Hayastan iflasın astanasındadır
Korrupsiya cinayətləri
artır, əhalinin yaşayış səviyyəsi
getdikcə daha da ağırlaşır
Postmüharibə dövründə
yaranan mövcud sosial-iqtisadi durum Hayastanda əhalinin yaşayış səviyyəsinin
daha böyük sürətlə pisləşməkdə
olduğunu göstərir.
O da xüsusi olaraq vurğulanır ki, mövcud problemlərin həlli üçün son 5 ildə hakimiyyət hər hansı konsepsiya va ya
tədbirlər planı
həyata keçirməyib.
Əksinə, iqtidarda
təmsil olunanlar sələfiləri kimi, yalnız öz şəxsi mənafelərini
güdür, qanunsuz yolla daha çox
varidat toplamaq barədə düşünürlər.
Məhz elə
bu səbəbdən həddən artıq kasıb olan, əhalisinin böyük hissəsi ifrat yoxsulluq həddində yaşayan bu kiçik ölkədə
sürətli inkişaf
mərhələsi yaşayan
yeganə sahə korrupsiyadır. Korrupsiya Hayastanın bütün həyat sferalarında kifayət qədər dərin kök salıb və artıq ölkənin milli təhlükəsizliyinə
də böyük təhdid yaradır. Belə vəziyyət sadə vətəndaşların
hakimiyyətdən narazılıqlarının
daha kəskin xarakter almasına, hətta sosial partlayış həddinə
qədər yüksəlməsinə
gətirib çıxarır.
Ancaq Hayastanın, tutduğu vəzifənin böyük və ya kiçikliyindən asılı olmayaraq demək olar ki, bütün məmur ordusu korrupsiya piramidasında yer aldığından, bu problemə qarşı mübarizə
yalnız kağız
üzərindədir və
vaxtaşırı verilən
quru vədlərdən
ibarətdir.
Ermənistanda bu
ilin 9 ayı ərzində qeydə alınan korrupsiya cinayətlərinin sayı
ötən ilin müvafiq dövrü ilə müqayisədə
482 hadisə artıb.
Bu barədə Hayastanın Korrupsiyaya Qarşı Mübarizə
Komitəsinin sədri
Sasun Xaçatryan parlamentdə çıxışı
zamanı bildirib. Onun sözlərinə görə, 2023-cü ilin
9 ayında ölkədə
1088 korrupsiya cinayəti
qeydə alınıb.
Ötən ilin analoji dövründə bu göstərici 606 olub. Yəni korrupsiya hadisələrinin
sayı 79,5 faiz artıb. Bu müddət ərzində
286 şəxs barəsində
134 cinayət işi ittiham aktı ilə məhkəməyə
göndərilib. Ötən
ilin eyni dövründə bu rəqəm 166 nəfərə
qarşı 68 cinayət
işi olub. Məhkəməyə göndərilmiş
286 işdən 52 nəfər
rüşvətalma, 117 nəfər
rüşvətvermə, 14 nəfər vəzifə səlahiyyətlərindən sui-istifadə
və ya başqasına ötürmə
maddəsi ilə ittiham olunub. 15 nəfər vəzifə saxtakarlığında, 3-ü çirkli pulların yuyulmasında, 18-i korrupsiya
cinayətlərində, 58 nəfər
sui-istifadədə suçlanıb.
Müxtəlif təşkilatlar
tərəfindən Hayastanda
aparılan sorğular
göstərir ki, son illər ölkədə korrupsiyanın
həcmi xeyli artıb. Rəyi soruşulanların əksəriyyəti
bütün məmurların
istisnasız olaraq rüşvət və korrupsiyaya qurşandığını düşünür.
Hayastanda daha çox korrupsiyalaşmış
sahələr kimi təhsil, səhiyyə, ordu, polis və
məhkəmə sistemləri göstərilir.
Bütün bunlar
Hayastanı kifayət
qədər narahat günlər gözlədiyindən,
ölkənin üzləşdiyi
ümumi böhranın
daha da dərinləşəcəyindən
xəbər verir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
4 noyabr, № 242.- S.12.