Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda
nümunəyə çevrilən
quruculuq modeli yaradır
Bir neçə
gündən sonra Vətən müharibəsindəki
qələbəmizin 3 ili
tamam olacaq. 3 il böyük zaman kəsiyi deyil. Amma bu
3 ildə bütün
azad olunmuş əraziləri əhatə
edən bərpa və quruculuq işlərinin miqyası
o qədər böyükdür
ki, bu məsələdə
Azərbaycana, sadəcə,
həsəd aparmaq və ya ölkəmizdən
nümunə götürmək
olar.
Çünki Qarabağ
və Şərqi Zəngəzurun bərpası
məhdud sferanı əhatə etməyərək,
kompleks məzmun daşıyır. Həm infrastrukturlar yaradılır,
həm kənd və şəhərlər
yenidən qurulur, həm də azad edilmiş ərazilərin iqtisadi potensialı hərəkətə
gətirilir.
Sürətlə və
keyfiyyətlə aparılan
bərpa və quruculuq işləri
İşğaldan azad
olunmuş şəhər
və rayonlarımızın
hər birinin vaxtilə özünəməxsus
iqtisadi göstəriciləri
və müvafiq infrastrukturu olub. İşğal dövründə
Ermənistan həm bu şəhər və rayonlardakı nəqliyyat, kommunikasiya və sosial infrastrukturları, həm də vətəndaşlarımıza
məxsus fərdi evləri, təsərrüfatları
yerlə yeksan edib. Günlərin birində bu torpaqları tərk edəcəyini anlayan düşmən şəhər
və kəndlərimizi,
sərvətlərimizi talan
edib Ermənistana daşıyıb. Apara bilmədiklərini isə
dağıdıb. Vətən
müharibəsindən sonra
Ağdamda, Füzulidə,
Cəbrayılda ortaya
çıxan mənzərələr
hər bir vətəndaşımızın qəlbini göynətdi. Bu gerçəkliklər həm də ermənilərin işğalçı
və barbar mahiyyətini faktlarla dünyaya nümayiş etdirdi.
İndi bu ərazilər Prezident İlham Əliyevin quruculuq əzmi, dövlətimizin maliyyə
imkanları hesabına
yenidən bərpa edilir, bütün azad olunmuş torpaqlarımıza həyat
gəlir. Prezident İlham Əliyevin həm də milli ideya
olaraq qarşıya qoyduğu bu vəzifə hazırda sürətlə, yüksək
dinamizmlə və keyfiyyətlə yerinə
yetirilir. 3 ilə yaxın müddət ərzində azad edilmiş ərazilərdə
xeyli müsbət dəyişikliklər baş
verib. Qələbəmizin
rəmzinə çevrilən
Zəfər yolu, Füzuli və Zəngilan hava limanları kimi nəhəng layihələrin
qısa müddətdə
başa çatdırılması,
o cümlədən yeni
yarımstansiyaların, su-elekrik
stansiyalarının qısa
müddətdə inşa
edilməsi quruculuq işlərinin sürətlə
və keyfiyyətlə
aparılmasından xəbər
verir. Eyni zamanda regionun ermənilər tərəfindən
vandallığa məruz
qalmış flora və faunasının bərpası da diqqət mərkəzindədir.
Bir sözlə, azad edilmiş ərazilərimizin bərpası
kompleks şəkildə
həyata keçirilir.
Xatırladaq ki,
2020-2022-ci illərin dövlət
büdcəsindən işğaldan
azad olunmuş ərazilərə Böyük
qayıdışın təmin
edilməsi üçün
şəhər və
kəndlərin yenidən
qurulması və bərpası, həmin ərazilərdə elektrik
enerjisi, təbii qaz, su, rabitə,
yol, təhsil, səhiyyə, mədəniyyət,
mənzil-kommunal və
digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin
bərpası və yenidən qurulması, yaşayış evlərinin
tikintisi məqsədilə təqribən
6,6 milyard manat məbləğində vəsait
ayrılmışdır. 2023-cü ilin dövlət büdcəsində Böyük
qayıdış proqramının
icrası üçün
5,3 milyard manat nəzərdə tutulmuşdur.
3188 nəfər keçmiş
məcburi köçkün
doğma yurduna qayıdıb
Hazırda bütün
azad edilmiş ərazilərdə istifadəyə
verilmiş infrastrukturlarla
yanaşı, nəhəng
layihələrin icrası
da davam edir. Qarşıdakı dövrdə daha tez-tez belə layihələrin başa çatdırılması barədə
xoş xəbərlər
eşidəcəyik.
Təbii ki, bütün bu görülən işlər
keçmiş məcburi
köçkünlərin geri
dönüşünə, Böyük
qayıdış proqramının
sürətlə reallaşmasına
xidmət edir. Doğma yurdlarına geri dönəcək vətəndaşlarımızın layiqli yaşayış səviyyəsinin təmin
edilməsi üçün
bütün azad edilmiş şəhərlərdəki
nəhəng tikinti-quruculuq
işlərinin bir istiqamətini də yeni yaşayış binalarının və evlərin inşası təşkil edir.
Artıq 3 kənddə
və iki şəhərdə keçmiş
məsbüri köçkünlərin
məskunlaşması təmin
edilib. Laçın və Füzuli şəhərlərinə, Ağalı,
Zabux və Talış kəndlərinə
keçmiş məcburi
köçkünlərin qayıtması
təmin olunub. İndiyədək 175 ailə
(871 nəfər) Zəngilan
rayonunun Ağalı kəndinə, 20 ailə
(90 nəfər) Tərtər
rayonunun Talış kəndinə, 315 ailə
(1205 nəfər) Laçın
şəhərinə, 258 ailə
(928 nəfər) Füzuli
şəhərinə, 21 ailə
(94 nəfər) Laçın
rayonunun Zabux kəndinə köçürülüb. Bu günədək 3188 keçmiş
məcburi köçkünün
həsrət və nisgilinə son qoyulub. Bu şəhər
və kəndlərə
qayıdış prosesi
davam etməkdədir.
"Bu gün biz yeni çağırışlarla
üzləşirik. Ancaq
bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun
yenidən qurulması,
insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində
yaşayan keçmiş
məcburi köçkünlər
üçün daha yaxşı şəraitin
yaradılması. Əminəm
ki, bu insanlar
buna layiqdirlər. Onlar uzun illər
boyu çətin şəraitdə yaşayıblar.
Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni
ev və mənzillərlə təmin
etmişik, bu mənzillərin açılışı
zamanı onlar bizə minnətdarlıqlarını
bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz
torpaqlarımıza qaytarın.
Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam
və mən fəxr edirəm ki, biz bunu
reallaşdıra bildik
və artıq Böyük qayıdış
proqramı başlayıb",
- deyə Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, bu ilin
sonunadək geri dönən keçmiş
köçkünlərin sayı
5500 nəfərə çatdırılacaq.
2026-cı ilin sonuna qədər 140 min nəfər köçkünün
doğma yurd-yuvalarına
dönməsi planlaşdırılır.
10 min kvadratkilometr
ərazidə yeni həyat qurulur
Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurun
bərpası Azərbaycan
dövlətinin qarşısındakı
vəzifələrə yeni
ştrixlər əlavə
edib. Çünki bu gün Azərbaycan
Livan boyda, dörd Lüksemburq boyda bir ərazidə
genişmiqyaslı bərpa
və quruculuq işləri həyata keçirir. Prezident İlham Əliyevin iradəsi və qətiyyəti ilə tamamilə dağılmış 10 min
kvadratkilometr ərazidə
yeni həyat qurulur. Minlərlə kilometr yolları, uca dağ başındakı
kilometrlərlə tunelləri, "ağıllı
şəhər"lər, "ağıllı kənd"lər,
beynəlxalq hava limanlarının tikintisini
dövlətimiz heç
bir xarici maliyyə dəstəyi olmadan, yalnız və yalnız öz imkanları hesabına həyata keçirir.
Azərbaycan Vətən
müharibəsində həyata
keçirdiyi döyüş
əməliyyatları ilə mövcud hərbi nəzəriyyələri
yenilədiyi kimi, Qarabağ və Şərqi Zəngəzurda
həm də modern quruculuq nümunələri yaradır.
Elə bu quruculuğun fonunda bütün dünya Azərbaycanın Ermənistanın
işğal siyasətinə
son qoymasına şahidlik edir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2023.-
3 noyabr, № 241.- S. 6.