Dövlətçilik
tariximizin dönüş
nöqtəsi
2020-ci il 27 sentyabr
tarixdə Azərbaycan
Ermənistanın növbəti
təxribatlarının qarşısını
qətiyyətlə alaraq
torpaqlarımızın işğaldan
azad olunması əməliyyatlarına başladı.
Cəmi 44 gün
çəkən Vətən
müharibəsi nəticəsində
torpaqlarımız işğaldan
azad edildi. Noyabrın 8-də Qarabağın
incisi Şuşanın
işğaldan azad olunması Azərbaycan tarixinin ən şərəfli zəfər
gününü formalaşdırdı.
Həqiqətən də,
bu, Azərbaycan dövlətçiliyi tarixində,
Azərbaycan xalqının
həyatında çox
mühüm, əlamətdar
bir hadisədir.
Otuz il müddətində torpaqları
Ermənistanın işğalı
altında olanda Azərbaycan münaqişəni
dinc vasitələrlə
tənzimləməyə çalışdı.
Bu zaman Azərbaycanın başlıca
məqsədi ondan ibarət idi ki, regionda genişmiqyaslı
müharibə baş
verməsin, itkilər
olmasın. Beynəlxalq
hüquq çərçivəsində
münaqişə ədalətli
şəkildə, yəni
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
öz həllini tapsın. Lakin bununla bərabər, Prezident cənab İlham Əliyev hər zaman vurğulayırdı ki, biz öz torpaqlarımızı
hərbi yolla işğaldan azad etmək gücünə sahibik. Mənasız danışıqları sonsuzluğa
qədər davam etdirməyəcəyik. Lakin
Ermənistan və onun himayədarları Azərbaycanın sərgilədiyi
mövqeyi lazımınca
qiymətləndirməyi bacarmadılar
və ölkəmizə
qarşı təxribatlarını
daha da intensivləşdirdilər,
hətta yeni ərazilərimizi işğal
etmək istəklərini
çəkinmədən nümayiş
etdirdilər. Belə olan halda təbii
ki, hərbi yolla torpaqlarımızın
işğaldan azad olunması zərurəti yarandı. Beləliklə,
Silahlı Qüvvələrimiz
hərəkətə keçdi.
Cəmi 44 günə
Müzəffər Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan
Ordusu tariximizin qızıl səhifəsini
yazdı.
Bugünkü
tariximizdən dünənimizə
boylananda nə qədər böyük və qətiyyətli yol keçdiyimizi bir daha görməkdəyik.
Bir daha bu günün - 8 Noyabr - Zəfər Gününün əhəmiyyətini,
tarixiliyini, qürurunu
anlayırıq. Azərbaycan
44 günlük Vətən
müharibəsi dövründə
hərtərəfli potensiala
sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın siyasi, diplomatik, iqtisadi, hərbi potensialı olduqca ahəngdar şəkildə Ermənistanın
işğalçılıq siyasətinin aradan qaldırılması üçün
öz təsirini göstərdi. 44 günlük
müharibə dövründə
ölkəmizə əsassız
siyasi hücumlar da edilirdi, amma
ölkə rəhbəri
dünyanın 30-dan çox
ən nüfuzlu kütləvi informasiya vasitəsinə müxtəlif
dillərdə verdiyi müsahibələrlə bu
hücumların qarşısını
alırdı. Dövlətimizin
başçısı haqlı
mövqelərimizi əsaslandırır
və əsassız hücumları təşkil
edən dairələri
qətiyyətlə susdururdu.
Bu hərbi qələbəmizlə yanaşı,
siyasi, diplomatik qələbəmizi də
şərtləndirdi.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli
Bəyanat Ermənistanın
kapitulyasiya sənədi
oldu. Həmin bəyanatda Azərbaycanın
haqlı mövqeləri
öz ifadəsini tapdı. Azərbaycan Prezidentinin qətiyyəti
sənəddə ifadə
olundu.
Torpaqlarımızın işğaldan azad olunduğu üç il ərzində bütün ərazilərimiz
boyunca suverenliyimizin etibarlı və dönməz şəkildə
təmin olunması istiqamətində hərtərəfli
addımlar atdıq. Bunun özü də ayrıca bir strategiya kimi qiymətləndirilməlidir.
Bütün ərazilərimiz
boyunca suverenliyimizin təmin olunması strategiyası özündə
siyasi, diplomatik, hərbi, iqtisadi komponentləri birləşdirirdi.
Biz bu komponentlərin
hər birini uğurla tətbiq edərək bayrağımızı
Xankəndidə, Xocalıda
ucaltdıq. Bu il aprelin 23-də Laçın yolunda nəzarət-buraxılış məntəqəsini qurmaqla
ərazilərimiz boyunca
suverenliyimizin təmin
olunması istiqamətində
olduqca əhəmiyyətli
bir hadisə baş verdi. Laçın yolunda sərhəd-keçid məntəqəsinin
qurulması 2020-ci ildə
Vətən müharibəsindəki
qələbəmiz qədər
dəyərli idi.
Sentyabrın 19-20-də həyata keçirdiyimiz antiterror tədbirləri nəticəsində ölkəmizin
ərazisində 30 ildən
artıq mövcud olan separatizmə son qoyuldu və
Azərbaycan dövlətçilik
tarixini yenilədi, müstəqillik tarixini tamlaşdırdı. Biz müstəqilliyimizə qovuşan
zaman artıq Xankəndi və ətraf ərazilər üzərində, demək
olar ki, nəzarəti itirmişdik.
Qarabağda, Xankəndidə
ekstremizm yolu ilə separatçı bir rejim formalaşdırılmışdı
və təbii ki, bu da
bütün ərazilərimizdə
suverenliyimizi təmin etməyə imkan vermirdi.
Prezident İlham
Əliyevin strateji baxışları, iradəsi,
əzmi sayəsində
Azərbaycan, nəhayət
ki, bütün əraziləri boyunca suverenliyə sahib olan müstəqil dövlət oldu. Prezidentin özünün
də dediyi kimi, müstəqillik şərti ola bilməz. Həqiqətən
də, Azərbaycan sözün əsl mənasında ərazi bütövlüyü təmin
olunmuş, bütün
ərazisi boyunca suverenliyə
sahib müstəqil bir dövlətə çevrildi.
Bu baxımdan hesab edirəm ki, Vətən müharibəsi Azərbaycan
dövlətçilik tarixinin,
ümumiyyətlə, Azərbaycan
xalqının bütün
mövcudluq tarixinin bir dönüş nöqtəsi oldu. Biz bu gün
tamam yeni obrazda beynəlxalq münasibətlərdə, əməkdaşlıqda
iştirak etməkdəyik.
Azərbaycan öz maraqları çərçivəsində
tam müstəqil siyasət yeridən azsaylı dövlətlərdən
biri olmaqla, müasir proseslərə,
reallıqlara təsir
imkanlarını da əhəmiyyətli dərəcədə
artırıb və bu təsir imkanları
da yenə bizim milli maraqlarımıza,
inkişafımıza xidmət
edən elementləri formalaşdırır.
Elşad
MİRBƏŞİROĞLU,
Milli Məclisin
deputatı
Azərbaycan.-2023.-
8 noyabr, № 245. - S.13.