Gələn
il cəmi 7 rayon büdcədən maliyyələşəcək
Milli Məclisin
komitələrində büdcə
müzakirələri başlayıb.
"Azərbaycan Respublikasının
2024-cü il dövlət
büdcəsi haqqında"
qanun layihəsi birinci oxunuşda plenar iclasa tövsiyə
olunub.
Mövzu ilə
bağlı qəzetimizə
danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, 2024-cü ilin dövlət büdcəsinin prioritet istiqamətlərindən biri
də Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurulması
və müdafiə və təhlükəsizliyinin
daha da gücləndirilməsi
ilə bağlıdır.
Gələn ilin büdcəsində müdafiə
və təhlükəsizliyin
gücləndirilməsi ilə
bağlı 6,5 milyard
manata yaxın, Qarabağ və Şərqi Zəngəzurun
bərpasına isə
4 milyard manat vəsaitin ayrılması
nəzərdə tutulur.
Yəni praktiki olaraq işğaldan azad olunmuş ərazilərin, eləcə
də müdafiə qabiliyyətinin gücləndirilməsi
ümumi büdcə xərclərinin təxminən
üçdəbirini təşkil
edəcək.
"Bu ondan xəbər verir ki, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma
prosesinin daha da sürətlənməsini
müşahidə edəcəyik.
Həmin ərazilərdə
daha intensiv şəkildə aparılacaq
bərpa və quruculuq işləri nəticəsində 2024-cü ildə
daha çox vətəndaşımız doğma
el-obalarına qayıda
biləcəklər. Bu
baxımdan, növbəti
il həm fiziki gəlirlərimizdə
dayanıqlılığın qorunub saxlanılması, həm də sosial təminat və müdafiə tədbirlərinin gücləndirilməsi,
eləcə də Qarabağın və Şərqi Zəngəzurun
bərpa və yenidənqurma işlərinin
intensivləşməsi ilə
yadda qalacaq", - deyə o qeyd edib.
Deputat vurğulayıb
ki, növbəti
ildə dövlət büdcəsindən sosial
istiqamətə ayrılan
vəsaitin həcmində
də artım olacaq: "Təkcə sosial təminat və sosial müdafiə xərclərinin
4,5 milyard manatdan çox olması planlaşdırılır. Həmçinin
əməkhaqlarının verilməsinə də 9 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə
tutulur. Bütövlükdə
büdcə xərclərinin
45 faizi sosialyönümlü
olacaq".
Vüqar Bayramov
onu da qeyd
edib ki, 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn
il cəmi 7 rayona vəsait ayrılacaq: "Bu o deməkdir ki, növbəti il 59 rayon və şəhər
yerli gəlir və xərcləri tənzimləmək üçün
mərkəzləşdirilmiş xərclərdən vəsait
almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. 2022-ci ildə
dövlət büdcəsindən
14 rayona vəsait ayrılmışdı. Göründüyü
kimi, dövlət büdcəsindən pul alan rayonların sayı ildən-ilə azalır".
Deputatın dediyinə
görə, gələn
ilin dövlət büdcəsindən Cəbrayıl
1 milyon 214 min manat, Xocavənd 1 milyon 229 min manat, Xocalı 1 milyon 73 min manat,
Kəlbəcər 1 milyon
945 min manat, Laçın 1 milyon 401 min manat, Yardımlı
1 milyon 863 min manat və Zəngilan
623 min manat vəsait ala biləcəklər. Bu rayonlarımız
büdcədən 9 milyon
348 min manat alacaq. Bu il bu
rəqəm 12 milyon
306 min manat idi. Bütün
rayonlar üzrə dövlət büdcəsindən
ayrılan vəsaitin həcmi gələn il azaldılacaq.
Vüqar Bayramov əlavə edib ki, gələn il büdcədən
vəsait alacaq 7 rayonun altısı Qarabağ və Şərqi Zəngəzurda
yerləşir: "İşğaldan
azad olunan ərazilərimizdən kənarda,
sadəcə, Yardımlı
rayonu dövlət büdcəsindən dəstək
ala biləcək. Özünü
maliyyələşdirəcək rayonların sayının
artması dövlət
büdcəsindən asılılığın
aradan qaldırılması
baxımından vacibdir.
Nəzərə almaq
lazımdır ki, hazırda
əsas hədəflərdən
biri iqtisadiyyatın
balanslı inkişafının
dəstəklənməsi və
region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli
şəkildə azaldılmasıdır.
Bu baxımdan, həmin
rayonlara daha çox sərmayə cəlbinin təşviq edilməsi vacibdir".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
4 noyabr.-S.5.