Lerikli
fermerlər daha çox məhsul istehsal etmək üçün əzmlə
çalışırlar
Bir sıra problemlər aradan qaldırılsa, nəticələr daha uğurlu olar
Müasir dövrdə
bəşəriyyətin ən
qlobal problemlərindən
biri əhalinin ərzaq məhsulları ilə təminatını
ödəməkdir. Hazırda
dünya ölkələri,
beynəlxalq qurumlar, xüsusən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO), Dünya
Bankı, Kənd Təsərrüfatının İnkişafı
üzrə Beynəlxalq
Fond (IFAD), Beynəlxalq
Valyuta Fondu və digər təşkilatlar tərəfindən
ərzaq təhlükəsizliyini
təmin etmək üçün geniş iş aparılır.
Prezident İlham
Əliyev tərəfindən
ölkədə aqrar
islahatların yeni mərhələsinin başlaması
ilə bağlı qəbul edilən qərarlar da məhz kənd təsərrüfatı sahəsində
fəaliyyət göstərən
özəl təsərrüfat
subyektlərinin stimullaşdırılmasının,
onların məhsul bazarlarına çıxışının
və istehsal vasitələri ilə təminatının bazar prinsipləri əsasında
yaxşılaşdırılmasına, habelə bu sahənin açıq iqtisadi sistem şəraitində rəqabətqabiliyyətliliyinin
yüksəldilməsi konsepsiyasına
əsaslanır. Dövlət
başçısı tərəfindən
həyata keçirilən
davamlı və sistemli islahatlar nəticəsində aqrar məhsulların daxili bazar təminatı və ixracı artmış, kənd yerlərində məşğulluq
və gəlir əldə etmək imkanları xeyli genişlənmişdir. Aqrar
sektorda əsaslı dəyişikliklər baş
vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri
formalaşmış, normativ
hüquqi baza təkmilləşdirilmişdir. Aqrar sektordakı indiki uğurlar gərgin əmək və həyata keçirilən düzgün
iqtisadi siyasət sayəsində əldə
edilmişdir.
Dağlıq ərazidə
yerləşən Lerik
rayonunda əkinçilik
və heyvandarlıq əhalinin əsas məşğuliyyət sahəsidir.
Rayonun 162 yaşayış
məntəqəsi var.
Rayon üzrə kənd təsərrüfatına
yararlı sahələr
13 min 645 hektar təşkil edir. Ondan 11 min 422 hektar əkin sahəsi, 602 hektar bələdiyyənin
ehtiyat fondu, 1621 hektar meşə fondunda olan torpaqlardır.
Bitkilər dəmyə
şəraitində əkilib-becərilir.
Əkinçilik rayonun
iqtisadiyyatında əsas
yer tutur. Son illər rayonda taxılçılığa
maraq artmışdır. "Ərzaqlıq
buğda ilə özünütəminetmə səviyyəsinin
yüksəldilməsinə dair bir sıra
tədbirlər haqqında"
Azərbaycan Prezidentinin
19 iyul 2022-ci il tarixli fərmanı dağlar diyarında çox böyük razılıqla qarşılanmış,
taxılçılığın inkişafına güclü
stimul vermişdir. Rayonda taxıl istehsalı ilbəil artırılır. Cari ilin məhsulu üçün rayonda 3 min 691 hektar sahədə buğda və arpa, 160 hekar sahədə çovdar əkilmişdir.
Taxıl biçini optimal müddətdə başa çatdırılmış,
məhsul itkisiz yığılmışdır. Taxılçılar 8 min
872 ton buğda, 294,6 ton arpa, 304 ton
çovdar istehsal etmişlər. Hər hektara orta məhsuldarlıq
buğda üzrə
25, arpa üzrə
20,6, çovdar üzrə
19 sentner olmuşdur. Bəzi fermerlər hektardan 30 sentnerdən artıq məhsul əldə etmişlər.
Taxıl biçininə
18 ədəd kombayn cəlb olunmuş, ondan 5 ədədi "Aqroservis" ASC tərəfindən
dislokasiya edilmiş müasir "Nev
Holland" dağ kombaynlarıdır.
Qalan kombaynlar isə fiziki şəxslərə məxsus
olmuşdur.
Dövlət Aqrar
İnkişaf Mərkəzinin
əməkdaşları taxıl
biçinindən sonra
sahələrdə yay
şumunun aparılmasının
məhsuldarlığın artırılmasına təsiri,
torpaqda nəmliyin qorunması və digər aqrotexniki qulluq işlərinin həyata keçirilməsinin
müsbət tərəfləri,
habelə biçindən
sonra sahələrin yandırılmasının mənfi
nəticələri barədə
fermerlərlə maarifləndirici
söhbətlər aparmışlar.
2024-cü ilin məhsulu
üçün 2 min
800 hektar sahədə
payızlıq taxılın
əkilməsi nəzərdə
tutulmuşdur. Biçindən
sonra sahələrdə
2 min 357 hektar sahədə yay şumu aparılmış,
1079 hektar sahədə
payızlıq taxıl
əkilmişdir.
Fermerlər və
torpaq mülkiyyətçiləri
taxıl əkini zamanı əsasən sertifikatlı toxumdan istifadə edirlər. Payızlıq taxıl əkini üçün sum və əkin
işləri "Aqroservis"
ASC-nin Lənkəran-Astara-Lerik
bölməsinin texnikaları
və fiziki şəxslərə məxsus
texnikalarla həyata keçirilir. Taxıl sahələrində xəstəlik
və ziyanvericilərə,
alaq otlarına qarşı kimyəvi, mexaniki və aqrotexniki tədbirlərin
aparılması, bitkinin
inkişaf fazasından
asılı olaraq yemləmə gübrələrindən
istifadə olunması
barədə fermerlərə,
məhsul istehsalçılarına
məsləhətlər verilir.
Rayonun bütün
kəndlərində tərəvəz
bitkiləri və kartof əkilir. Builki təsərrüfat ilində 1538 hektar kartof sahəsindən 22 min 301 ton, 201 hektar soğan sahəsindən 2 min 579 ton, 45,5 hektar sarımsaq sahəsindən
590,5 ton, 28 hektar kələm sahəsindən
362,6 ton, 30,5 hektar xiyar sahəsindən 433,5 ton, 40 hektar pomidor sahəsindən
596,8 ton məhsul yığılmışdır. Fermerlər və torpaq mülkiyyətçiləri
topladıqları məhsulların
rayon daxilində və digər şəhərlərdə satışını
həyata keçirirlər.
Son zamanlar qlobal istiləşmə ilə əlaqədar Lerik rayonunun da ərazisinə yağıntılar normadan
az düşür. Bu isə dəmyə
şəraitində əkilib
becərilən bitkilərin
məhsuldarlığına öz mənfi təsirini göstərir.
Ona görə də suvarma ilə bağlı layihələrin həyata
keçirilməsi kartofçuluğun,
tərəvəzçiliyin, meyvəçiliyin və digər sahələrin inkişafına müsbət
təsir göstərirdi.
Qeyd edək ki, Lerik rayonunda
sovet hakimiyyəti dövründə 3 min 500
hekar üzüm, 470 hekardan çox meyvə bağı, 140 hektar çay plantasiyası, 220 hektardan artıq sahədə tütün və digər bitkilər əkilmiş, ətlik-südlük
istiqamətli heyvandarlıq,
ixtisaslaşmış qoyunçuluq
təsərrüfatları mövcud olmuşdur. Sonradan bəzi səbəblərə görə,
üzüm bağları,
çay plantasiyaları
sıradan çıxmış,
mal-qara, heyvandarlıq
kompleksləri sökülərək
əmlak payı kimi vətəndaşlara verilmişdir. İndi həmin sahələrin dirçəldilməsinə ehtiyac
var.
Rayonda əsas təsərrüfat sahələrindən
biri də heyvandarlıqdır. Rayon üzrə 2023-cü ilin
9 ayının göstəricilərinə
görə, ailə, kəndli-fermer və şəxsi təsərrüfatlarda
40 min 41 baş iribuynuzlu, o cümlədən
17 min 874 baş inək və camış, 97 min 783 baş xırdabuynuzlu mal-qara, 178 min 853 baş ev quşları,
20 mindən çox arı ailəsi mövcuddur. 2023-cü ilin
9 ayında diri çəkidə 3 min
109,1 ton ət, 23 min 211 ton süd, 217,3 ton yun (fiziki
çəkidə) və
7 milyon 283 min ədəd yumurta istehsal edilmişdir. Bu göstəricilər də
əvvəlki ilin eyni dövrü ilə müqayisədə
xeyli çoxdur. Heyvanların cins tərkibini yaxşılaşdırmaqdan
ötrü ayrı-ayrı
vətəndaşlar tərəfindən
lizinq yolu ilə cins heyvanlar alınmışdır. Süni
mayalanma üsulu ilə heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində də işlər həyata keçirilir. Rayon üzrə bu ilin 9 ayında 550 baş qaramalda süni mayalanma aparılmış, 368 baş
buzov alınmışdır.
Bu iş hazırda da davam etdirilir. Heyvanların cins tərkibini dəyişməklə
stasionar bəsləmə
şəraitinə keçmək,
intensiv yolla heyvandarlığın inkişaf
etdirilməsinin üstünlükləri
barədə fermerlər
arasında maarifləndirici
tədbirlər həyata
keçirilir.
İl ərzində rayonda mövcud olan qoyun və
quzulardan orta hesabla 200 tondan çox yun istehsal olunur və xammal kimi satılır. Bəzən isə bu məhsulun satışında problemlər
yaranır. Rayonda yun qəbulu məntəqəsi
və yun emalı müəssisəsi
tikilərsə, həm
məhsuldarlıq artar,
həm də yeni iş yerləri
açılar. Eyni zamanda burada uzun müddət fəaliyyət göstərən,
vaxtilə 600 nəfərdən
çox qadının
çalışdığı, hazırda isə fəaliyyəti dayanmış
xalçaçılıq sexinin fəaliyyətinin bərpa edilməsi qadınların işlə
təmini baxımından
əhəmiyyətli olar.
20 mindən
artıq arı ailəsi saxlanılan rayonda il ərzində
120-150 ton bal istehsal olunur. Təbii bal məhsulunun qəbulu,
emalı və qablaşdırılması,
arıçılıqda istifadə olunan avadanlıqların
və dərman preparatlarının satış məntəqələrinin
yaradılmasına da böyük ehtiyac var. Bu həll olunsa,
sahənin daha da inkişafına kömək göstərər,
əhalinin rifah halını xeyli
yaxşılaşdırar.
Heyvanlarda
"Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirləri"
planına uyğun olaraq, xüsusi təhlükəli xəstəliklərə
qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə,
dezinseksiya və müalicə tədbirləri icra edilir. Odur
ki, rayonda mal-qara arasında yoluxucu xəstəliklərin
yayılması halları müşahidə olunmur.
Lerik rayonu
dağlıq ərazidə yerləşdiyindən
qoyunçuluqla məşğul olan fermerlər heyvanları
qışlama zamanı Biləsuvar və Neftçala
rayonlarının ərazisindəki qışlaqlara
aparırlar. Buna baxmayaraq, rayona əvvəllər təhkim
olunmuş qış otlaq sahələri
Nazirlər Kabinetinin qərarı ilə 2006-cı ildə
alınaraq qonşu Biləsuvar, Neftçala və Cəlilabad
rayonlarına verilmişdir. Lakin Biləsuvar və Neftçala
rayon icra hakimiyyətləri tərəfindən qış
otlaq sahələrindən istifadəyə görə fermerlərlə
bağlanmış icarə müqavilələrinə birtərəfli
qaydada xitam verilməyə başlanmışdır.
Müqavilələrinə xitam verilmiş fermerlər qoyun-quzularını
satmaq məcburiyyətdə qalmışlar. Buna görə də
qoyunların baş sayında azalmalar baş vermişdir. Bu
prosesin qarşısı alınmazsa, Lerik rayonunda tarixi ənənəsi
olan qoyunçuluğun inkişafına mənfi təsir
göstərəcək. Rayona yeni qış otlaq sahələri
təhkim edilərsə, bu, qoyunçuluq təsərrüfatlarının
inkişafına, əhalinin ət məhsulları ilə təminatının
və maddi-rifah halının yaxşılaşmasına səbəb
olar.
Dövlət xidmətlərinin
fermerlər üçün əlçatanlığını
asanlaşdırmaq, subsidiyaların verilməsində şəffaflığı
və çevikliyi təmin etməkdən ötrü Elektron
Kənd Təsərrüfatı İnformasiya Sistemi
yaradılmışdır. Bu sistemlə fermerlərə,
torpaq mülkiyyətçilərinə vahid pəncərə
prinsipinə uyğun olaraq xidmət göstərilir. Bunun
üçün Lerik Dövlət Aqrar İnkişaf Mərkəzində
xidməti otaq təşkil olunmuşdur. Subsidiyalar bu sistem
vasitəsilə verilir. Sistem fermerlərə öz əkinlərini
bazarın tələbinə uyğun planlaşdırmağa
kömək edəcək, həmçinin bazarda məhsullar
üzrə tələb-təklifin
proqnozlaşdırılmasını asanlaşdıracaq.
İndiyədək rayon üzrə 5 min 300-dən çox
fermer sistemdə qeydiyyatdan keçirilmişdir. Hazırda
payızlıq əkinlərə görə bəyanlar və
süni mayalanma yolu ilə alınmış buzovlara görə
subsidiya ödənişləri həyata keçirilir. Fermerlər
subsidiyalarını fermer kartları vasitəsilə
alırlar.
Deyə bilərik
ki, Lerik rayonunun kənd əməkçiləri də
dövlət dəstəyindən istifadə edərək əzmlə
işləyir, bol və yüksək keyfiyyətli məhsul əldə
etmək üçün var qüvvələrini əsirgəmir,
ərzaq təhlükəsizliyinin təminatına öz
töhfələrini verməyə çalışırlar.
Seyran CAVADOV,
Azərbaycan.-2023.- 3 noyabr, ¹ 241.- S. 11.