Əbədi
dalğalan, ey şanlı Bayraq!
Qürurla dalğalan,
Azərbaycan Bayrağı!
Sənə qürurla
dalğalanmaq yaraşır!
Sən ucaldığın
gündən tarixin çox qovğasına, siyasi çəkişmələrinə
şahid oldun. Rəmzi olduğun müstəqil Azərbaycan
dövləti 1920-ci il
aprelin 28-də süquta
uğradıldı. Dalğalandığın
yerləri bolşeviklər
işğal etdi. Səni göylərdən
yerə endirməyə
çalışanlar məqsədlərinə
çatdıqlarını düşündülər. Yetmiş
il Azərbaycan azadlığına, müstəqilliyinə
həsrət qaldı.
Sən də həmin illərdə gün işığı
görmədin.
1990-cı illərdə Azərbaycanın müstəqilliyinə
qovuşması ilə
sənin də işıqlı, nurlu günlərin yenidən başladı. Ancaq sevincin qubarlı, səadətin yarımçıq
oldu. Çünki həmin illərdə qəsbkar ermənilər Azərbaycandan yeni ərazilər qoparmaq niyyətindəydilər. Qarabağda
quldur ermənilər azərbaycanlılara silahlı
hücumlar edir, qətlə yetirirdilər.
Sovet hökuməti
dağılır, ittifaqa
daxil olan respublikaların iqtisadiyyatı
çökürdü. Azərbaycan
da iqtisadi böhran içərisində
ağır günlər
keçirirdi. Nə milli ordusunu qura bilmişdi, nə də Vətən naminə könüllü döyüşən
igidlərinə verməyə
silah-sursatı vardı.
Qəddar, qatil
ermənilər isə
xarici havadarlarından
hər cür yardım alırdılar. Dövrün müasir silahları ilə silahlandırılırdılar, ərzaq korluğu çəkmirdilər. Düşmən
güclənəndə daha
da amansız, daha da qəddar
olurmuş. Bunu Azərbaycan xalqı
1990-cı illərin əvvəllərində
Qarabağda, Zəngəzurda
gördü. Erməni
vandalları körpəsindən
qocasına, şikəstinədək
əllərinə keçən
heç bir azərbaycanlıya rəhm
etmədilər, aman vermədilər. Günahsız
insanlara o qədər
dəhşətli işgəncələr
verdilər ki, onlar ölümü qurtuluş bildilər.
Qarabağda, Zəngəzurda
təcavüzkar ermənilər
kütləvi qırğınlar,
soyqırımları törətdilər.
Həmin ərazilərdə
yaşayan azərbaycanlıları
dədə-baba yurdlarından
didərgin saldılar.
Evlərini yağmaladılar,
od vurub yandırdılar.
İşğal etdikləri
o yerlərdə otuz ilə yaxın meydan suladı ermənilər. Qarabağda, Zəngəzurda
yurd yerləri əsl sakinlərinin yolunu həsrətlə gözlədi. Göylər
isə sənin üçün darıxdı,
qubarlandı, Azərbaycan
Bayrağı...
2020-ci ilin payızında
baş verən Vətən müharibəsində
Müzəffər Azərbaycan
Ordusu işğalçı
Ermənistanın silahlı
qüvvələrini məğlub
etdi. Döyüş meydanlarında igid Azərbaycan döyüşçüləri
hünər göstərərək
otuz ilə yaxın davam edən işğala son qoydular. Düşməndən
geri alınan yaşayış yerlərimizdə,
strateji yüksəkliklərimizdə
Azərbaycan Bayrağını
ucaltdılar.
Amma işğalçılar
Vətən müharibəsində
aldıqları dərslərdən
nəticə çıxarmadılar.
Qarabağ bölgəsindən
gözlərini çəkmədilər.
Ermənistan silahlı
qüvvələrinin birləşmələri
Azərbaycan Ordusunun mövqelərini müxtəlif
çaplı silahlardan
sistemli şəkildə
atəşə tutdular,
ərazilərimizi minalamaqda,
döyüş mövqelərini
mühəndis cəhətdən
təkmilləşdirməkdə, səngər və sığınacaqlarının sayını çoxaltmaqda
davam etdilər.
Üçtərəfli Bəyanatın müddəalarının
təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların
qarşısının alınması,
Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin
tərk-silah edilərək
ərazilərimizdən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
işğaldan azad edilmiş ərazilərə
qayıdan dinc əhali, eləcə də bərpa-quruculuq işlərinə cəlb
olunmuş mülki işçilər və hərbi qulluqçularımızın
təhlükəsizliyinin təmin
olunması və Azərbaycan Respublikasının
Konstitusiya quruluşunun
bərpa edilməsi məqsədilə sentyabrın
19-da bölgədə lokal
xarakterli antiterror tədbirlərinə başlanıldı.
Və düşmən
23 saat 43 dəqiqə
ərzində məğlub
oldu.
Sentyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində lokal
antiterror tədbirlərinin
başlandığı anlardan
hərbçilərimizin böyük
qəhrəmanlıq, şücaət
və peşəkarlıq
göstərərək qısa
müddət ərzində
bütün istiqamətlərdə
əhəmiyyətli dərəcədə
hərbi uğurlara nail olduqlarını bəyan etdi.
Oktyabrın 15-i Azərbaycan
xalqı üçün
tarixi bir gün oldu. Xankəndi şəhərində
Azərbaycan Respublikasının
Dövlət Bayrağını
ucaldan Pezident İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən
təbrik etdi: "Əziz həmvətənlər,
bu meydanda bu gün durmaq
böyük xoşbəxtlikdir,
böyük fərəhdir,
qürur mənbəyidir.
Mən qürur hissi ilə Azərbaycan Bayrağını
bu gün qaldırmışam və
doğma xalqıma bir daha demək
istəyirəm ki, biz bu Qələbəyə
layiqik. Azərbaycan xalqı bu Qələbəni
öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada
qaldırdığım Bayraq
burada əbədi dalğalanacaq və biz burada əbədi
yaşayacağıq. Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır!"
Rəmzi olduğun
Azərbaycan dövləti
suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycan
bütün dünyada
müstəqil siyasət
yürüdən dövlət
olaraq tanınır. Gündən-günə inkişaf
edir. Sən durduğun ucalıqda arxayın-arxayın dalğalan,
şanlı Azərbaycan
Bayrağı!
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
5 noyabr, № 243.- S.10.