Zəfərin rəmzləri

 

 

8 Noyabr - Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı var: Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu "dəmir yumruğ"a çevrilmiş xalq. Bu reallıqda Prezident+Ordu+Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.

Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində, dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti  vətənpərvərliyi sözdə deyil, döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımız uca oldu. Qürurumuz özümüzə qaytarıldı, alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.

Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz suverenliyimiz təmin olunmadı, həm erməni faşizminə ölümcül zərbə endirildi. Ermənistanın dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri "miatsum" ideologiyası - İrəvan Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Ermənistan dövləti xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. Eyni məkanda "Ermənistan-diaspor-artsax" ideoloji triadası da yer almışdır.

2020-ci il noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu  bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu.

Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, Qərb mətbu orqanlarında Azərbaycan Ordusunun hərbi taktikası çox yüksək qiymətləndirilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Bu tarxi zəfərin digər mühüm nəticələri də var. "Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və "güclüsənsə haqlısan" məntiqi hökm sürür" deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək  ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm  addımların atılmasını təmin etmişdir. Dövlətimizin başçısı vaxtilə böyük uzaqgörənliklə vurğulamışdır: "Əminəm ki, Azərbaycan gücləndikcə  ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Azərbaycan Ordusu nəinki bölgədə, həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərbi yolla həll edə bilərik". Təsadüfi deyil ki, ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur. Əgər 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollara bərabər idisə, Vətən müharibəsinin başladığı 2020-ci ildə  bu göstərici 1,9 milyard dollar təşkil etmişdir.   

Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. 5-ci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi  ölkəmizə  təkcə hərbi deyil, həm də siyasi  dividendlər gətirmişdir. Ordumuzda döyüş ruhu və  hərbi-vətənpərvərlik  hissinin  ən yüksək səviyyəsi  təmin edilmişdir. Ordumuz Vətən qarşısında  xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı  mahiyyəti səbəbindən bütün bunlardan məhrumdur.  "Yenilməz" erməni ordusunun gücü isə yalnız əliyalın dinc insanlara çatır. Müharibə dövründə Ermənistan hakimiyyəti növbəti hərbi cinayətlərə imza atmışdır.

Onu da qeyd edək ki, 2021-2023-cü illərdə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması işlərinə 7 milyard ABŞ dolları vəsait xərclənmişdir. 2024-cü ilin dövlət büdcəsində eyni məqsəd üçün ən azı 2,4 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Böyük qayıdış proqramı uğurla icra edilir. Artıq keçmiş məcburi köçkünlərin, bu torpaqların əsl sahiblərinin Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdışı təmin edilmişdir. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Beləliklə, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Türkiyə kimi güclü qardaş dövlətin Vətən müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycanın yanında olduğunu bəyan etməsi, ölkəmizə böyük mənəvi və siyasi dəstək göstərməsi üçüncü dövlətlərin hərbi avantürasının qarşısının alınmasında müstəsna rol oynadı. Ermənistanın siyasi-hərbi rəhbərliyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müharibəyə cəlb etmək niyyəti fiaskoya uğradı.

Zəfər paradında çıxış edən Prezident İlham Əliyev tarixin sınağından şərəflə çıxmış Azərbaycan-Türkiyə birliyinə və qardaşlığına diqqəti cəlb edərək vurğuladı ki, "Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür".

2021-ci il iyunun 15-də iki qardaş dövlətin prezidentlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzaladıqları bəyannamə ilə ikitərəfli münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Azərbaycan və Türkiyə dövlətləri hərbi müttəfiqə çevrildilər.

Xüsusi olaraq onu da qeyd edək ki, Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı, ölkəmizin Birinci vitse-prezidenti mərhəmətli Mehriban xanım Əliyeva 44 günlük Vətən müharibəsinin çətin və şərəfli günlərində torpaq uğrunda canını fəda etmiş şəhidlərlə bağlı rəsmi "İnstaqram" səhifəsində çoxsaylı paylaşımlar edərək, onların şücaətini əsl qəhrəmanlıq, rəşadət və qorxmazlıq nümunəsi kimi qiymətləndirmişdir. "Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq", - deyən ölkəmizin birinci xanımı Mehriban Əliyeva şəhidlərimizin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını vurğulamışdır.

Hörmətli Mehriban xanım Əliyeva  Prezident İlham Əliyev ilə birlikdə işğaldan azad olunmuş müqəddəs torpaqlarımıza davamlı səfərlər edərək Ali Baş Komandanın erməni vəhşiliyi və barbarlığını ifşa edən fikirlərini çəkdiyi unikal videokadrlarla zənginləşdirmiş və tamamlamışdır. Bir çox halda bu kadrlar ilkin mənbə rolunu oynamaqla erməni faşizminin eybəcər simasını dünya ictimaiyyətinə tanıtmaq baxımından misilsiz əhəmiyyətə malikdir.

44 günlük müharibədən sonra Ermənistanın siyasi-hərbi rəhbərliyi və onun himayəsi altındakı Qarabağdakı separatçı rejimin tör-töküntüləri məğlubiyyətlərindən lazımi nəticə çıxara bilmədilər.

Bu şəraitdə  Azərbaycanın antiterror tədbirləri keçirməkdən və öz suverenliyini tam bərpa etməkdən başqa seçim yolu qalmadı. 2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik separatçı kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu.

Uzun illər ərzində ilmə-ilmə işlənən, müxtəlif dövrlərdə Cənubi Qafqazla bağlı planları olan qüvvələrin dəstəyi ilə reallaşdırılmağa çalışılan "böyük Ermənistan" planı Azərbaycan liderinin uzaqgörən siyasəti, qətiyyəti və iradəsi sayəsində süquta uğradı, darmadağın edildi. Erməni "miatsum"u, "ikinci erməni dövləti" xəyalları birdəfəlik məhv edildi.

Qarabağda Azərbaycan xalqının qanını tökmüş, Xocalıda soyqırımı törətmiş hərbi canilər artıq əli qandallı Bakıya gətirilmiş, onlara qarşı istintaq hərəkətlərinə başlanılmışdır. İnsanlıq əleyhinə ağır cinayətlər törətmiş bu müharibə canilərinə qarşı sərt və ədalətli cəzanın tətbiq olunacağı labüddür.

 Müharibəni udan Ali Baş Komandanın sülhü qazanacağı da sırf zaman məsələsidir. Bu, aksiomdur. İsbata ehtiyacı yoxdur.

Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!

 

Elman NƏSİROV,

Milli Məclisin deputatı

Azərbaycan.-2023.- 8 noyabr, ¹ 245. - S.14.