Şuşada Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri ilə tanışlıq
Zəfər Komandanı Zəfər gününü Qarabağda
qeyd edir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada
Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısına və
birinci xanıma görülən işlər
barədə məlumat
verildi.
Bildirildi ki, bu məscid Şuşa şəhərinin
mərkəzi hissəsində
yerləşən Mamayı
məhəlləsində XIX əsrin sonlarında Kərbəlayi Səfixan Qarabaği tərəfindən
inşa edilib. Düzbucaqlı quruluşu
olan ikimərtəbəli
məscidin sütunlu interyeri var.
Məhəllə məscidləri
kimi Mamayı məscidinin də damında azan vermək üçün
taxtadan güldəstə
quraşdırılıb. Burada
da məscid, bulaq, kiçik meydan, hamam olub.
Lakin işğal zamanı onlar da erməni vandalizminə məruz qalıb. Sovet hakimiyyəti illərində
isə Mamayı məscidi poeziya evi kimi fəaliyyət
göstərib.
Hazırda məsciddə
“PAŞA Holding”in dəstəyi
ilə Heydər Əliyev Fondu tərəfindən bərpa
işləri həyata
keçirilir.
Qeyd olundu ki, bərpa işləri Mamayı bulağını da əhatə edir. Vaxtilə Mamayı məhəlləsindəki bulağın
yuxarı hissəsində
kitabə olub. Kitabədə bulağın
1900-cu ildə Səməd
ağa Cavanşir tərəfindən tikildiyi
yazılmışdır. Ermənilər
Şuşanı işğal
altında saxladığı
dövrdə şəhərdəki
bir çox abidələr kimi Mamayı bulağını
da erməniləşdirməyə
çalışıblar. Bulağın
üzərindəki yazılar
silinib və yerinə xaç işarəsi həkk olunub. Bundan başqa, ermənilər saxtakarlıq edərək
bulağın daşlarının
üzərinə erməni
və rus dillərində yazılmış
lövhə də həkk ediblər. Aparılacaq işlər zamanı Mamayı məscidinin və bulağın tarixi görkəmi bərpa olunaraq istifadəyə veriləcək.
Prezident İlham
Əliyevə və birinci xanım Mehriban Əliyevaya Heydər Əliyev Fondu tərəfindən Çöl Qala məscidində və bulağında aparılan
bərpa işləri
barədə də məlumat verildi.
Bildirildi ki, Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində
fəaliyyət göstərən
17 məsciddən biri
olub. Məscid XIX əsrdə Kərbəlayi
Səfixan Qarabaği tərəfindən tikdirilib.
Məscid minarəsiz formada inşa edilib. Onun forması
Şuşa şəhərinin
əksər məscidləri
kimi düzbucaqlı olub. Məscidin ümumi girişi asimmetrik şəkildə
düzülmüş əsas
fasaddan ibarət olub. İbadət ocağının interyeri
tamamilə İslam memarlığına uyğundur.
Məscidin daxili hissəsi dörd ədəd səkkizguşəli
daş sütunla bəzədilib. Bu sütunlar ümumi ibadət zalını üç hissəyə ayırır.
Məscidin taleyi
Şuşa şəhəri
1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edildikdən
sonra şəhərin
digər tarixi abidələri kimi olub və bu
dini-tarixi abidəmiz də dağıdılaraq
talan edilib.
Çöl Qala
məscidinin yaxınlığında
məscidin üslubunda
tikilən XIX əsrə
aid Çöl Qala bulağı yerləşir. Şuşa
şəhəri Ermənistan
silahlı qüvvələri
tərəfindən işğal
ediləndən sonra bulaq da dağıdılıb,
daş kitabələri
də məhv edilib.
Azərbaycan.-2023.- 8 noyabr, ¹ 245.- S.3.