Ölkəmizdə
reallaşdırılan bərpaolunan
enerji layihələrinə
investorların marağı
artır
Azərbaycanla Birləşmiş
Ərəb Əmirlikləri
(BƏƏ) arasında iqtisadi
əməkdaşlıq inkişaf
etməkdə davam edir. Dubay Ticarət
və Sənaye Palatasının MDB üzrə
nümayəndəliyinin məhz
Bakıda açılması
da ölkələrimiz
arasında əməkdaşlığa
verilən dəyərin
göstəricisidir.
Uzun illərdir ölkələrimiz
arasında iqtisadi-ticarət
əlaqələrinin inkişafında
hər iki tərəfin iş adamları yaxından iştirak edir. O cümlədən biznes dairələrinin təşkil
etdikləri "dəyirmi
masa"lar yeni əlaqələrin qurulmasında
mühüm rol oynayır. Onu da qeyd edək
ki, iki ölkə
arasında iqtisadiyyatın
bir sıra mühüm sahələrinə
investisiya qoyuluşu üçün geniş əməkdaşlıq imkanları
mövcuddur. Odur ki, ticarət
əlaqələrinin genişləndirilməsi,
bərpaolunan enerji, turizm və digər sahələrdə
əməkdaşlıq məsələləri
daim hər iki tərəfin
diqqət mərkəzindədir.
Təsadüfi deyil ki, indiyədək ümumilikdə BƏƏ tərəfindən
Azərbaycan iqtisadiyyatına
2,2 milyard dollar, Azərbaycan tərəfindən BƏƏ-yə 350 milyon dollardan çox sərmayə yatırılmışdır.
Bir neçə
gün əvvəl açılışı olan
"Qaradağ" Günəş-Elektrik
Stansiyasının Birləşmiş
Ərəb Əmirliklərinin
"Masdar" şirkəti
tərəfindən inşa
olunması da qarşılıqlı iqtisadi
əlaqələrin məzmununun
dərinliyini üzə
çıxarır. Açılış
mərasimində Prezident
İlham Əliyev 230 meqavat gücünə malik "Qaradağ"ın
regionda ən böyük günəş-elektrik
stansiyası, Azərbaycanda
xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji stansiyası olduğunu vurğulamış,
bu tədbirdə Birləşmiş Ərəb
Əmirliklərinin dörd
nazirinin və geniş tərkibdə nümayəndə heyətinin
iştirakını ölkələrimiz
arasındakı dostluğun
və tərəfdaşlığın
nadir nümunəsi kimi qiymətləndirmişdir.
Bir neçə
gün əvvəl isə Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti
ilə Birləşmiş
Ərəb Əmirliklərinin
"Masdar" şirkəti
arasında yeni sənədlərin imzalanması
mərasimi olmuşdur.
Azərbaycan Hökuməti
tərəfindən energetika
naziri Pərviz Şahbazov, SOCAR tərəfindən
iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri
Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin
"Masdar" şirkətinin
baş icraçı
direktoru Məhəmməd
Cəmil Əl-Ramahi
"Azərbaycan Respublikası
Hökuməti ilə
"Abu Dhabi Future
Energy Company - Masdar" şirkəti
arasında Neftçala rayonunun Bankə qəsəbəsində
günəş-elektrik stansiyası
layihəsi ilə bağlı investisiya müqaviləsi"ni, "Azərbaycan
Respublikası Hökuməti
ilə "Abu Dhabi Future Energy Company - Masdar"
şirkəti arasında
Azərbaycan Respublikasının
Biləsuvar rayonunda günəş-elektrik stansiyası
layihəsi ilə bağlı investisiya müqaviləsi"ni və
"Azərbaycan Respublikası
Hökuməti ilə
"Abu Dhabi Future
Energy Company - Masdar" şirkəti
arasında Azərbaycan
Respublikasının Abşeron-Qaradağ
rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı investisiya müqaviləsi"ni imzalamışlar.
Belə mühüm
müqavilələrin imzalanması
bir daha göstərir ki, Azərbaycan iqtisadi islahatlara və yeni texnologiyalara açıq ölkə kimi ciddi əməkdaşlığa
və yüksək texnologiyaların geniş tətbiqinə inamla gedir, dünya miqyasında ciddi və etibarlı
tərəfdaş kimi
qəbul edilir. Bu baxımdan iki ölkənin iqtisadiyyat nazirlikləri arasında əlaqələrin
getdikcə intensivləşməsi
təqdirə layiqdir.
Çünki iqtisadi sahədə həyata keçirilən uğurlu
əməkdaşlıq həm
də qarşılıqlı
ticarət əlaqələrinin
geniş inkişafına
zəmin yaradır. Bu isə öz
növbəsində Azərbaycana
yeni investisiyaların cəlb edilməsini stimullaşdırır. Hər
iki ölkənin Dördüncü Sənaye
İnqilabı Mərkəzləri
şəbəkəsinə qoşulması bu sahədə əməkdaşlıq
üçün yeni perspektivlər açır.
2022-ci il iyunun
4-də "Bakı Enerji
Həftəsi"nin Şuşa
şəhərində keçirilmiş
xüsusi sessiyası çərçivəsində Azərbaycanın Energetika
Nazirliyi ilə
BƏƏ-nin "Masdar"
şirkəti arasında
"Azərbaycan Respublikasında
quruda sənaye miqyaslı 1 QVt gücündə günəş
və 1 QVt gücündə külək
enerjisi layihələrinin
qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi
ilə bağlı icra müqaviləsi" və "Dənizdə 2
QVt gücündə inteqrasiya edilmiş külək və "yaşıl hidrogen" layihələrinin qiymətləndirilməsi,
inkişafı və həyata keçirilməsi
ilə bağlı icra müqaviləsi" imzalanmışdır.
Prezident İlham
Əliyev bu ilin yanvarında Əbu-Dabi Dayanıqlılıq
Həftəsinin rəsmi
açılış mərasimində
çıxışı zamanı
bildirmişdir ki,
"Masdar" ilə
Azərbaycan Dövlət
Neft Şirkəti
(SOCAR) 4 qiqavatlıq külək
və günəş
enerjisinin istehsalına
dair razılaşma imzalamışlar: "Bu,
hələ qısamüddətli
layihədir. Ortamüddətli
layihələrin gücləri
10 qiqavata qədər
artıralacaq. Bu, tamamilə icraolunandır.
Bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində "Masdar"
ilə apardığımız
əməkdaşlıq Azərbaycanı
çox mühüm
"yaşıl enerji"
mənbəyinə çevirəcək.
Bütövlükdə Azərbaycanın
beynəlxalq enerji şirkətləri ilə
imzaladığı anlaşma
memorandumları və
sazişlər 22 qiqavata
qədər külək
və günəş
enerjisi istehsal etmək imkanı yaradacaq".
Dövlət başçısı
Azərbaycanın beynəlxalq
enerji təhlükəsizliyində
oynadığı rola
işarə edərək
bu istiqamətdə görülən işdən
də bəhs etmişdir: "Cəmi iki il əvvəl
Azərbaycan "Cənub
qaz dəhlizi" meqaenerji layihəsini öz tərəfdaşları
ilə başa çatdırıb, Azərbaycandan
Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini
qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdən
çoxdur. Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr
idisə, bu il 24 milyard kubmetrə
çatacaq. Bu rəqəm artmaqda davam edəcək. Buna görə mən bir daha
söyləmək istərdim
ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə
çevrilməsi planlarımız
Azərbaycanın öz
enerji təhlükəsizliyi
ilə bağlı deyil. Belə ki, biz həmin
işləri artıq
söylədiyim başqa
səbəblərə görə
aparırıq".
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2023.-
2 noyabr, № 240. - S.9.