O, şəhidlik
zirvəsinə yüksələcəyini
bilirdi...
Torpaqlarımızın azadlığı uğrunda
gedən 44 günlük
Vətən müharibəsində
düşmənin bağrını
yaran, onları torpaqlarımızdan qovan qəhrəman Azərbaycan
əsgərləridir. Məhz
Azərbaycan döyüşçülərinin
göstərdiyi şücaət
sayəsində uzun illər itirilmiş torpaqlarımızı geri
qaytara, doğma yurdlarımıza sahib çıxa bildik. Azərbaycan torpaqlarının
bütövləşməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
hər bir Azərbaycan oğlu, hər bir Azərbaycan
əsgəri öz canı, qanı bahasına mübarizəyə
atıldı. Və təbii ki, bu mübarizədə birinci yerdə dayanan bizim qəhrəman
şəhidlərimizdir. Onlar
millətin, dövlətin
qüruru naminə canlarından keçdilər,
milli kimliyimizi özümüzə qaytardılar.
Bu Vətən
oğullarını unutmamaq,
onları ehtiramla yad etmək, bu qəhrəmanların keçdiyi həyat yolunu örnək olaraq, tarixin şərəf səhifəsi
kimi tanıtmaq bizim hər birimizin onların ruhu qarşısında bitib-tükənməyən müqəddəs
borcumuzdur!
II Qarabağ müharibəsi
başladığı ilk
gündən "Vətən
dardadır" deyərək
könüllü olaraq
savaşa atılan, bugünkü qürurverici
tariximizi öz qanları ilə yazan qəhrəmanlarımızdan
biri də şəhid Səbuhi Rövşən oğlu Sadıqovdur.
Səbuhinin ailəsi
1993-cü ildə Füzuli
rayonu erməni silahlı birləşmələri
tərəfindən işğal
edildikdən sonra məcburi köçkün
kimi öncə Biləsuvar rayonuna pənah gətirmiş, sonra isə Bakı şəhərinə
köçmüşdü. Səbuhi Biləsuvarda dünyaya gəlmişdi. Füzuli rayonunun Ələsgərli kəndindən
olan Rövşən Əlihəsən oğlu
Sadıqov sürücü
işləyərək övladlarını
- oğlu Səbuhini, qızı Aliyəni öz halal zəhməti
ilə yetişdirmiş,
gözəl tərbiyə
vermiş, ən əsası isə onları torpaq, Vətən sevgisi ilə böyütmüşdü.
Səbuhinin uşaqlıqdan
idmana olan həvəsi, əzm və iradəsi onun hələ gənc yaşında qara kəmər qazanması ilə nəticələndi. O, uşaq
yaşlarından başlayaraq
karate, kikboks ilə məşğul olmuş, 14 yaşına kimi yüngül klublararası turnirlərdə
iştirak etmişdir.
14 yaşından sonra
sərbəst güləşlə
məşğul olmuş
və Azərbaycan Güləş Federasiyasının
milli yığmasının
üzvü seçilmişdir.
Respublika daxilində və
beynəlxalq yarışlarda
dəfələrlə müxtəlif
dərəcələrlə təltif olunmuş, çempion adını qazanmışdır. MMA (qaydasız
döyüş) döyüş
növü üzrə
peşəkarlıqla məşğul
olmuşdur. Ultimax Döyüş Növləri
Federasiyasının üzvü
idi. "Comando Fight Klubu"nu yaradaraq çoxlu sayda özü kimi tələbələr
yetişdirmişdi. Bir
sıra yarışlarda
Azərbaycan Respublikasını
təmsil edərək
qazandığı nailiyyətlərlə
bayrağımızı yüksəltmişdir.
2014-2015-ci illərdə Azərbaycan Respublikası
Xüsusi Təyinatlı
Qüvvələrinin sıralarında
1il yarım hərbi xidmət keçmişdir.
2015-2017-ci illərdə Ultimax
Döyüş Növləri
Federasiyasının təşkil
etdiyi Bakı və 2017-ci ildə respublika çempionatlarında
qalib olmuşdur. Gürcüstanda keçirilən
dünya çempionatında
peşəkar kəmər
uğrunda mübarizə
aparmış və qara kəmər qazanmışdır.
2011-ci ildə Bakı
şəhəri N.Nərimanov
rayonundakı 73 saylı
tam orta məktəbin IX sinfini bitirdikdən sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə daxil olmuşdur. Kolleci bitirdikdən sonra, 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılmış
və hərbi xidmətini Naxçıvan
Muxtar Respublikasının
Xüsusi Təyinatlı
Qüvvələrində tank
əleyhinə batareyanın
1-ci taqımının sürücüsü
vəzifəsində xidmət
edərək başa vurmuşdur.
28 sentyabr 2020-ci ildə
Vətən müharibəsinə
könüllü olaraq
yollanmış, Xüsusi
Təyinatlı Qüvvələrin
(bundan sonra XTQ) tərkibində kəşfiyyatçı
kimi fəaliyyət göstərərək Füzuli,
Xocavənd, Cəbrayıl,
Qubadlı uğrunda döyüşmüşdür. 4 noyabr 2020-ci ildə Laçın istiqamətində
gedən qanlı döyüşlərdə qəhrəmancasına
şəhid olmuşdur.
Noyabrın 5-də Əhmədbəyli
kənd qəbiristanlığında
dəfn edilmişdir.
Valideynləri ilə
sagollaşarkən "Dua
et, ana, mən arzuma çatım" sözlərini
söyləyən Səbuhinin
ən böyük amalı doğma Qarabağımızı mənfur
düşməndən azad
etmək və lazım gələrsə,
bu yolda şəhidlik zirvəsinə
yüksəlmək idi.
Onun düşüncələrində,
qəlbində heç
vaxt görmədiyi torpaqların: ata ocağı Ələsgərli
kəndi, anasından duyduğu barlı-bağatlı,
sirin sulu kəhrizləri ilə məşhur olan ana yurdu Horadiz
kəndinin timsalında
bütün Qarabağ
yanğısı, həsrəti
vardı.
Xasiyyətcə nə
qədər mehriban, qayğıkeş övlad
olsa da, qarşısına qoyduğu
amalı, məsləki
uğrunda mübarizədə
bir o qədər qətiyyətli, prinsipial idi Səbuhi.
Şəhid anası
Yeganə Əliyevanın
dediklərindən: "Kiçik
yaşlarında çox
ciddi uşaq idi, böyüdükcə
daha gülərüz
oldu. Səbuhi həqiqətən başqa
cür oğul idi... Valideynlərinin zərrə qədər də əziyyət çəkməsini istəmirdi.
Hərbi xidmətini Naxçıvanda keçirmişdi,
o zaman yanına getməyimizə belə razı olmurdu.
Səbuhinin şəxsi
idman klubu vardı, həm də şirkətlərin
birində sürücü
işləyirdi. Müharibə
başlayan gün maşınından Azərbaycan
bayrağını asdı
və cəbhəyə
getmək üçün
könüllü müraciət
etdi. Axşam işdən gəlib sevinə-sevinə dedi ki, məni də
çağırdılar, gedirəm
cəbhəyə. Torpağımızı
özümüz qorumalıyıq!
2020-ci ilin yayında
bütün fikri Lələtəpədə olan
dostlarının yanında
idi. Deyirdi ki, yayın istisində onlar orada əziyyət çəkirlər. Bibisi
rayonda yaşayırdı,
onlara gedib oradan həmin əsgərlərə yemək
bişirtdirib, digər
ehtiyaclarını - ərzaq,
su, siqaret və s. aparıb postlarına çatdırmışdı.
Ancaq avqust ayında Bakıya qayıtdı, cəmi bir ay evdə
qaldı, sonra isə yenidən cəbhəyə yollandı.
Hamımız dedik ki, getmə, bala, evin tək
oğlusan, nişanlısan,
bu gün-sabah toyun olacaq. Dedi
ki, Vətən dardadır, getməliyəm!
Ermənilər Gəncəni
vuranda zəng etmişdi, mənim kədərli olduğumu duyub soruşdu ki, ana, niyə
kefsizsən, dedim Gəncəni vurublar, orada körpə uşaqlar, dinc əhali həlak olub. Dedi ki,
ana, bilirəm, şərəfsizlər Xocavənddən
vurublar, amma yerlərində oturtduq onları, bir daha vura bilməyəcəklər.
Cəbhədən zəng
vuranda uşaq kimi sevinirdi və "Çox sevinirəm, ana, torpaqlarımızın azad
olunmasında mənim
də payım var. Xocalının qisası yerdə qalmadı, ana, indi rahat ola
bilərəm" deyirdi".
Hansı ərazilərdə
olduğunu anasından
da gizlədərək
kişi kimi döyüşdü:
"Savaşın ilk
vaxtlarında telefonla danışanda "Sənin
doğulduğun torpaqdayam,
ana, sənin oxuduğun məktəbdəyəm"
(erməni vandalları
Horadiz kəndini bütünlüklə xaraba
qoymuş, yalnız ikimərtəbəli, çoxsaylı
otaqları olan məktəb binası hərbi qərargah kimi saxlanmışdı -
G.N.) dedi mənə, kənd Horadizin adını çəkmədi,
mən də başa düşdüm ki, ad çəkmək
olmaz. Dedim ki, oğlum, məktəbin yanında böyük bir uşaq bağçası
da vardı, dedi ki, "eh ana, heç
nə qalmayıb, şərəfsizlər hər
yeri xaraba qoyublar".
Beləcə torpaqlarımızın
azad olunmasına öz övladlıq payını verərək
şəhid oldu:
"Səbuhi bir
çox yaşayış
məntəqələrinin azad edilməsində yaxından iştirak edərək Füzulidən
Laçınadək şərəfli
bir yol keçib.
Laçının Suarası
kəndində yoldaşlarından
ayrılaraq Şuşanı
azad etmək üçün yollanıblar,
lakin yolda azğın düşmənin
atdığı minaatan
mərmisindən sağ
döş qəfəsindən
ağır yaralanaraq şəhid olub... Xatirəmdə cəbhəyə
yola saldığım
anı, gülən siması qalsın deyə mən onun üzünü açıb baxa bilmədim... Əmisi uşaqları dedi ki, döş qəfəsinin sağ tərəfindən yaralanmış,
əli ürəyinin
başında, gülərüz
siması ilə şəhid olmuşdu..."
Şəhidlik zirvəsinə
yüksələcəyini əvvəlcədən
bilirdi...
Səbuhinin sağ
qalan cəbhə yoldaşlarının məlumatına
əsaslanan şəhid
atası Rövşən
Sadıqovun dediklərindən:
"Axırıncı dəfə
4 noyabr 2020-ci ildə qanlı döyüşlər
getdiyi Laçının
Suarası kəndində
onunla bir yerdə döyüşdə
olanlar var. Amma bütün yoldaşları həlak olduğu üçün
son döyüşü
haqqında heç bir ətraflı məlumat əldə edə bilmədik.
Səbuhi ilə
birgə döyüş
yolu keçən əsgər yoldaşı
(hazırda Füzuli Rayon İcra Hakimiyyətində çalışır)
dedi ki, "7 nəfər idik, bizdən yalnız Səbuhi XTQ-yə qoşularaq gedəsi oldu. Onun boynundan
asılan zəncirə
bərkidilmiş lövhəyə
adını və soyadını mən yazdım. Bir azdan Səbuhi gəlib dedi ki, mən bu
yazıya əlavə
etdim. O zaman mən əhəmiyyət
vermədim. Səbuhi şəhid olandan sonra bildim ki,
boynundan asılan zəncirə bərkidilmiş
lövhənin arxa tərəfinə öz əlləri ilə şəhid sözünü
yazıbmış. Səbuhi
şəhid olacağını
əvvəlcədən duymuşdu..."
Müharibə bitdikdən
sonra şəhid Səbuhi Rövşən
oğlu Sadıqov 44 gün davam edən Vətən müharibəsində 37 gün
ərzində göstərdiyi
qəhrəmanlıq və
şücaətinə görə
"Vətən uğrunda",
"Cəbrayılın azad
olunmasına görə",
"Qubadlının azad
olunmasına görə",
"Cəsur döyüşçü"
medalları və
"3-cü dərəcəli vətənə xidmətə
görə" ordeni
ilə təltif edilmişdir.
Sonda onu demək istəyirəm ki, şəhidimiz haqqında bu yazını qələmə
alarkən öncə
çox ağır, çətin gəldi mənə. İnsanlığın
fövqündə dayanan
bu rəşadətli,
qeyrətli Vətən
oğlunu anlatmada qələmimin aciz qaldığını hiss
etdim. Bir neçə sətirdən
sonra sanki şəhidimizlə birgə
onun şərəflə
keçdiyi bütün
torpaqları - Füzulini,
Cəbrayılı, Xocavəndi,
Qubadlını addım-addım,
qarış-qarış gəzdim...
30 il həsrətində
olduğum, görə
bilmək ümidi ilə yaşadığım
o torpaqlara məndən
tez gedən şəhidim sanki özü mənim əlimdən tutub aparırdı... Sonda Laçında dayandıq
və həsrətlə
Şuşaya boylandıq....
Onun ən böyük arzusu Azərbaycan bayrağını
Şuşada dalğalandırmaq
idi. Cəmisi dördcə gün qalmışdı Səbuhinin
bu müqəddəs arzusunun gerçək olmasına. Cəmi dördcə gün... Mənfur düşmənin
minaatanının mərmisi
ilə köksündən
ağır yaralanaraq noyabrın 4-də şəhid
oldu və ölümsüzlük zirvəsinə
yüksəldi.
Səbuhinin timsalında
I Qarabağ müharibəsinin
20 min nəfərə
yaxın, II Qarabağ
müharibəsinin 3 min
nəfərə yaxın,
19-20 sentyabr Qarabağda
antiterror tədbirlərinin
300 nəfərə yaxın
şəhidi bu torpaq uğrunda canlarını fəda etdilər. Həqiqətən
də, biz millət olaraq, dövlət olaraq bu oğullarımızla fəxr edirik, qürur duyuruq. Bu vətənpərvər
övladlar gələcək
nəsillər üçün
örnək olduqlarını
ortaya qoydular.
Bu gün Yeganə ana yeganə oğlunun "Dua et, ana,
mən arzuma çatım" sözlərini
xatırlayaraq təsəlli
tapır. Vətən
qeyrətli cəsur balasını cəbhəyə
yola salarkən onun gözlərində gördüyü sevinci xatırlayaraq yaşaya bilir...
Bu gün Rövşən ata yeganə oğul övladının, qeyrətli,
cəsur balasının
Vətən torpağını
yağı düşməndən
azad etdiyi üçün onunla qürur duyur, oğlunun timsalında bütün şəhidlərimizlə
fəxr edir...
Qarabağın azadlığı
uğrunda gedən Vətən müharibəsində
başlanan Azərbaycanın
bütövləşməsi tarixi bu günlərdə,
19-20 sentyabrda ordumuzun Qarabağda apardığı
antiterror tədbirləri
nəticəsində başa
çatdı.
Yaxın günlərdə
daha qürurlu bir tarix yaşadıq:
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 15 oktyabrda Qarabağ xanlığının
qurucusu Pənahəli
xan tərəfindən
əsası qoyulmuş
Xankəndi şəhərində
Azərbaycan Respublikasının
Dövlət Bayrağını
ucaltdı.
Torpaqlarımızın azadlığı uğrunda
canlarından keçən
şəhidlərimizin hər
birinin adı əsrlərboyu yaşayacaq,
xatırlanacaq və ürəklərdə əbədi
heykələ dönəcəkdir!
Güntəkin
NƏCƏFLİ,
tarix üzrə
fəlsəfə doktoru,
dosent, Dövlət mükafatı laureatı
Azərbaycan.-2023.-
7 noyabr, № 244- S.7.