"Dəmir yumruğ"un dərsləri

 

 

30 il davam edən beynəlxalq riyakarlıq, tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun hərbçiləri canları-qanları bahasına Ermənistan silahlı birləşmələrinin "məğlubedilməzliyi" barədə illərdir formalaşdırdığı mifi 44 günə məhv etdi.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. İmzalanmış bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. Otuz il danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və "Böyük Ermənistan" planı fiaskoya uğradı. Keçmiş "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi. Ermənistanın, onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları darmadağın edildi.

Tarixi Qələbə Azərbaycan xalqının milli dəyərlərə söykənən böyük potensialını üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni "dəmir yumruğ"un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT tarixində bu, ilk haldır ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etdi.

İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, birliyi daha da gücləndirdi. Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini Azərbaycanın qüdrətini qəbul etmək kimi danılmaz fakt qarşısında qoydular. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, çoxlu sayda canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Məhv edilən sadəcə Ermənistan hərbi texnikası deyil, həm də dünya erməniliyinin mənfur ideologiyası oldu. Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərinə imkan vermədi.

Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Dövlət başçımızın amalı işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun şəkildə bərpa etmək və qısa müddət ərzində soydaşlarımızı öz dədə-baba yurdlarına yerləşdirməkdir. Burada xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, bu işi Azərbaycan dövləti öz resursları hesabına həyata keçirir.

Dövlətimizin başçısı Qarabağa səfərlər zamanı əsas diqqəti həm də erməni vandalizminə məruz qalmış tarixi mədəniyyət abidələrimizin bərpasına yönəldir. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Qarabağda və Şərqi Zəngəzurda hərtərəfli iş görülür - infrastruktur qurulur, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri tikilir, məscidlərimiz bərpa olunur, muzeylər, hava limanları tikilir, dəmir yolları, tunellər çəkilir. Azərbaycanın yeni quruculuq missiyası davam edir. Azad edilmiş torpaqlara həyat qayıdır.

44 günlük Vətən müharibəsində yalnız torpaqlarımızı işğaldan azad etmədik, eyni zamanda mədəniyyət  beşiyimiz Şuşamıza qayıtdıq, "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər milli-mədəni ənənələrimiz bərpa olundu. Muğamlarımız yenidən Qarabağın səmalarında qanadlandı. Eyni zamanda Qarabağın tacı Şuşa Azərbaycan və Türkiyə birliyinin, həmrəyliyinin zirvəsi olan Şuşa Müttəfiqlik Bəyannaməsinin imzalanmasına şahidlik etdi. Şuşa Bəyannaməsi dünyaya bir sıra mesajlarını çatdırdı. Azərbaycan dost, qardaş ölkənin Prezidentini Şuşada qarşıladı. 28 il Şuşanı erməniləşdirməyə çalışanlar atılan bu addımların fonunda bir daha bu reallığın şahidi oldular ki, tarixi inkar etmək qeyri-mümkündür.

Azərbaycan dövləti işğalçı Ermənistana sülh razılaşmasını imzalamağı təklif etməklə humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. Ermənistan isə xislətinə uyğun olaraq sülh razılaşmasını imzalamaqdan yayınır. Amma Azərbaycanın tələbi də ortadadır - sülh təklifi masa üzərində daimi saxlanıla bilməz.

Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurmaqla ərazi bütövlüyümüzü, sentyabrın 19-da isə suverenliyimizi tam bərpa etdik. Qarabağ bölgəsində yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərk-silah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, eyni zamanda bütün silah-sursat və ağır texnikanı təhvil verməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi. Suverenliyimizin tam təmin olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bugünkü Azərbaycan, məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

 

Kamran BAYRAMOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2023.- 9 noyabr, №246- S.7.