Dünyanın səkkizinci möcüzəsi... Xəzərdə

 

Neft Daşlarının 74 yaşı tamam olur

 

 

74 yaşı tamam olan Neft Daşları özünün daimi adını almazdan əvvəl "Qara daşlar", "Yeddi gəmi adası" kimi tanınıb. Sonralar bu bənzərsiz məkanı obrazlı şəkildə "Möcüzələr adası", "Dünyanın səkkizinci möcüzəsi", "Əfsanəvi şəhər" adlandırıblar. Xəzərin qoynunda, polad dirəklər üstündə məskən salan Neft Daşları, əslində, analoqu olmayan mədən-şəhərdir.

Neft Daşları elə bir yerdir ki, onun haqqında sözlə təsəvvür yaratmaq çətindir. Bu möcüzələr şəhəri haqqında neçə filmə baxsan, qədər məlumat əldə etsən , hansı mənzərələrə malik olduğunu necə əhəmiyyət daşıdığını yalnız onu görəndən sonra bilirsən. Ümummilli Lider Heydər Əliyev burada dəfələrlə olmuş, estakada meydançaları gəzmiş, dənizin qoynunda hünər göstərən neftçilərlə görüşmüş, bir sözlə, Neft Daşlarını sevmişdi. Buraya səfər edəndən sonra Neft Daşları haqqında həqiqəti özünün dahiyanə fikri ilə ifadə etmişdi: "Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz".

 "Neft Daşları", ilk növbədə, karbohidrogenlərlə zəngin dəniz yatağıdır. Bu yataq Xəzər dənizinin akvatoriyasında, Abşeron neftli-qazlı rayonunda, Bakı şəhərindən 110, Pirallahı adasından 50 kilometrlik məsafədə yerləşir. Yataq "Neft Daşları" NQÇİ (Neft Qazçıxarma İdarəsi) tərəfindən istismar olunur. Burada ilk neft quyusu 1949-cu il noyabrın 7-də fontan vurub. 1951-ci ildən "Neft Daşları"nın, 1963-cü ildən isə "Palçıq Pilpiləsi"nin sənaye əhəmiyyətli işlənməsinə başlanıb. Həmin vaxtdan indiyədək bu yataqlardan fasiləsiz olaraq neft qaz çıxarılır. Bu, Xəzərin fırtınalı qoynunda ekstremal şəraitdə işləyən Azərbaycan neftçisinin fədakar əməyinin, ona hərtərəfli qayğısını getdikcə artıran Azərbaycan dövlətinin dəstəyinin nəticəsidir.

"Neft Daşları"nın ərazisini sulardan baş qaldıran çıxıntıların - qara daşların yaxınlığında müşahidə ediblər. Odur ki, ilk adı "Qara daşlar" olub. Bu yatağın kəşfi, işlənməsi, sonra da burada - dənizin açıq qoynunda oxşarı olmayan bir şəhərin salınması Azərbaycanın geoloqlarının, neft mütəxəssislərinin, sənaye tikintisi ilə məşğul olan inşaatçılarının əlbəttə, fədakar dəniz neftçilərinin qəhrəmanlığı sayəsində mümkün olub. Əslində, dəniz neftçisi adlanan bir peşə elə bu möcüzələr adasında yaranaraq formalaşıb.

Dəniz neftçilərinin 23 nəfərdən ibarət ilk dəstəsi 1948-ci ildə birinci quyunun kəşfiyyatına başladı. Böyük neft təşkilatçısı Sabit Orucovun, geoloq Ağaqurban Əliyevin qazma sahəsində zəngin təcrübəyə malik mühəndis Yusif Səfərovun təklifi ilə əlavə xərclərə yol verməmək işçi qüvvəsinə qənaət etmək üçün Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş yeddi iritonnajlı gəmi gətirilərək "Qara daşlar"ın yanında basdırıldı. Süni buxta yaradıldı. Bu dəfə isə məkanı "Yeddi gəmi adası" adlandırmağa başladılar. Qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi "Yeddi gəmi adası" Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi... Usta Mixail Kaveroçkinin başçılıq etdiyi qazmaçılar briqadasının 1 nömrəli quyudan götürdüyü nümunə 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasından xəbər verirdi. Beləcə, 74 il əvvəl noyabrın 7-də quyu fontan vurdu. Bu, dünya dəniz nefti erasının başlanması demək idi.

Sonrakı dövrdə Xəzərdə tikinti işləri geniş vüsət aldı. 1951-ci ildən estakada meydançaların tikintisinə, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, istehsal yaşayış təyinatlı obyektlərin inşasına başlandı. Bu isə dünyada analoqu olmayan Neft Daşları adlı şəhərin qurulmasının başlanğıcı idi. Polad dirəklər üstündə qurulan, o vaxt da, elə indinin özündə heç yerdə bənzəri olmayan, dünyanı heyrətə gətirən bir şəhərin...

Neft Daşlarını möcüzə adlandırsalar, əfsanəyə bənzətsələr , o, əsl həqiqətdir, işləyən, yaşayan, qurub-yaradan şəhərdir. Lakin elə bir şəhərdir ki, burada məktəblər, uşaq bağçaları, insanların ailəliklə yaşadığı mənzillər, evlər yoxdur. Beş doqquz mərtəbəli yataqxanalar, yeməkxanalar, vertolyot meydançası, tibbi-sanitar hissə, mağazalar var. Bu şəhərdə yalnız neftçilər yaşayır, həm təkcə əmək növbələri günlərində. Neftçilər dedikdə təkcə dənizin dərin qatlarından "qara qızıl"ı çıxaranlar deyil, böyük neftçi "ailə"sinin bütün üzvləri - geoloqlar, kəşfiyyatçılar, qazmaçılar, inşaatçılar, rabitəçilər, energetiklər, nəqliyyatçılar xidmət sahələrində çalışanlar nəzərdə tutulur. Onlar "Neft Daşları" Neft Qazçıxarma İdarəsinin, eləcə neçə-neçə digər müəssisə təşkilatın nümayəndələridirlər. Növbələşərək işləyirlər - bir həftə dənizdə, növbəti həftə quruda, ev-eşiklərində olurlar.

Neft Daşları, yaşı artsa da, "qocalmır". Son illər ərzində "Neft Daşları" və "Palçıq Pilpiləsi" yataqlarında onlarca stasionar dəniz özülü, geniş sahəsi olan estakadayanı meydançalar, estakadalar inşa edilib. Bütün qurğuların saz vəziyyətdə olması daim diqqət mərkəzindədir. Odur ki, mütəmadi olaraq yataqların ərazisində cari təmir işləri də həyata keçirilir.

Yamyaşıl parkları, gül-çiçəyi, ikimərtəbəli "Çay evi", idman zalı bu şəhərin başqa bir möcüzəsidir. Çünki bunların hamısı açıq dənizin qoynunda, polad meydançaların üstündədir.

Ulu Öndər Heydər Əliyev Neft Daşlarını "XX əsrdən XXI əsrə atılan körpü" , "Azərbaycan neftçilərinin qəhrəmanlıq abidəsi"adlandırıb. Prezident İlham Əliyev dəfələrlə qəhrəmanlıq salnaməsi davam edən bu qeyri-adi şəhərdə olub, onun fədakar "sakinləri" - Xəzərin sərt fırtınalarına sinə gərən neftçilərlə görüşüb. Dövlətimizin başçısının "Neft Daşları hələ uzun illər Azərbaycana çox ləyaqətlə xidmət edəcəkdir" sözlərinin isə şərhə ehtiyacı yoxdur.

 

  Flora SADIQLI,

Azərbaycan.-2023.- 2 noyabr, № 240. - S.9.