Kiçik problemlər həll olunur,
böyük çatışmazlıqlar isə hələ də
qalır
Uzun zamandır paytaxtın əsas problemlərindən
olan, avtomobil sürücülərinin daimi şikayətlərindən
birinə çevrilən parkinq məsələsi həllini
tapmışdı demişdik ki...
Bu məsələ tıxacın
qarşısını bir az da olsa alar
düşünürdük ki...
Ümidimiz yenə də ümid olaraq qaldı...
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
paytaxtda parklanma məntəqələrinin yenidən qurularaq fəaliyyətə
başlamasının bu sahədə illərdir mövcud olan
problemlərin həllinə yardım edəcəyi də
bildirilmişdi. Həqiqətən arzuolunmaz hal alan parklanma və
dövlət büdcəsindən kütləvi yayınma
halları, eləcə də digər nöqsanlar bu sahədə
sistemli müdaxiləni və köklü dəyişikliklərin
labüdlüyünü şərtləndirirdi. Bununla
yanaşı, parklanma yerlərinin müəyyənləşməməsi
avtomobillərin yolboyu qanunsuz və səliqəsiz şəkildə
park edilməsinə gətirib çıxarırdı ki, bu
da şəhərdə sıxlığın artmasına, nəticədə
isə tıxaca səbəb olurdu.
İndi şəhərin mərkəzi küçələrində
parklanma yerləri tapmaq mümkündür, həm də qiymətlər
digər ölkələrlə müqayisədə əlçatandır.
"Parkinq" sistemi 4 aydan çoxdur istifadəyə verilsə
də, ilkin müşahidələr göstərir ki, yeni
parklanma sistemində əsaslı irəliləyişlər
olmasına baxmayaraq, köhnə çatışmazlıqlar
qalmaqla bərabər, yeni problemlər də meydana gəlib…
Şəhərə avtomobili ilə çıxıb,
kor-peşman evə qayıdanlar az olmur, hələ də
istirahət günləri dediyimiz həftəsonlarında bu
kimi halları yaşayanlar çoxdur. Məsələ isə
yalnız "parkinq" yerlərinin azlığı deyil.
Sonuncu ölən ümidlərdir deyib, parklanma yerlərinin
sayının artacağına sonadək ümid edə bilərik.
Amma bəs vətəndaş evinə qayıdanda bu problemlə
rastlaşırsa, onda nə etsin?
"AYNA öz həyətindəki parklanma məntəqəsini
fəaliyyətsiz sayırsa..."
"Yaşadığım mənzilin 100 metrlik əhatə
dairəsində 10-a yaxın parklanma məntəqəsi var.
Binamızın həyətində isə 20004 nömrəli məntəqə
işlək vəziyyətdədir. Fərdi parklanma talonu almaq
üçün mobil tətbiq vasitəsilə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdim. Həmin
ünvan qeydiyyatda olduğum məntəqədir. Lakin
müraciətimə "yaşadığınız ərazidə
parklanma məntəqəsi yoxdur" deyərək, mənfi
cavab verildi. AYNA-nın 104 saylı çağrı mərkəzinə
isə 3 günlük davamlı zənglərimdən sonra (hər
zəngimdə növbədə ən yaxşı halda 15-ci
olduğum deyilirdi) düşə bildim və müraciətimi
araşdıracaqlarına söz verdilər. Növbəti
müraciətlərimə də laqeyd yanaşdılar və
hər dəfə AYNA-dan heç bir nümayəndə ilə
danışa bilməyəcəyimi dedilər. Uzun israrlardan
sonra, nəhayət ki, bir əməkdaşla məni
calaşdırdılar. O da mənə sübut etməyə
çalışdı ki, sizin həyətdə parklanma məntəqəsi
yoxdur. Sonra məlum oldu ki, agentlik parklanma məntəqələrinin
qeydiyyatını düzgün aparmayıb və sistemə səhv
salıb. Yəni prosesi tam başa çatdırmadan pul
yığımına başlayıb. Məni narahat edən
odur ki, yaşadığım mənzil Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi ilə eyni həyətdə,
eyni küçədədir, bizim binalarımız arasında
cəmi 10 metr məsafə var. Əgər AYNA öz həyətindəki
hər gün onlarca avtomobildən ödəniş alan
parklanma məntəqəsini fəaliyyətsiz sayırsa,
paytaxtın ucsuz-bucaqsız ərazilərindəki
"parkinq"lərə necə nəzarət edəcək?"
Əməkdaşımız İ.Hüseynlinin
başına gələn bu əhvalat Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyinin yeni fəaliyyət sahəsi
olan parklanma sistemi ilə bağlı çoxsaylı
narazılıqlardan yalnız biridir.
İş olan
yerdə problemlər olur deyirlər. Bəs problem işin
başladığı ünvanda olarsa, onda necə?
Beləliklə,
parklanma tariflərinin müəyyənləşməsi, yeni
sistemin nə dərəcədə işlək olub-olması
ilə bağlı suallarımızı ekspertə
ünvanladıq.
Parklanma yerindən
didərgin düşənlərin yaratdığı problemlər
Nəqliyyat
eksperti Elməddin Muradlı qəzetimizə
açıqlamasında bildirdi ki, parkinqlərin tariflərinin
müəyyən olunmasından keçən müddətdə
yeni parkinqlər yaradılıb. Bəzilərində yenilərinin
yaradılması ilə bağlı təhlillər
aparılır: "Rəsmi olaraq ödənişli parkinq
yerlərində əməkdaşlar xidmət aparır,
avtomobilini park edən sürücülərə qaydalar, mobil
tətbiq üzərindən ödənişlərin necə
həyata keçiriləcəyi izah edilir. Düzdür, bəzi
nöqsanlar mövcuddur. Bu
baxımdan işlərin qısa müddətdə başa
çatacağını demək düzgün olmaz,
çünki bu sahədə problemlər var və
görüləsi işlər çoxdur. Ən azından bu,
bir yenilikdir və yeniliyin çətinlikləri və problemləri
olur".
E.Muradlı vətəndaşların ən
çox narazı olduğu məqamlara da toxundu: "Ərazidə
yaşayanlara güzəşt tətbiq olunsa da, bu güzəşt
həmin yerdə işləyən şəxslərə
şamil olunmur. Onlar tariflərə
uyğun ödəniş edirlər. Bunun başqa fəsadlarını
da görürük. Parklanma yerlərindən didərgin
düşən sürücülər
maşınlarını binaların həyətlərində
saxlayırlar. Bu da yaşayış binalarının həyətlərində
ciddi problemlər yaradır. Sakinlər rahat hərəkət
edə bilmir, hətta həmin
binada yaşayanlar öz avtomobillərini saxlamağa yer
tapmırlar".
Müsahibimiz
vurğuladı ki, vətəndaşları narazı salan məqamlara
diqqət etmək lazımdır: "Bu gün yeni sistemin
yaxşı tərəfi odur ki,
parkinqlərdə yer tapmaq mümkündür. Əvvəl
kimsə maşını gətirib, axşama kimi yeri məşğul
edirdi. Amma indi heç kim
saatı 1 manata, 70 qəpiyə maşın saxlamaq istəmir".
Bəzi yerlərdə
nağd ödənişlər tələb edən şəxslərin
hələ də fəaliyyət göstərdiyini qeyd edən
ekspert dedi ki, onları şəhərin mərkəzindən
uzaqlaşdırdıqca, digər ərazilərə üz
tuturlar. Əhalinin sıx yaşadığı məhəllələrdə,
binaların həyətlərində belə peyda olmağa
başlayıblar və vətəndaşlardan pul tələb edirlər.
Ekspert qeyd etdi ki,
nağdsız ödənişlərə keçid dövlət
siyasətidir və bunun həyata keçirilməsi
üçün sistemli tədbirlər görülüb. Bu
gün parklanma sistemindən istifadə kimlər
üçünsə çətinlik yarada bilər, amma
zamanla öyrəşəcəklər. Vaxtilə avtobuslarda
kart sistemi tətbiq ediləndə də bəziləri bundan
narahat idi, amma indi hamı kart sisteminə üstünlük
verir.
Ərazidə
işləyənlərin günlük "parkinq" xərcləri
etiraz doğurur
Mövzu ilə bağlı Milli Məclisin deputatı
Naqif Həmzəyev qeyd etdi ki, "AzParking" tərəfindən
parklanma xidmətinin təşkil edilməsi üçün
mobil tətbiq hazırlanıb və onun vasitəsilə vətəndaşlar
parklanma ilə əlaqədar bütün məsələləri
asanlıqla həll edə bilirlər.
SMS vasitəsilə də ödəniş etmək
mümkündür ki, bu da yaxşı haldır,
çünki bəzi avtomobil sürücüləri
smartfondan istifadə etmir və ya internetə
çıxışları olmur: "Sürücüləri
narahat edən əsas məsələ avtomobili uzunmüddətli
park etdikləri halda qiymətlərin yuxarı
olmasıdır. Çünki bir saat üçün 1 manat qəbulediləndirsə,
8 saatın ödənişi üçün belə deyil. Bu
da sürücülərin haqlı etirazına səbəb
olur".
N.Həmzəyevin problemin həlli ilə bağlı
müəyyən təklifləri də var. Vətəndaş
avtomobilini eyni yerdə saatlarla saxladığı halda müəyyən
endirim və ya güzəştli qiymətlər tətbiq
oluna bilər. Belə olduğu halda avtomobil istifadəçiləri
daha rahat, az xərc ödəməklə parklanma
ehtiyaclarını qarşılaya bilərlər.
İnsanların iş yerləri şəhərin müxtəlif
guşələrində yerləşir və onlar avtomobillərini
8-9 saat həmin ərazidə saxlamalı olurlar. Nəticə
etibarilə yalnız bir günə bəzən 8-10 manat
parklanma xərcləri çıxır. Bu problem həllini
tapacağı təqdirdə yeni xidmət sürücülər
tərəfindən daha çox dəstəklənəcək.
Deputat bildirdi ki, yaşayış binalarının, evlərin
yanında olan parklanma yerlərinin axşam saat 22:00-dan sonra
ödənişsiz olması da düzgün hal deyil. Onun
sözlərinə görə, bu yerlərin daha erkən, təxminən
saat 20:00-dan etibarən ödənişsiz olması daha məqsədəuyğundur:
"Çünki işdən evinə qayıdıb
avtomobilini park edən sakindən saat 20:00-22:00 arası yenə
müəyyən məbləğ tutulur. Bu da eynilə
haqlı narazılığa səbəb olur. Çünki vətəndaş
öz evinin yaxınlığında parklanma üçün
ödəniş edir".
30 qəpikdən 1 manatadək...
Xatırladaq ki, qaydalara əsasən, artıq
"parkinq" məntəqəsi kimi müəyyən edilməyən
yerlərdə maşın saxlamaq olmaz, əks təqdirdə
cərimə tətbiq olunur. "Nəqliyyat vasitələrinin
parklanmasına görə ödənişin məbləği"
də yalnız dövlətə məxsus "parkinqlər"də
qüvvədədir.
Belə ki, ödəniş məbləği zonalara
görə dəyişir. Bakı şəhərində 1
saat üçün ödənişin məbləği mərkəzdə
1 manat, I zonada 0,70 AZN, II zonada 0,40 AZN, III zonada 0,30 AZN müəyyən
olunub. IV zonada maşın saxlamaq ödənişsizdir.
Sumqayıt və Gəncə şəhərlərində
isə mərkəzdə 0,40 AZN, I zonada 0,20 AZN-dir, II zonada isə
ödəniş tələb olunmur.
15 dəqiqəyədək parklanma üçün
ödəniş tələb olunmasa da, avtomobil bu müddətdən
artıq nə qədər qalmasından asılı olmayaraq
tam ödəniş məbləği tətbiq olunur. Həmçinin
qaydalara əsasən, nəqliyyat vasitələrinin
parklanması üçün saat 22:00-dan 07:00-dək, eləcə
də həftənin bazar günləri ödəniş tələb
olunmur.
AYNA nə deyir?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən qəzetimizin
sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabineti tərəfindən
parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul
edilən yeni qaydalar həm tariflərin özünü, həm
şəhərin tarif zonalarını, eyni zamanda
yığılan vəsaitin xərclənmə istiqamətini
müəyyən edir. Parklanma yerlərinin yeni qaydalar əsasında
idarə edilməsi bu sahədə nizam-intizamın
yaradılmasına, qanunsuz pul yığımının
qarşısını almaqla maliyyə şəffaflığının
təmin olunmasına xidmət edir.
Qeyd olunub ki, parklanma üçün qanunsuz pul
yığımının qarşısının
alınması məqsədilə ödənişlər 3
aydır mobil tətbiq və sms vasitəsilə, yalnız
nağdsız qaydada həyata keçirilir. Küçə
parklanma yerlərindən istifadəyə görə
sürücülərdən nağd şəkildə hər
hansı bir ödəniş tələb oluna bilməz.
Agentlik sürücülərə qanunsuz ödənişlər
etməməyi tövsiyə edir: "Sürücülərdən
parklanma adı ilə nağd pul tələb edilməsi tam
qanunsuzdur. Bu günə olan statistikaya əsasən, 189 min 159
nəfər mobil tətbiqi yükləyərək qeydiyyatdan
keçib. 24 mindən çox insan isə balansın
artırılması əməliyyatını həyata
keçirib".
Bildirilib ki, parklanmaya olan tələbatdan asılı
olaraq Bakıda şəhərin müəyyən hissələri
4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin
mərkəzində parklanmanın 1 saatı 1 manat, digər
zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində
müəyyən edilib. "Yol hərəkəti
haqqında" qanuna əsasən, ödənişli parklanma
yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək
parklanması üçün ödəniş tələb
olunmur. Saat 22:00-dan saat 07:00-dək və həftənin bazar
günləri parklanma ödənişsizdir.
Şəhərin hansısa hissəsində
"parkinq"ə olan tələbat azdırsa, bu ərazidə
qiymət tənzimlənməsi tətbiq edilmir.
Yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən
ödəniş tələb olunmur. Bunun üçün
xüsusi parklanma talonları mövcuddur. Qanunvericiliyə əsasən,
ödənişli parklanma ilə bağlı digər hallarda
isə imtiyazlar nəzərdə tutulmayıb.
Müşahidələr göstərir ki,
parklanmanın idarə olunmasından sonra əvvəllər
avtomobil saxlamaq üçün çətinliklə yer
tapılan küçələrdə artıq xeyli sayda
boş yer müşahidə edilir. Məlumatda qeyd olunub ki,
parklanmanın düzgün idarəedilməsi yollarda xaosun
qarşısını alır və küçələrin
daha effektiv olmasına şərair yaradır. Eyni zamanda nəqliyyat
axınının tənzimlənməsinə, şəhərin
nəqliyyat infrastrukturuna, piyadaların və
sürücülərin təhlükəsizliyinə imkan
yaradır.
Təbii ki, paytaxtda şəxsi avtomobillərin
sayının artdığını nəzərə alaraq
parklanma ilə bağlı müəyyən problemlərin hələ
uzun müddət davam edəcəyi ehtimal olunur. Yeni sistem ilkin
mərhələdə müəyyən çətinliklər,
problemlər yaratsa da, problemin kökünün müəyyənləşdirilməsi,
operativ və ədalətli həlli əsas məsələdir.
Yoxsa ünvanından başlayan problemlər
böyüyür, şaxələnir və müşkülə
çevrilir...
Ümid edirik ki, qısa zamanda bütün yol
iştirakçılarının gözü yoldan çəkilər...
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.- 2023.- 3 noyabr, ¹
241.- S.8.