərdən biri də Fransa başda olmaqla erməni təəssübünü
çəkən siyasi
mərkəzlərin siyasi-hərbi avantüraları
olub. Bu baxımdan münasibətlərin
normallaşdırılması ilə bağlı danışıqların nəticəsiz
qalmasının əsas
səbəblərindən biri
də xüsusən Fransanın Ermənistan hakimiyyətinə təsir
və təzyiqləridir.
Ötən dövr ərzində ölkəmizə
qarşı qərəzli
iddialarla çıxış
edən, xəstə erməni təfəkkürünün
qatı müdafiəçisi
rolunda çıxış
edən Fransa Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşdırılması ilə bağlı müzakirələrdə İrəvanın
beynəlxalq hüququn
norma və prinsiplərini görməzdən
gəlməsi üçün
əlindən gələni
əsirgəməyib.
Sülhün əldə
edilməsi üçün
şanslar çoxalıb
Vətən müharibəsindən
sonra regionda yaranmış reallıqlar
Azərbaycanın xeyrinə
dəyişib. Prezident
İlham Əliyevin yürütdüyü uzaqgörən
siyasət, düşünülmüş
və təmkinli diplomatik gedişlər ötən dövr ərzində respublikamızın
maraqlarını uğurla
təmin edib. Bu siyasətin nəticəsində 2023-cü ilin
sentyabrında Azərbaycan
Qarabağdakı erməni
separatizminə də son qoydu. Bununla
Azərbaycan öz ərazi bütövlüyünü
və suverenliyini tam
təmin etdi. Bu prosesdə Azərbaycan öz qətiyyətli siyasəti
ilə Ermənistanı
və onun havadarlarını məğlubiyyətə
uğratdı.
Eyni zamanda Azərbaycan İran ərazisindən
keçməklə Naxçıvana
doğru yeni kommunikasiya xətlərini
yaratmaqla regionun nəqliyyat coğrafiyasını
daha da zənginləşdirir.
Hansı ki, yaranan bu yeni
nəqliyyat yolları
həm də qlobal nəqliyyat dəhlizlərinin vacib elementi olacaq. Və görünən odur ki, indiyədək
Ermənistanı bütün
layihələrdən təcrid
edən Azərbaycan bu ölkəni növbəti nəqliyyat layihəsindən də kənarda saxladı. Beləliklə, uduzan yenə Ermənistan və onun xalqıdır.
Çünki özləri
belə istədilər.
Azərbaycanın öz
suveren ərazilərinə
nəzarəti tam olaraq təmin etməsindən sonra, sülhün əldə edilməsi üçün
şanslar daha da çoxalıb. Ölkəmiz hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün
bərqərar edilməsi
üçün yaranmış
bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlıdır.
Lakin Ermənistan tərəfi sülh prosesinin irəlilədilməsi
üçün yaranmış
şansdan bəhrələnmək
əvəzinə yenə
də siyasi manipulyasiyalarla məşğuldur.
Baş nazir N. Paşinyanın, eləcə
də onun hökumətinin və partiyasının təmsilçilərinin
mütəmadi olaraq sərhədlərin toxunulmazlığı,
güc tətbiq edilməməsi, güclə
hədələməmək kimi prinsipləri hədəfləyən bəyanatlar
verməsi, əslində,
manipulyasiya ilə məşğul olmaqdan başqa bir şey deyil. Çünki indiyədək
istər Vətən müharibəsinə qədər,
istərsə də ondan sonra bu
prinsipləri bütün
səyləri ilə pozan tərəf məhz Ermənistan olub. Bir müddət
əvvəl Nikol Paşinyanın Avropa Parlamentində səsləndirdiyi
bəyanat da növbəti dəfə bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi.
İrəvan avantürist
mövqeyindən və
manipulyasiyalardan əl
çəkməlidir
Bu ilin mayında Prezident İlham Əliyev Şuşada keçirilən
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması:
keçmişdən bu
günə və gələcəyə" mövzusunda
dördüncü beynəlxalq
konfransda sülhlə
bağlı deyib:
"Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa
hər hansı bir digər tədbirlərə əl
atmağı planlaşdırmırıq.
Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu
yeni geosiyasi konfiqurasiyada özlərinə
yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, söhbət
təkcə regiondan deyil, qlobal vəziyyətdən
gedir, dəyişib. Bizim orada öz
yerimiz var. Bu yer çox
sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün
bu, böyük çağırış olacaqdır".
Bəli, reallıq
ondan ibarətdir ki, ərazi bütövlüyünü təmin
edən, erməni separatizminə son qoyan Azərbaycan qalib ölkə kimi heç nə itirmir və bu gün
də regionda yeni kommunikasiyalar yaratmaqla qazanır. Regionda yaranmış yeni reallıqlar müstəvisində sülhün
əldə olunmaması
yalnız və yalnız Ermənistanın
ziyanınadır. Çünki Cənubi Qafqazın təcrid olunmuş ölkəsi məhz Ermənistandır.
Ona görə İrəvan avantürist mövqeyindən və manipulyasiyalardan əl çəkməli, sülh
üçün əməli
addımlar atmalıdır.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2023.-
1 noyabr, № 239.- S.5.