İnsanları
üz-üzə qoyub
məhv edirdilər
Xəlil ağa
qardaşı Zeynal ağa Alabaşlı dəmir yolu vağzalında ermənilər
tərəfindən qəsdən
faciəli şəkildə
qətlə yetiriləndən
çox narahat idi. Axtarışda olduğundan nə üzə çıxıb
açıqdan-açığa şikayət edə, nə də irəli durub ermənilərlə haqq-hesab
çəkə bilirdi.
Bu dərdin ağrı-acısı ilə
iki ilə yaxın qovrula-qovrula yaşayan Xəlil ağanın 1924-cü ildə
bir yersiz hərəkəti onu da, illərlə orada-burada gizlənən ailənin digər üzvlərini də yenidən hədəfə
gətirir.
Gürcüstan tərəfindən
gələn rus əsgərlərinin Şəmkirin
ərazisinə girməyə
imkan verməyən Şamxor qiyamının əsas dəstə başçılarından və
təşkilatçılarından olan qolçomaq Xəlil ağa günün-günorta çağı
küçədə, qonşuların
yanında yeni quruluşun ən böyük rəhbəri,
bolşeviklərin sevimlisi
Vladimir İliç Lenini söyür, rəhbərin vəfatının
ili çıxmamış
onun ruhunu narahat edir. Bunu
da çuğul dərhal yeni quruluşun böyüklərinə
çatdırır. Yarım
saat çəkməmiş
"cinayətkarı" həbs
edib, axşamı yollayırlar Kirovabad (Gəncə) türməsinə.
Narahat olan qohum-əqrəba əl-ayağa
düşür. Söhbət
gedib Xəlil ağanın anası Güllünün Gəncədə
yaşayan dayısı
oğlu, yeni hökumətin yanında sözü ötənlərdən
olan, diviziya komandiri Cəlil Əliyevə çatır.
Sən demə, Cəlil Əliyev əslən Gorandan olan Şamxor (Şəmkir) rayon prokuroru ilə (təəssüf ki, adı unudulub) dost
imiş. Hər iki dostun "məsləhət-məşvərətindən"
sonra vəziyyət dəyişir. Səhəri
gün axşamtərəfi
Cəmil Əliyevin kiçik qardaşı Musa müəllimin vasitəçiliyi ilə
Xəlil ağanı qazamatdan qurtarmağa söz verənlərə
istənilən qədər
qızıl pul çatdırılır. Bundan
sonra aparılan istintaq işinin nəticəsindən və
alınan yeni şahid ifadələrindən
məlum olur ki, Xəlil ağa küçədə,
camaatın içində
qonşusu ilə höcətləşəndə Lenini yox, öz
qohumu Leylini söyübmüş.
Prokuror və müstəntiqlər çuğulun
yeni quruluşun məmurlarına yanlış
xəbər gətirməsinə
"təəssüflənib", onu ayıq-sayıqlığına
görə tərifləyirlər.
Sonda Xəlil ağa Bədirbəylini qohumu Leyli ilə
münasibətlərini qaydaya
salmaq şərtilə
azadlığa buraxırlar.
O dövrdə Gəncəbasar
bolşeviklərinin lideri
qolçomaqlara qarşı
mübarizədə yaxın
qohumlarla yanaşı,
qapıbir qonşuları
da bir-birinə qarşı qoymağı
ən vacib amillərdən biri kimi tövsiyə etmişdi. Bununla da insanları öz dini-mənəvi dəyərlərinə qarşı
çıxmağa, doğmalarından,
yaxınlarından üz
döndərməyə vadar
edirdilər. Xəlil ağanın qonşusunun timsalında bu, real nəticə idi.
Lenin və Leyli əhvalatından üç il sonra Xəlil ağanı yenidən repressiya maşınının
ağzına itələyirlər...
O, evindən çıxanda,
küçədə yeni
quruluşun adamları
tərəfindən öyrədilmiş
qapı-qonşusu ilə
heç nədən sözləri çəpləşir.
Qonşu haqq-nahaq dirəşir ki, sənin Gədəbəy
qaçaqları ilə
əlaqən var, arvadın Zinyət xanım Gədəbəy
qaçaqlarının başçısı
Məcid ağanın
yaxın qohumu Məşədi Məhəmmədin
qızıdır. Qayınatan
mülkədardır, özünün
də qaçaqlarla əlaqən var... Sən hər yerdə deyirsən kolxoza yazılmayın, camaat arasında yeni quruluşa qarşı əks-təbliğat
aparırsan... Qonşusu
deyir ki, bunu gedib NKVD-yə çatdıracam. Əsəblərini cilovlaya
bilməyən Xəlil
ağa hamının gözü qarşısında
ona böhtan atan, yalandan üzünə durmaq istəyən qonşusunu bıçaqlayıb öldürür.
NKVD və Siyasi
İdarə əməkdaşlarının
gecə-gündüz göz
dustağına çevrilən
qolçomaq oğlu mülkədar Xəlil ağanı 1928-ci ildə
yenidən həbs edirlər. Bu zaman qohumların Xəlil ağanı güllələnmədən, yaxşı
halda gedər-gəlməzə
sürgündən qurtarmaq
üçün Gəncəbasarda
döymədikləri qapı
qalmır... Bir ilə yaxın istintaq aparan NKVD müstəntiqləri yaxşı
qızıl pul müqabilində Xəlil ağa Bədirbəylini fövqəladə üçlüyün
qərarı ilə
10 il müddətinə
sürgünə göndərilməsinə
nail ola bilirlər.
Bir neçə
ildən sonra Rusiyadan Xəlil ağanın Gəncədə
yaşayan rusəsilli
uzaq tanışlarından
birinin ailəsinə məktub gəlir. Məktubda yazılan üstüörtülü anlaşmadan
təxminən bir ay sonra bu
"xoş xəbər"
axşamdan xeyli keçmiş Xəlil ağanın ailəsinə
də çatdırılır.
Məktubun izi ilə rus dili
bilən qohumlardan biri Sibirə - çətinliklə də
olsa, məktub gələn kəndə gedir, yaxınlıqdakı
sürgün düşərgəsini
tapa bilir. Beləliklə, vaxtilə
həmin sürgün
düşərgəsində olmuş, sonradan yaxınlıqdakı kənddə
ailə qurub-yaşayan
adamla gizli əlaqələr yaranır.
Bu əlaqələr nəticəsində küllü
miqdarda qızıl pulun hesabına Xəlil ağa 6 ildən sonra, 1933-cü ildə sürgündən
qayıda bilir.
Sürgündən qayıdan
Xəlil ağanın
səsi alınmışdı,
heç bir sovet idarəsinə, kolxoz işinə yaxın buraxmırdılar.
Neçə il idi ki, ailəsini
və özünü
həyətyanı təsərrüfatı
ilə dolandırırdı.
Şamxor NKVD-sində
döyülə-döyülə öldürülən atası
Qədim ağanın
40-ı çıxmamış, 1937-ci il sentyabr ayının
10-da gecəyarısı Xəlil
ağanı "qolçomaqsan",
deyə üçüncü
dəfə həbs edirlər. İstintaqın
gedişində onun sovet hökumətini devirməyə, sarsıtmağa,
zəiflətməyə və
ayrı-ayrı əks-inqilabi
cinayətlər etməyə
çağıran təbliğat
və təşviqata
meyilli olduğunu boynuna qoyaraq, özünün də iştirakı olmadan keçirilən məhkəmə
iclasında fövqəladə
üçlüyün 7 oktyabr
1937-ci il tarixli qərarı ilə əmlakı müsadirə
olunmaqla, "xalq düşməni" elan
edilərək 10 il müddətinə - 5 il siyasi hüquqlardan məhrum edilməklə yenidən Sibirə sürgünə göndərilir.
Ailəsi və
yaxınları uzun illər bilməyiblər ki, Xəlil ağa Rusiyanın hansı bölgəsinə
sürgün edilib: nə qədər yaşayıb, nə vaxt ölüb, harada dəfn olunub məlum deyil... Doğmaları illərlə sovetlər birliyinin aidiyyəti orqanlarına bu suallarla dolu məktublar, ərizələr,
müraciətlər ünvanlasalar
da, istənilən cavabı ala bilməyiblər. Yalnız
62 ildən sonra Azərbaycan SSR Ali Məhkəməsi Cinayət
İşləri üzrə
Məhkəmə Kollegiyasının
1990-cı il 6 mart tarixli qərarı ilə Bədirbəyli Xəlil ağa haqqında 1937-ci il 7 oktyabr tarixli qərarı ləğv edilmiş, əməlində
cinayət tərkibi olmadığı üçün
ona bəraət verilmişdir.
Rəhman SALMANLI,
Azərbaycan.-2023.-
1 noyabr, № 239.- S. 11.