Azərbaycanın
XİN başçısı alman həmkarını torpaqlarımızın işğalının
ağır nəticələri
barədə məlumatlandırıb
Azərbaycan ilə
Almaniya arasında bir çox istiqamətlərdə, o cümlədən
enerji, nəqliyyat, tranzit bağlantıları,
alternativ enerji və bir sıra
digər sahələrdə
əməkdaşlığın çox böyük potensialı mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu
barədə Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
noyabrın 4-də Almaniyanın
xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat
konfransında bildirib.
Almaniyalı həmkarı ilə bölgədə olan son vəziyyət barədə ətraflı fikir mübadiləsi apardıqlarını vurğulayan Ceyhun Bayramov qeyd edib: “Həmkarıma Azərbaycan torpaqlarının 30 illik işğalı, işğalın ağır nəticələri, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad olunması, eyni zamanda, postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, həmçinin regionun gələcək inkişafı baxımından Azərbaycanın baxışını bir daha çatdırdım”. Nazir deyib ki, eyni zamanda, görüşdə son üç il ərzində ölkəmiz tərəfindən Ermənistan-Azərbaycan postmünaqişə normallaşması kontekstində həm sülh müqaviləsinin irəli aparılması, eyni zamanda, kommunikasiyaların açılması, həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası istiqamətində atılan addımlar barədə müzakirələr aparılıb.
Azərbaycan.-2023.- 5 noyabr, № 243.- S.3.