Heç bir qüvvə bölgədə yaranmış
yeni reallığı
dəyişə bilməz
Azərbaycan Vətən
müharibəsində zəfər
qazandıqdan sonra Prezident İlham Əliyevin təşəbbüsləri
ilə bölgədə
dayanıqlı sülhə
nail olunması istiqamətində mümkün
addımlar atılmağa
başlandı.
Bu istiqamətdə formalaşdırılan
platformalarda Ermənistanla
danışıqlar prosesinə
start verildi. Lakin danışıqların
gedişatı göstərdi
ki, əslində, müasir
Qərb vasitəçilərinin
postmüharibə dövründəki
yanaşmaları mahiyyətcə
30 il ərzində davam
etmiş və uğursuzluğa düçar
olmuş vasitəçilik
cəhdlərindən heç
nə ilə fərqlənmir.
Mövzu ilə bağlı qəzetimizə
açıqlama verən
Milli Məclisin deputatı
Bəhruz Məhərrəmov deyib ki, vaxtilə
ATƏT-in Minsk qrupu Azərbaycanı
işğalla barışmağa,
Ermənistanın torpaqlarımızı
işğal etməsini
leqallaşdırmağa çalışdıqları
kimi, hazırkı vasitəçilər də
mövcud status-kvonun davam etməsinə cəhd göstərirlər.
Qərb Azərbaycan ərazisində separatçı
qurumun mövcudluğunda,
eyni zamanda Ermənistan silahlı qüvvələri birləşmələrinin
qanunsuz şəkildə
Qarabağ ərazisində
qalmasında həmişə
maraqlı olub.
Deputat qeyd edib ki, lakin Azərbaycan 30 il əvvəlki
ölkə deyildi və Prezident İlham Əliyevin qətiyyətli
gedişləri ilə
Qərbin bu arzusu puç oldu. Azərbaycan özünün ərazi və sərhəd bütövlüyünü, bütün
ərazilərində Konstitusiya
quruluşunu tam bərpa
etməklə, bölgədə
separatizmin sonunu gətirdi, vasitəçilərinin
arzu etmədiyi yeni reallıq formalaşdırdı.
Sirr deyil ki, Qərb Cənubi Qafqazda özünün neokolonalist,
neoimperialist niyyətlərini
həyata keçirmək
üçün separatizm
ocağına ehtiyac duyurdu və bu mənada Prezident İlham Əliyev bölgədə separatizmə
son qoymaqla, əslində,
Qərbin mənfur niyyətlərinin üzərindən
xətt çəkdi.
"Azərbaycanın hüququn
aliliyini təmin etməsi və regionda işğal və təcavüz faktoruna son qoyması Qərb tərəfindən
beynəlxalq hüququn
prinsiplərinin aliliyinin
təmin olunması kimi yox, özlərinin
məqsədlərinin suya düşməsi
kimi qiymətləndirilir
və onlar prosesi davamlı isterikalarla müşayiət
edirlər. Avropa İttifaqı missiyasının
Ermənistandakı fəaliyyəti,
Fransanın, Avropa İttifaqının davamlı
olaraq Azərbaycana müxtəlif platformalarda
siyasi hücumlar təşkil etməsi bütövlükdə bu
prosesin tərkib hissəsidir", - deyə
B.Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov vurğulayıb
ki, Avropanın ayrı-ayrı
quruluşlarının, həmçinin
Avropa Parlamentinin, eləcə də Avropa ölkələrinin
ayrı-ayrı parlamentlərinin
riyakar, korrupsioner nümayəndələrinin Ermənistana
səfərlərinin intensivləşməsi,
həmçinin "etnik
təmizləmə"yə məruz qalmış Qarabağ erməniləri
ilə görüşərək
onların məzlum durumu barədə dünyaya çağırışlar
etmələri, separatçıların
tör-töküntüləri ilə Ermənistanda "siyasi səviyyədə"
görüşlər keçirmələri
bütövlükdə Qərbin
son çırpıntılarıdır:
"Bu gün cənab
İlham Əliyev elə
bir geosiyasi konfiqurasiya formalaşdırıb
ki, nə Qərb, nə digərləri bölgədə yaranmış
yeni reallığı dəyişə,
ona təsir edə bilməzlər.
Amma Ermənistan nəzərə
almalıdır ki, bu
tip yarımçıq və
siyasi riyakarlıqlarla
dolu addımlar bölgədə sülhə,
sabitliyə təhdid törətməklə, əslində,
elə Ermənistanın
özünün dövlətçiliyini
təhdid altına alır. Paşinyan iqtidarı ilk növbədə
bu kimi təhrikedici
görüşlərə və ritorikaya özünün hakimiyyəti
və Ermənistanın
dövlətçiliyi üçün
təhdid kimi baxmalı və proseslərin bu məcrada inkişafına
imkan verməməlidir".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.- 3 noyabr,
№ 241.- S.5.