"Azərbaycan Respublikasının
2024-cü il dövlət
büdcəsi haqqında"
qanun layihəsi Milli Məclisin komitələrində müzakirə
edilib. Növbəti ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin, eləcə
də işğaldan azad edilmiş ərazilərimizin yenidənqurma
işlərinə ayrılan
vəsaitin artırılması
büdcənin prioritet
hədəflər üçün
etibarlı maliyyə təminatı yaradacağından
xəbər verir.
Mövzu ilə
bağlı qəzetimizə
danışan Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, 2023-cü ilin 9 ayında makroiqtisadi göstəricilərdə
artımın müşahidə
olunması növbəti
ilin dövlət büdcəsinə müsbət
təsir edir.
"Layihəyə əsasən,
2024-cü ildə ümumi
daxili məhsulda artım 2,4 faiz proqnozlaşdırılır. Yəqin
ki, gələn il də, bu
il olduğu kimi, makroiqtisadi göstəricilərdə artım
müşahidə ediləcək.
Gələn ilin proqnozlarında inflyasiya səviyyəsinin 5,3 faiz proqnozlaşdırılması da
müsbət haldır.
Bu, Azərbaycan iqtisadiyyatının dinamik
inkişafından xəbər
verir", - deyə deputat söyləyib.
Rüfət Quliyev
qeyd edib ki, büdcədə sosial xarakterli güzəştlər vasitəsilə
əhalinin vergi yükünün azaldılmasını
da müşahidə edə bilərik. Ümumiyyətlə, gələn
ilin büdcəsində
sosialyönümlü işlərə
ayrılan vəsaitin həcmində artımlar olacaq. Büdcə xərclərinin 45 faizinin
sosialyönümlü olması
nəzərdə tutulub.
Belə ki, təkcə sosial təminat və sosial müdafiə xərclərinin 4.5 milyard
manatdan çox olması planlaşdırılıb. 2024-cü ilin büdcəsinin sosialyönümlü
olması vətəndaşlarımızın
rifahının daha da yaxşılaşdırılmasına
hesablanıb. Yeni büdcə layihəsində
sosial müdafiə və sosial təminat xərcləri cari illə müqayisədə 5,2 faiz
artırılıb.
Deputatın sözlərinə
görə, büdcə
layihəsində işğaldan
azad edilmiş ərazilərimizdə bərpa
və yenidənqurma işlərinin sürətləndirilməsi,
eləcə də müdafiə və təhlükəsizliyimizin daha
da gücləndirilməsi
prioritet təşkil edir. Ona görə
də büdcədə
müdafiə və təhlükəsizliyimizin gücləndirilməsi
ilə bağlı
6.5 milyard manata yaxın, Qarabağ və Şərqi Zəngəzurun bərpasına
isə 4 milyard manat vəsaitin ayrılması nəzərdə
tutulur. Onu da qeyd edək
ki, müdafiə və milli təhlükəsizlik
xərcləri 2023-cü ildəkindən
5,5 faiz daha çox nəzərdə
tutulub. Bu o deməkdir ki, büdcə xərclərinin
təxminən üçdəbir
hissəsi məhz bu iki istiqamət
üzrə ayrılacaq.
Rüfət Quliyev
deyib ki, 2024-cü ilin dövlət büdcəsində fərqli
istiqamətlər nəzərə
alınıb. "Misal
üçün, ərzaq
təhlükəsizliyi, kənd
təsərrüfatı məhsullarının
idxal-ixrac məsələsi,
su ehtiyatlarından səmərəli istifadə
və digər sahələr üzərində
ciddi hesablama aparılıb. Bütün
bunları nəzərə
aldıqda aydın olur ki, növbəti
il də fiziki gəlirlərimizdə
dayanıqlılığın qorunub saxlanılması, sosial təminatımızın
gücləndirilməsi və
müdafiə işinin
daha da təkmilləşdirilməsi
baxımından uğurlu
olacaq. Eyni zamanda ayrılan vəsaitin artırılması
nəticəsində Qarabağ
və Şərqi Zəngəzurda işlərin
intensivləşməsi ilə
soydaşlarımızın doğma el-obalarına qayıdışı sürətlənəcək",
- deyə deputat bildirib.
N.QAFARZADƏ,
Azərbaycan.-2023.-
7 noyabr, № 244- S.5.