Bakı çinli qonaqları heyran edib

 

Çin Xalq Respublikasının paytaxtı Pekin şəhər Xalq Siyasi Məşvərət Şurası sədrinin müavini Çjan Çiyaminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Pekin şəhərinin nümayəndə heyəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun görüşü keçirilib.

Görüşdə çıxış edən Eldar Əzizov qonaqlara Bakının tarixi, şəhərdə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində paytaxtın infrastrukturu keyfiyyət baxımından yeni səviyyəyə yüksəlib, şəhərdə aparılan genişmiqyaslı bərpa-quruculuq abadlıq işləri onu daha da gözəlləşdirib. E.Əzizov xüsusi vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxta daim qayğı göstərir bunun sayəsində şəhərin tarixi irsini qorunmaqla yanaşı, müasir memarlığı da inkişaf edir.

Pekin şəhər Xalq Siyasi Məşvərət Şurası sədrinin müavini Çjan Çiamin bildirib ki, Bakı ilə Pekin arasında münasibətlər günbəgün genişlənir, Azərbaycanla əlaqələr onun ölkəsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Qonaq Bakıda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qeyd edilib ki, bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində Azərbaycan özünəməxsusluğu ilə seçilir. Bu səfərin Bakı Pekin şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayacağına əmin olduğunu bildirən Zhang Jiaming vurğulayıb ki, Bakı öz təmizliyi, baxımlı şəraiti yaşıllıqları ilə xüsusilə diqqəti cəlb edir.

Görüşdə iki paytaxt şəhər arasında gələcək əməkdaşlıq planları müzakirə olunub. Daha sonra çinli qonaqlar Bakının görməli yerləri ilə tanış olublar.

 

Azərbaycan.-2023.- 7 noyabr, № 244.- S.6.