Azərbaycana siyasi repressiyalar XX əsrdə
bolşeviklərin qanlı əlləri ilə gəldi...
Bolşeviklər Rusiyada hakimiyyəti necə ələ
almışdılarsa, elə də davam edirdilər. Faciələr,
qan-qada bitmək bilmirdi. 1920-ci ilin 28 aprelində cümhuriyyət
hökumətini süquta uğradaraq Azərbaycanı ələ
keçirdikdən sonra bolşeviklər qanlı siyasətlərini
burada da həyata keçirməyə başladılar.
Müstəqil, demokratik dövlət quran işıqlı
simalarımız - Azərbaycan Xalq Cümhuriyyəti
qurucuları onların birinci hədəfləri oldu. Beləliklə,
hakimiyyətlərinə təhlükə ola biləcəyini
düşündüklərini aradan götürməyə
başladılar. Bir çoxları 1920-ci illərdə bu səbəbdən
həbs olundu, öldürüldü.
İosif Stalin
sovet hökumətinin rəhbəri olduqdan sonra repressiyalar sərt
şəkildə davam etdirildi. Tədqiqatçıların qənaətincə,
Stalinin 1928-ci il iyul ayında keçirilən ÜİK(b)P
MK-nin plenumunda formalaşdırdığı "sosializm
quruculuğunun sonlanması ilə əlaqədar siniflərarası
mübarizənin gücləndirilməsi" konsepsiyası
repressiyaların rəsmi ideoloji əsasını təşkil
etdi. Həmin dövrdən - 1920-ci illərin sonundan 1950-ci illərin
əvvəlinədək digər sovet respublikaları kimi Azərbaycanda
da repressiya siyasəti həyata keçirildi.
1920-ci illərdən
etibarən əks-inqilabi fəaliyyətdə, casusluqda,
antisovet təbliğatı aparmaqda şübhəli bilinənlər,
eləcə də, əmlakının milliləşdirilməsinə
qarşı çıxanlar həbs olunur, əmək
düşərgələrinə göndərilir, yaxud
güllələnirdilər. 1930-cu illərin sonlarında
bütün SSRİ-də repressiyalar ən yüksək həddə
çatdırıldı. Bu, SSRİ Xalq Daxili İşlər
Komissarlığı (XDİK) tərəfindən yuxarı
idarəetmə orqanlarının təlimatlarına uyğun
aparılırdı.
"Böyük
təmizləmə" dövrü də adlandırılan həmin
illər Azərbaycan üçün çox ağır
oldu. Repressiya əmri mərkəzdən - Moskvadan gəlirdi.
Ancaq bir həqiqət də vardı ki, respublikanın
özündə də bu qanlı siyasətə cani-dildən
qulluq edənlər az deyildi.
1936-cı ilin
yazında Bakıda trotskiçi adı ilə humanitar elmlər
sahəsində çalışan bir qrup həbs edildi. Həmin
ilin sonlarına doğru respublikada vəziyyət daha da
ağırlaşdı. XDİK tərəfindən onlarla
tanınmış şəxs trotskiçilik,
müsavatçılıq, casusluq ittihamları ilə tutuldu. İlin axırında Mircəfər
Bağırov SSRİ-nin rəhbərinə - İosif Stalinə
yazdı: "Azərbaycanın bəzi məsul işçiləri
bizdə şübhə yaradırlar. Bunlar incəsənət
işləri komitəsinin sədri Ruhulla Axundov, Azərbaycanın
xalq maarifi komissarı Müseyib Şahbazov və Azərittifaqın
sədr müavini Eyyub Xanbudaqovdur. Əks-inqilabçı
trotskiçi Mixail Okudjavanın Ruhulla Axundov haqqında verdiyi
ifadəyə əsasən, biz XDİK-ə bununla
bağlı təhqiqatın aparılması üçün
göstəriş vermişik. Xanbudaqov Eyyuba qaldıqda isə
burda yoldaş Sarkisovla şəxsi görüşdə
müəyyən edildi ki, Xanbudaqov doğrudan da, aktiv
trotskiçidir. Bununla bağlı yoldaş Sarkisov
arayış məktubu da verib".
1937-ci ilin ilk
aylarından repressiya dalğası bütün ölkəni
bürüdü. 1937-ci ilin 23 fevral-3 mart tarixlərdə
Moskvada keçirilən ÜİK(b)P MK-nin qurultayında
İosif Stalin "Partiya işindəki
çatışmazlıqlar və trotskiçilərlə
ikiüzlülərin aradan qaldırılması barədə"
məruzə ilə çıxış etdi.
Həmin ilin
martında Azərbaycan Kommunist Partiyasının Mərkəzi
Komitəsinin VI qurultayı çağırıldı. Mircəfər
Bağırov Moskvada keçirilmiş qurultayda səslənən
fikirlər barədə iştirakçılara məlumat
verdi. O, ölkədəki cəhalət və
savadsızlığa əks-inqilabçıların,
trotskiçilərin fəaliyyətininin səbəb
olduqlarını bildirdi. Çıxışını sərt
şəkildə, hədələrlə
yekunlaşdırdı. Martın 21-də Azərbaycan Kommunist
Partiyasının (AKP) Bakı komitəsinin iclasındakı
çıxışında isə Bağırov diqqətə
çatdırdı ki, rəhbər öz işçilərinə
cavabdehdir. O bildirdi ki, əgər rəhbər
özünü ziyankarlarla, çürük və digər
yaramazlarla əhatələyibsə və bütün
bunları görmürsə, o rəhbər deyil, o bolşevik
deyil, ...bəlkə də düşməndir.
1920-ci ilin
fevralında Azərbaycan Kommunist Partiyasının Mərkəzi
Komitəsinin üzvləri seçilən, Aprel
işğalından sonra isə ilk hökumətin tərkibinə
daxil olan Ruhulla Axundov, Əliheydər Qarayev, Qəzənfər
Musabəyov, Dadaş Bünyadzadə, Mirzə Davud
Hüseynov, Sultan Məcid Əfəndiyev və
başqaları xalq düşməni, əks-inqilabçı,
casus kimi təqsirləndirilirdilər.
1937-ci ildə Azərbaycanda
57 zavod və istehsal müəssisəsinin direktoru, 95 mühəndis,
207 sovet və həmkarlar ittifaqı işçisi, 8 professor
həbs edildi. Azərbaycana qara yara kimi düşmüş
repressiya siyasətindən uzaq qalan sahə yox idi.
Elə bir
dövr gəlmişdi ki, yalnız ölkənin mərkəz
şəhərlərində, rayonlarında, qəsəbələrində
deyil, ucqar yerlərində də salamat baş saxlamaq çətin
idi. Xüsusilə də 1937-ci il iyulun 2-də ÜİK(b)P
MK-nin Siyasi Bürosu tərəfindən "antisovet elementləri
barədə" P51/94 saylı qərar qəbul olunduqdan
sonra... Qərarda vilayət, diyar komitələrinin və
respublikaların kommunist partiyalarının mərkəzi komitə
katiblərinə müraciət edilərək bildirilirdi:
"Müşahidə edilib ki, vaxtilə ölkənin
şimal və Sibir rayonlarına sürgün edilmiş
keçmiş qolçomaqlar və cinayətkarlar azad
olunduqdan sonra öz bölgələrinə qayıdıb
bölgələrdəki kolxozlarda, sovxozlarda nəqliyyat və
sənayənin digər sahələrində antisovet, diversiya
cinayətlərinin əsas təhrik ediciləridilər.
ÜİK(b)P MK bütün vilayət, diyar komitələrinin
katiblərinə və respublikaların XDİK nümayəndələrinə
təklif edir ki, öz doğma bölgələrinə geri
qayıdan qolçomaqları və cinayətkarları onlardan
ən çox düşmən mövqeyi sərgiləyənləri
dərhal həbs edib inzibati qaydada işlərini
"üçlük"lərə təqdim edib güllələnmələri
üçün qeydiyyata alsınlar. Qalan düşmən
mövqedə olub daha az aktivlik göstərənləri isə
yenidən qeyd edib XDİK-in göstərişi ilə digər
bölgələrə sürgün etsinlər". Beş
gün müddətində üçlüklərin heyəti,
eləcə də güllələnməli və
sürgün edilməli şəxslərin sayı MK-ya təqdim
edilsin.
1937-ci il iyulun 3-də
ÜİK(b)P MK-nin Siyasi Bürosu bütün vilayət, diyar
komitələrinin və respublikaların kommunist
partiyalarının mərkəzi komitə katiblərinə
teleqramlar göndərdilər. İyulun 9-da Mircəfər
Bağırov Moskvaya 4000 nəfərin (1800
qolçomağın, 2200 cinayətkarın) aradan
götürülməsinin sanksiyalaşdırılması və
onlar haqqında hansı tədbirlərin görülməsi
barədə sual şifrəli teleqram yolladı.
Səhəri
gün çıxarılan ÜİK(b)P MK-nin Siyasi
Bürosunun üçlüklərin heyətinin müəyyən
edilməsi, həmçinin repressiyaya məruz qalacaq şəxslərin
say limiti ilə bağlı qətnaməsinin Azərbaycanla
bağlı hissəsində qeyd olundu: "...Nəzərdə
tutulmuş 500 qolçomağın, 500 cinayətkarın
güllələnməsi və 1300 qolçomağın, 1700
cinayətkarın sürgün edilməsi təsdiq edilsin.
Əks-inqilabi üsyançı təşkilatların
işlərinə, 750 nəfərin sürgün edilməsi,
XDİK düşərgələrinə cinayətkar
qrupların üzvü olan şəxslərin 150-sinin ailəsinin
sürgün edilməsi və 500 nəfərin güllələnməsini
tətbiq etməklə üçlüklər tərəfindən
baxılmasına icazə verilsin".
1937-ci ildə
yalnız üçlük tərəfindən siyasi cinayətlərə
görə 2792 nəfər güllələnmə, 4425 nəfər
isə uzun müddətli həbs cəzalarına məhkum
olundu.
Ən dəhşətli
faklardan biri də məhkumlara verilən işgəncələr
idi. Xüsusi cəza növləri müəyyənləşdirilmişdi.
"Günahlarını" etiraf etmək, digər
"günahkarların" adlarını çəkmək
üçün onlara insanlığa sığmayan
ağır işgəncələr verilirdi. Arxivlərdə
bu barədə şahid ifadələri var.
"Xalq
düşmənləri"nin ailə üzvlərinə və
digər yaxın qohumlarına da eyni aqibəti
yaşatdılar. Onlar da həbs edilir, sürgünlərə
göndərilir, işgəncələr çəkirdilər...
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.- 1 noyabr, № 239.- S. 11.