Şuşa şəhəri 1 nömrəli
tam orta məktəbin açılışı
olub
Zəfər Komandanı Zəfər gününü Qarabağda
qeyd edir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa
şəhəri 1 nömrəli
tam orta məktəbin açılışında
iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısına və
birinci xanıma məktəbdə yaradılan
şərait barədə
məlumat verildi.
Bildirildi ki, 960
şagird yerlik üçmərtəbəli bina
beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi,
kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq
və musiqi kabinetləri, yeməkxana,
akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan
ərazidə futbol meydançası və digər zəruri yardımçı binaların
inşası yekunlaşıb.
Azərbaycan dövlətinin
Qarabağda və Şərqi Zəngəzurda
həyata keçirdiyi
bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının qurulmasına
xüsusi diqqət ayrılır. Şuşadakı
1 saylı orta məktəb bunun daha bir əyani
təsdiqidir. Müasir
tələblərə cavab
verən yeni təhsil müəssisəsi
Şuşanın bərpa
səviyyəsi ilə
uzlaşmaqla yanaşı,
Böyük Qayıdış
Proqramı çərçivəsində
şəhərə qayıdacaq
şagirdlərin ən
qabaqcıl standartlara uyğun təhsil almasına xidmət edəcək.
Qeyd edək ki, ölkəmizin mədəniyyət paytaxtı Şuşa Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus rol oynayıb. Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün qabaqcıl təhsil müəssisələrinin yetirmələri idilər. Belə ki, Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realnı məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verdi. Şuşada 1 saylı tam orta məktəbin inşası da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, məktəbin inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır.
Azərbaycan.-2023.- 8 noyabr, № 245.- S.3.