Heydər Əliyev diaspor hərəkatının əsasını qoymuşdur

 

 Bu il 100 illik yubileyi qeyd olunan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müasir tarixini yaradan dahi şəxsiyyətdir. Böyük rəhbər dövrünün əsl əfsanəsi olmaqla  dövlət quruculuğu kimi çətin tarixi vəzifəni üzərinə götürmüş və bu işi uğurla yerinə yetirmişdir. Heydər Əliyevlə görüşən hər kəs onun fantastik xarizmasından, qeyri-adi, güclü təxəyyülündən danışır. Azərbaycançılıq ideologiyasını həmrəylik simvoluna çevirən Ulu Öndər xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanmasına da mühüm töhfələr vermişdir.

Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərində başladığı böyük azərbaycançılıq məfkurəsinin kökündə, 20 ildən sonra öz müstəqilliyini bərpa edən Azərbaycanın diaspor hərəkatının təməli qoyulmuşdu. Həmin illərə qədər azərbaycanlıların Rusiyada təhsil alması prosesi pərakəndə şəkildə təşəkkül tapmışdır. Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsi bu məsələdə ciddi dönüş yaratdı. Rusiyanın müxtəlif şəhərlərində ali təhsil almaq üçün kvotalar alındı. Minlərlə azərbaycanlı bu siyasətdən bəhrələnə bildi. Onların böyük əksəriyyəti vətənə dönsə də, müəyyən hissəsi Rusiya cəmiyyətinə inteqrasiya etdi. Bu siyasətin bəhrəsini biz ötən əsrin 90-cı illərində SSRİ-nin süqutundan sonra daha aydın gördük...

Müstəqilliyimizin bərpasından sonra məhz o illərdə təhsil alan kadrlar diaspor hərəkatımızın ilk qaranquşları oldular. Eyni zamanda Rusiyada hərbi təhsil alıb xidmət keçən zabitlərimiz vətənə dönüb yenicə formalaşan Azərbaycan Ordusunda xidmətə başladılar...

 2001-ci ildə Rusiyada yaşayan azərbaycanlıların hüquq və mənafelərinin qorunması məqsədilə Ümumrusiya Azərbaycanlılar Konqresi yaradıldı. Bu məsələdə incə bir məqam var idi. Əslində, iki il əvvəl 1999-cu ildə Rusiyada azərbaycanlıların federal milli-mədəni muxtariyyatı qeydiyyatdan keçmişdi. Onda ikinci təşkilatın yaradılmasına nə lüzum var idi? Rusiyanın federal qanununa əsasən, federal milli-mədəni təşkilat yalnız RF-nin vətəndaşı olan azərbaycanlıların hüquq və mənafeyinin müdafiəsi və təbliği ilə məşğul ola bilirdi. 2000-ci illərdə isə RF-də yaşayan azərbaycanlıların böyük əksəriyyəti Azərbaycan Respublikasının vətəndaşları idi. Onlar yalnız bu ölkədə müvəqqəti yaşayış statusunda idilər. Məhz bu incə məqamı Ümummilli Lider sezərək öz nüfuzundan  istifadə edib Ümumrusiya Azərbaycanlılar Konqresinin yaradılmasına nail oldu. Axı bu kateqoriyadan olan insanların da mənafeyi qorunmalıdır. Qısa zamanda Rusiyada müxtəlif dairələrdə fəaliyyət göstərən istər elm, istərsə də biznes sahəsində çalışan nüfuzlu azərbaycanlılar bir araya gəldilər.

Təsis konfransında RF prezidenti Vladimir Putin və Heydər Əliyev şəxsən iştirak etdilər. Bir ömür Moskvada yaşayan, bir-birini tanımayan neçə-neçə azərbaycanlının bir araya gəlməsi Heydər Əliyev şəxsiyyətinə hörmətin nəticəsi idi. Həmin təşkilat fəaliyyət göstərdiyi illərdə Azərbaycan mədəniyyəti ilə bağlı möhtəşəm layihələrə imza atmışdır. Rusiya subyektlərində Azərbycan mədəniyyəti günləri keçirilmişdir. Bu,  RF-də Azərbaycan diaspor hərəkatının vüsət almasına  böyük təkan verdi. Vilayətlərdə qubernator yanında Millətlər Şurasına Azərbaycan diaspor rəhbərləri üzv seçildilər. Məhz həmin kadrların sayəsində Rusiyada müasir Azərbaycan diasporunun intibah dövrü başladı.

Ümummilli Lider Heydər Əliyevin Moskvadakı böyük fəaliyyəti dövründə RF-nin bir çox vilayətində regionlarla bağlı mühüm strateji layihələrin həyata keçirilməsində mühüm rolu olmuşdur. Məsələn, 1973-1978-ci illərdə Arxangelsk vilayətində ərzaq təhlükəsizliyi ilə bağlı problem yaşanırdı. Arxangelsk vilayəti Rusiyanın şimal-şərq qütbündə yerləşir. İqlim şəraiti kənd təsərrüfatı üçün bir o qədər də əlverişli deyil. Həmin illərdə məhz Heydər Əliyevin təşəbbüsü ilə SSRİ-nin cənub respublikaları Rusiyanın şimal vilayətinin bir neçə subyektlərini himayəyə götürdü. Azərbaycanın da payına Arxangelsk vilayəti düşdü. O illərdə 5 il müddətində mütəmadi olaraq meyvə-tərəvəz məhsulları ilə Arxangelsk vilayəti Azərbaycan Respublikası tərəfindən təmin olundu. 1975-ci ildən başlayaraq müxtəlif obyektlərin, o cümlədən M-8 federal magistralının tikintisi ilə məşğul olan Pomorska ixtisaslı mütəxəssislər, mühəndislər, inşaatçılar və tələbə dəstələri də göndərildi.

Bu  gün də o yanaşma həmin dövrün insanları tərəfindən xoş təəssüratla xatırlanır.  Arxangelsk vilayətinin inkişafı üçün bu işlər indi də davam edir. Vilayətdəki Azərbaycan diasporunun bir çox üzvü üçün Pomorsk ikinci vətənə çevrilib. Azərbaycanlılar burada yaşlı insanlara, hərbçilərin ailələrinə dəstək verir, abadlıq işlərində iştirak edir, xeyriyyə tədbirləri təşkil edirlər.

Eynilə Ulyanovsk vilayətində 1984-cü ildə bu gün "Prezident körpüsü" adlanan layihənin reallaşdırılmasında Ulu Öndərin müstəsna xidmətləri olub. Sonralar həmin layihə Prezident İlham Əliyev tərəfindən davam etdirilərək tamamlanmışdır. Ümumiyyətlə, Rusiya Federasiyasının bir çox subyektində Heydər Əliyevlə bağlı parlaq bir qürurverici xatirənin izini görmək mümkündür. SSRİ-də  istər Sov.İKP Siyasi Büro üzvləri, istərsə də o zamanının yetişdirdiyi  siyasi fiqurların heç biri Heydər Əliyev zirvəsinə yüksələ bilmədi. Bunu biz yox, yerli ictimaiyyətin insanları bu gün də yüksək ehtiramla ifadə edirlər.

Hazırda Rusiya Federasiyasının regionlarında Azərbaycan diaspor təşkilatları aktiv şəkildə fəaliyyət göstərərək dövlətimizi və xalqımızı layiqincə təmsil edirlər. Bu baxımdan "Arxangelsk vilayətində Azərbaycan diasporu" regional ictimai təşkilatı da öz fəaliyyətində qarşıya qoyulan vəzifələri yerinə yetirməyə çalışır. Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsini hər bir vətənpərvər soydaşımız, eləcə də Arxangelskdəki diasporumuz da böyük sevinc hissi ilə qarşılayıb.

Diaspor olaraq tərəfimizdən "Heydər Əliyev İli" çərçivəsində bir çox tədbir keçirilib. Rusiyanın nüfuzlu "Arqumentı i Faktı" qəzetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə məqalələr dərc olunub. Rusiya Federasiyasının Arxangelsk vilayətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan mini-futbol turniri keçirilib. Yeri gəlmişkən, turnirdə iştirak edən "Azərbaycan" komandası ikinci yerə çıxıb. Qarşıda "Heydər Əliyev İli" çərçivəsində keçiriləcək bir sıra tədbirlərimiz var.

Heydər Əliyev bütün ömrünü Azərbaycan üçün yaşamışdı. Ulu Öndər həyatının ən böyük qayəsini milliliyin, həmrəyliyin qorunub saxlanmasında görürdü.

 

Tərlan QASIMOV,    

"Arxangelsk vilayətində Azərbaycan diasporu" regional ictimai təşkilatının idarə heyətinin sədri

Azərbaycan.-2023.- 2 noyabr, ¹ 240. - S.5.