Zəfərin mübarək, Vətən!

 

 

Otuz ilə yaxın idi ki, Qarabağımızı, eləcə onun ətrafındakı  yeddi rayonumuzu ermənilər işğal etmişdilər. Doğma ocaqlarından didərgin düşmüş qaçqınlar acılarla dolu həyat yaşayırdılar. Yurd həsrətli bu insanlar intizarla, həsrətlə torpaqlarımızın azad olunacağı geriyə dönəcəkləri günü gözləyirdilər. Belə çətin günlərdə Vətənin Zəfərə, Qələbəyə ehtiyacı var idi. Bu Zəfəri Vətənə qoynunda böyütdüyü övladları bəxş etməliydilər. Yurdu düşmən əsarətindən yalnız onlar xilas edə bilərdilər.

Hər gün səhərlərimizi sabahlara  böyük ümidlərlə, Zəfər arzusu ilə açırdıq. Çünki yalnız qəsbkarlar üzərində qazanılacaq Zəfər nəticəsində torpaqlarımız işğaldan azad olunacaqdı. Yurdumuzu azad edəcək qeyrətli oğullarımız gündən-günə güclənən ordumuzun sıralarında şərəflə, ləyaqətlə xidmət edirdilər. Onlar yorulmaq bilmədən təlim keçir, silahların sirlərinə yiyələnir, hərbi texnikaları idarə etməyi öyrənir, düşmən üzərində qazanacaqları zəfərə hazırlaşırdılar.

Müstəqilliyimizin təminatçısı, xalqımızın güvənc yeri olan, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordumuz günü-gündən inkişaf edir, formalaşır möhkəmlənirdi. Zaman keçdikcə ordumuz maddi-texniki bazasını gücləndirirdi. Onun sıralarında xidmət edən hərbi qulluqçuların ürəyi erməni qəsbkarlarına qarşı nifrətlə döyünürdü. Döyüş hazırlığını artıra-artıra güclənən silahlı qüvvələrimiz ermənilərin tapdağı altında qalmış torpaqlarımızı azad etməyə qadir hazır idi.

O ərəfədə erməni işğalçıları mövqelərimizə tez-tez hücumlar edir, ölümlə nəticələnən təxribatlar törədirdilər. Hücumların qarşısı ordumuz tərəfindən anındaca qətiyyətlə alınırdı. 27 sentyabr 2020-ci ildə səhərə yaxın ermənilər bütün cəbhəboyu hücuma keçərək, yenə təxribat törətdilər. Silahlı Qüvvələrimizin həyata keçirdiyi müdafiə tədbirləri nəticəsində bütün istiqamətlərdə düşmən hücumlarının qarşısı alındı. İşğalçıların təxribat xarakterli hücumları nəticəsində torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi başlandı. 44 gün davam edən müharibədə ordumuz erməni qəsbkarları üzərində Zəfər qazandı. 30 ilə yaxın işğalda qalmış Qarabağımız onun ətrafındakı yeddi rayonumuz uğurlu döyüşlərdən sonra ermənilərdən təmizləndi. Silahlı Qüvvələrimiz xalqımıza, Vətənimizə Zəfər müjdəsi verdi. Həmin qürur dolu günlərdə hamı birlikdə iftixar dolu səslə: "Zəfərin mübarək, Vətən!" - dedi.

İkinci Qarabağ müharibəsi günümüzün bir çox reallıqlarını kökündən dəyişdi. Vətən müharibəsi təqvimimizə yeniliklər gətirdi. Əvvəllər noyabrın 8-i hamımız üçün adi günlərdən biri idi. Sakitcə, heç bir təmtəraq olmadan ötüb keçirdi. 2020-ci ildən sonra isə noyabrın 8-i tariximizə Zəfər Günü kimi yazıldı. İndi ölkəmizin bütün bölgələrində bu əziz  bayram böyük təntənə ilə qeyd olunur. Xalqımız 2020-ci ilin payızında böyük tarixi günlər yaşadı. Çöhrələrimizə gülüş ələyən Zəfər bayramı Vətən müharibəsində qazanılan uğurlu döyüşlərdən doğuldu. İndidən sonra Zəfər Gününü xatırladıqca iftixar dolu hisslər keçirəcəyik. Zəfər  Gününü Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə "əhsən" deyə-deyə xatırlayacağıq. Qürur dolu bu günləri xatırladıqca üzümüz güləcək, könlümüz açılacaq. Bizə bu xoş anları yaşadanların qarşısında böyük iftixarla baş əyəcəyik. Baş əyə-əyə deyəcəyik ki, Zəfərin mübarək, Vətən!

Azərbaycan Ordusu Vətən müharibəsində qısa müddət ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni qəsbkarları üzərində tarixi qələbə qazandı. Bu möhtəşəm qələbə nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Şuşa rayonları uzun illər işğalçıların nəzarətində qalmış başqa şəhər kəndlərimiz azad olundu. 44 gün ərzində səngiməyən döyüşlərdə erməni ordusu məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu. İndi xalqımız sevinc içində fərəh dolu günlər yaşayır, şərəfli tarixinin ən gözəl, ən möhtəşəm bayramlarından birini qeyd edə-edə deyir ki, Zəfərin mübarək, Vətən!

Gərgin döyüşlərdə qazanılan bu Zəfərə görə hamımız Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq! Yurd uğrunda canından keçən şəhidlərə minnətdarıq. Vətən müharibəsinin getdiyi günlərdə xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşdi. Qələbə naminə hamı bir nəfər kimi ordumuza dəstək verdi, qüvvə imkanlarını səfərbər etdi. Döyüşlərin səngimədiyi, silahların susmadığı günlərdə xalq ordusunun, zabitinin, əsgərinin yanında oldu. Məhz buna görə , İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbələr endirildi, torpaqlarımız işğaldan azad olundu. Hamımızın üzünü güldürən Böyük Zəfər qazanıldı.

Vətən müharibəsində qələbənin qazanılmasında gənclər böyük hünər qəhrəmanlıq göstərdilər. İkinci Qarabağ müharibəsi başlayan kimi yaşından, vəzifəsindən asılı olmayaraq, ürəyi Vətən eşqi ilə döyünən oğullar yurdumuzun müdafiəsinə yollandılar. Müxtəlif cəbhələrdə döyüşən cəsur oğullarımız yurdumuzun erməni işğalçılarından azad olunması naminə böyük igidlik göstərdilər. Düşmən üzərində zəfərin qazanılmasına qəhrəmanlıq töhfələri verdilər. Böyüməkdə olan gənc nəsillərimiz bundan sonra igidliyi, qəhrəmanlığı Vətənə Zəfər qazandıran bu cəsur oğullardan öyrənəcəklər.

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında  işğaldan azad olunmuş ərazilərimizdə çox böyük bərpa quruculuq işləri aparılır. Bu quruculuq işləri şəhidlərə qoyulan ən dəyərli abidədir. Rayonlarda yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, idman kompleksləri, zavod fabriklər, beynəlxalq aeroportlar tikilir. Həm dəmir yolu, həm müasir dövrün tələblərinə cavab verən avtomobil yolları çəkilir. Bir sözlə, işğaldan azad olunmuş ərazilərə həyat qayıdır.

Azərbaycan Ordusundan aldıqları ağır zərbələrdən sonra geri çəkilən emənilər düçar olduqları məğlubiyyətdən düzgün nəticə çıxarıb, silahı yerə qoymadılar. Yenə tez-tez mövqelərimizi atəşə tutdular, təxribatlar törətdilər. Laçın rayonunun Zabux, Sus başqa sərhədyanı kəndlərindən çıxmadılar. Görünür, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyətləri, ağır itkiləri onlara yaxşı dərs olmamışdı. Deməli, yenə düşmənə layiq olduğu yeri göstərmək lazım idi. Separatçıları məhv etmək üçün 12 sentyabr 2022-ci ildə ordumuz "Qisas" əməliyyatı keçirdi. Erməni qəsbkarlarına ağır zərbə vuruldu. Böyük itkilərə məruz qalan düşmən bir günün içində dayandığı mövqelərdən geri çəkilməyə məcbur oldu. Azərbaycan Ordusu "Qisas" əməliyyatında Zəfər qazandı.

Geri çəkilən düşmən yenə dinc durmur, Qarabağda təxribatlar törədir, yeni postlar, səngərlər qururdular. Əvvəlki çirkin məqsəd niyyətlərindən əl çəkməyən, hələ ötən əsrin 90-cı illərinin şirin xəyalları ilə yaşayan  separatçılar gizli yollarla Qarabağa silah-sursat daşıyır, bu gözəl diyarda varlıqlarını uzatmağa çalışırdılar. Bu separatçı əməllər yeni antiterror tədbirlərinin keçirilməsini zəruri edirdi.  Nəhayət, separatçıların cinayət dolu bu hərəkətləri ordumuzun səbir kasasını daşdırdı. 2023-cü il sentyabrın 19-20-də şanlı ordumuz gizli yollarla Ermənistandan daşıyıb gətirdiyi silahlarla Qarabağı qan çanağına döndərmək istəyən erməni separatçılarına qarşı əməliyyat tədbirləri görməyə başladı. İllərdən bəri atəş səslərinin kəsilmədiyi Qarabağa sülh gətirmək üçün hərbi qulluqçularımız torpaqlarımızdan çıxmaq istəməyən separatçıları məhv etmək məqsədilə böyük hünərlə döyüşə girdilər. Cəsur zabit əsgərlərimiz qısa müddət ərzində ermənilərin neçə vaxtdan bəri möhkəmləndirdikləri mövqelərini, çəkdikləri beton sədləri darmadağın etdilər. Əməliyyatların elə ilk dəqiqələrindən separatçılar ağır itki verib geri çəkildilər. Bu itkilər ermənilərin məğlubiyyətindən, ordumuzun zəfərindən xəbər verirdi.

Artıq Qarabağda separatçıların, separatizmin sonu çatmışdı. Döyüş əməliyyatlarının ilk anlarından qələbəyə köklənmiş qətiyyət, əzmkarlıq özünü açıq şəkildə göstərdi. Əməliyyata başlayandan 23 saat 43 dəqiqə sonra erməni separatçıları məğlubiyyətin rəmzi olan bayraq qaldırdılar. Düşmən sentyabrın 20-də ordumuzun gücü, qüdrəti qarşısında diz çökdü. Sentyabrın 19-u tariximizə separatçılara qarşı sonuncu döyüşün başlandığı gün kimi düşdü. Ermənilər Qarabağdan könüllü olaraq çıxdılar. Əli xalqımızın qanına batmış cinayətkarların "liderləri" isə həbs edildi. Silahlı Qüvvələrin qazandığı qələbə uzun illər işğalda qalmış Ağdərəni, Əsgəranı, Xocavəndi, Xocalını, Xankəndini başqa yaşayış məntəqələrini erməni separatçılarından azad etdi. Zəfər dalınca Zəfər gəldi.

Oktyabrın 15-də Xankəndiyə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Bayrağını şəhərin mərkəzində dalğalandırdı. Bu hadisə bütün azərbaycanlıları sevindirdi. Qürurverici kadrları izlədikcə ürəyimiz iftixarla, fərəhlə doldu. İllərdən bəri xəyal etdiklərimizi Müzəffər Ali Baş Komandan qətiyyəti ilə, dəmir iradəsi ilə reallaşdırdı. Dövlət başçısı Azərbaycan Bayrağını Xankəndidəki meydanda dalğalandırandan sonra xalqa tarixi müraciət etdi. Dövlət başçısının müraciət zamanı dediyi sözlər yaddaşımıza əbədi həkk olundu: "Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam doğma xalqıma bir daha demək istəyirəm ki, biz Qələbəyə layiqik. Azəbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq burada yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Bu gün doğmadan doğma olan Qarabağın hər guşəsində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Zəfər zəfərə, qələbə qələbəyə qarışıb.

 

Vahid MƏHƏRRƏMOV

Azərbaycan.-2023.- 8 noyabr, № 245. - S.17.