Mavi gözlü, al duvaqlı, yaşıl donlu bayrağım

 

 

Bayraq dövlətlərin varlığını göstərən, onu təmsil edən rəmzdir. Bayraq millətlərin adət-ənənəsini, mədəniyyətini, milli kimliyini, əxlaqını özündə ehtiva edən ən dəyərli sərvətdir. Bayraq həm Vətəndir.

Vətən təkcə insanın anadan olduğu, dədə-babalarının, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ərazi deyil. Vətən həm emosional hissdir, namusdur, qeyrətdir, müqəddəs torpaqdır. O torpaq ki, insanın son yeridir.

Vətən içimizdə, ruhumuzda kök salmış, qəlbimizdə yuva qurmuş torpaq sevgisindən göylərdə dalğalanan bayraqdan başlanır. Yurd sevgisi başımızdan ucada tutduğumuz bayrağa hopub Vətəni yaşadır. Biz bayrağımızı sadəcə rəmz kimi qəbul etmirik, onu canlı, müqəddəs bir varlıq, güc mənbəyimiz kimi görürük, sevirik. Cəfər Cabbarlı üçrəngli bayrağımıza olan sevgisini belə ifadə edib:

 

Rəmuz ilə dörd bir yanə işıq saçmaq istiyor,

Ara-sıra tərpəniyor, bu kəsik uçmaq istiyor,

Qollarilə türk ellərin bütün qucmaq istiyor,

Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

 

Türk tarixçisi professor Bahəddin Ögəl bayraq haqqında çox maraqlı fikir söyləyib: "Bayraq qoruyucu bir ruhdur. O, bir zəfər Tanrısıdır. Bayraq müqəddəs mübarək adam kimidir. Kökü, dibi yerdə, başı isə göylərdə olan bir varlıqdır. Göylərdə sonsuzlaşır, yayılır, ucalır. Bayraq millətlərin nəslinin kökünün rəmzidir". Bu, doğrudan da belədir. Bayraq millətin, xalqın qüruru ürəyidir. Bayrağın dəyəri onun parçasının pambıq, atlas, yaxud ipək olması ilə ölçülmür. Onun qiyməti təmsil etdiyi dövlətin, millətin dəyəri ilə ölçülür. Bayraq dövlətin hakimiyyətini, müstəqilliyini şərəfini təmsil etdiyi üçün ona xüsusi sayğı göstərilir.

44 günlük Vətən müharibəsində Azərbaycan xalqının bayraq sevgisi daha qabarıq sərgiləndi. Həmin günlər bayrağımız milli-mənəvi varlığımızın, Azərbaycan dövlətçiliyinin simvolu idi. Azad olunan Vətən torpaqlarına sancılan bayraqlar Zəfər rəngində idi millətin döyüşkənliyini, dövlətimizin yenilməzliyini əks etdirirdi. Hətta şəhidlərin sinəsində, ürəklərinin üstündə Azərbaycan bayrağı vardı. O günlər "yaşıl donlu, al duvaqlı, mavi gözlü sevdiyim"ə olan Məcnun eşqimiz Zəfərə gedən yolda döyüş ruhumuzu, qələbə ümidimizi artırdı. Gözümüzü ən çox oxşayan, hər yerdə qarşımıza çıxan qürurla dalğalanan üçrəngli bayrağımız oldu. Azad olmuş Qarabağda Şərqi Zəngəzurda  ən uca yerlərdə vüqarla dalğalandı, ox olub düşmən gözünə batdı. Bayrağımız həmçinin şəhidlərimizin tabutuna, məzarına örpək oldu. Hər şəhid anası, atası, yaxını onu öpərək gözünün üstünə qoydu, bağrına basdı - balası əvəzinə, atası, qardaşı yerinə. Şəhidinin qoxusu çökmüş o müqəddəs bayraq indi evin yuxarı başında "məskən salıb".

Bu gün bayrağımız bütövləşmiş vətənimizin hər yerində dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz əlləri ilə göylərə ucaltdığı bayrağımız  Şuşadan, Xankəndidən bütün dünyaya mesaj verir ki, mən burada - təmsil etdiyim yurdumdayam, vətənimdəyəm.

 

Azərbaycan, Azərbaycan!

Üçrəngli bayrağınla məsud yaşa...

 

O bayrağınla ki, ötən 105 ildə qədər kədər, iztirab, işgəncə yaşasa da, Azərbaycanın bütövlüyünün böyüklüyünün rəmzi olaraq bu günəcən gəlib çıxıb. Bu gün o, dünyanın hər yerində yaşayan soydaşlarımızın and yeridir. Bayrağa sahib olmaq elə asan deyil. Ona görə başlar düşmədən bayraq yerə düşməz. O da ola mavi gözlü, al duvaqlı, yaşıl donlu bizim bayraq.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2023.- 8 noyabr, № 245. - S.19.