İlham
Əliyev siyasətinin
şah əsəri
Azərbaycan Respublikası
hələ 1995-ci ildən
konstitusion formada bəyan edib ki, başqa dövlətlərin müstəqilliyinə
qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli
üsulu kimi müharibəni rədd edir. Konstitusiyanın 10-cu maddəsi ilə təsbit olunub ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini
hamılıqla qəbul
edilmiş beynəlxalq
hüquq normalarında
nəzərdə tutulan
prinsiplər əsasında
qurur.
Ulu Öndər
Heydər Əliyev tərəfindən ümumbəşəri
dəyərlərə sadiq
olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində
yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət
göstərmək dövlətimizin
altı ali niyyətindən biri kimi müəyyən edilib.
Ötən 27 illik
dövrdə Azərbaycan
işğalçı və
təcavüzkar Ermənistanla
danışıqlar aparmaqla
konstitusion formada müəyyən edilən
və yuxarıda sadaladığımız niyyət
və mövqeyə sadiq qaldığını
əməli formada göstərib.
Noyabrın 3-də Astanada
Türk Dövlətləri
Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündə,
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bütün bu illər ərzində
Azərbaycan münaqişəni
sülh yolu ilə həll etməyə çalışırdı.
Lakin Ermənistanın
məqsədi işğala
əsaslanan status-kvonu
möhkəmləndirmək idi.
Ermənistanın BMT Baş Assambleyası və BMT Təhlükəsizlik
Şurasının qətnamələri
başda olmaqla, çoxsaylı beynəlxalq
və regional sənədlərdə rəsmən
işğalçı kimi
tanınmasına, Azərbaycanın
ərazi bütövlüyünə
açıq dəstək
verilməsinə baxmayaraq,
heç bir struktur və təsisat işğalçıya
qarşı hansısa
sanksiya, yaxud təzyiq barədə danışmır, beynəlxalq
hüquq pozuntusunun aradan qaldırılması
istiqamətində əməli
tədbirlər görülmürdü.
Bəzilərinə münasibətə
saatlar içində icra olunan, hətta
bir sıra subyektlərin maraqlarının
təmin edilməsi naminə hərbi müdaxilə üçün
BMT Təhlükəsizlik Şurasının
razılığının belə alınmadığı
halda, Azərbaycanın
ərazi bütövlüyünü
ehtiva edən qətnamələr 30 il kağız üzərində
qalan ölü müddəalardan başqa
bir şey olmadı. Milli məfkurənin idarə etdiyi Azərbaycan, təbii ki, bu vəziyyətlə barışa bilməzdi.
Ulu Öndər
Heydər Əliyev hələ 1998-ci il oktyabrın 18-də baş
tutan andiçmə mərasimində bəyan etmişdi: "Biz heç vaxt heç bir qonşu ölkənin torpağına qəsd etməmişik və bu gün də
qəsd etmirik. Heç kəsin torpağına göz dikməmişik. Biz Azərbaycan dövlət müstəqilliyini əldə
edən zaman Birləşmiş Millətlər
Təşkilatı tərəfindən
tanınmışıq, Azərbaycanın
dövlət sərhədləri
çərçivəsində olan müstəqil Azərbaycanın tam bütövlüyünü müdafiə
edirik və bundan sonra da
müdafiə edəcəyik.
Biz torpağımızın
hansısa bir hissəsini heç vaxt heç bir ölkəyə verə bilmərik. Azərbaycanın sərhədlərinin
bütövlüyü, ərazi
bütövlüyü bizim
üçün müqəddəsdir.
Biz bu müqəddəs
məqsədlərə nail
olmaq üçün
bundan sonra da çalışacağıq
və bütün vasitələrdən istifadə
edib Azərbaycanın
ərazi bütövlüyünün
bərpasına nail olacağıq".
Ulu Öndər
Heydər Əliyevin bu istiqamətdə çoxşaxəli fəaliyyəti,
ordu quruculuğu, siyasi müstəqilliyə
nail olunması, neft strategiyasının sistemli və müasir tələblərə
uyğun formada həyata keçirilməyə
başlaması prosesləri
qlobal müstəvidə
Azərbaycanın lehinə
çevirsə də,
dahi Liderin səhhəti ona prosesləri tamamlamağa imkan vermədi və özünün xalqa 2003-cü ilin 1 oktyabr tarixli sonuncu müraciətində
nisgillə bildirirdi ki, xaos və
anarxiya dövründə
Azərbaycanın pozulmuş
ərazi bütövlüyünü,
qaçqın və köçkünlərin öz
yurd-yuvasına qaytarılması
problemini hələ də həll edə bilməmişik. Lakin Ulu Öndər
nikbin idi və inanırdı ki, onun axıra
çatdıra bilmədiyi
taleyüklü məsələləri,
planları, özünün
yüksək intellektli,
praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl
bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyət
adlandırdığı siyasi
varisi - cənab İlham Əliyev həll edə bilər.
Öz
mənalı həyatının
60 ilini xalqının
bu günü və sabahı ilə yaşamış böyük Heydər Əliyev yanılmırdı,
ölkənin taleyini özü qədər inandığı və gələcəyinə böyük
ümidlər bəslədiyi
cənab İlham Əliyevə etibar etməklə, hər zamankı kimi bu dəfə də xalqı üçün ən doğru olanını seçmiş oldu.
Beləliklə də,
Azərbaycan 2003-cü ildə
tamamilə yeni bir eraya qədəm
qoyaraq özünün
ən qüdrətli dönəminə doğru
inamla irəliləməyə
başladı. Yol xəritəsi isə kifayət qədər aydın idi. Cənab İlham Əliyev 31 oktyabr 2003-cü ildə, andiçmə
mərasimində prezident
kimi ilk çıxışında, milli
mənafe mövzusunda
özünün korrekt
mövqeyi ilə Ulu Öndərin nə qədər haqlı olduğunu nümayiş etdirdi: "Hamı bilməlidir ki, sülh tərəfdarı
olmağımıza baxmayaraq,
müharibənin yenidən
başlanmamasını və
bu məsələnin
sülh yolu ilə həllini istəməyimizə baxmayaraq,
bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin
bahasına olursa-olsun,
azad edəcəkdir".
200 illik regional
düyünün açılması,
30 illik işğala son qoyulması və mütləq qələbəyə nail
olunması üçün
isə cənab İlham Əliyevə cəmi 17 il lazım oldu. 17 il ərzində Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq,
özünün hər
addımı ilə bizi böyük Zəfərə daha da yaxınlaşdırdı.
İlk növbədə
iqtisadi inkişaf dövlət siyasətinin
mütləq prioritetinə
çevrildi. Daxili sabitlik, xalq-iqtidar birliyi Prezident İlham Əliyevə çoxşaxəli islahatları
reallaşdırmağa, çoxvektorlu
dövlət siyasəti
həyata keçirməyə
imkan verdi.
Təbii ki, coğrafi mövqeyimiz və zəngin ehtiyatlarımız bu prosesdə önəmli rol oynadı, lakin prosesin idarəçiliyində rasional
siyasi davranış, məntiqi mühakimələrə
və analitik təhlilə əsaslanan,
mütərəqqi, pozitiv,
milli məqsədlərə
xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi
olmadıqda təbii sərvətlər önəmini
itirir. Bu mənada Azərbaycan Prezidentinin şaxələndirilmiş
enerji siyasəti tariximizin qızıl səhifəsinə çevrildi,
ölkəmiz özünün
tam iqtisadi suverenliyini bərpa etdi, iqtisadi müstəqilliyini möhkəmləndirdi,
hətta Avropanın iqtisadi müstəqilliyində
- enerji təhlükəsizliyində
önəmli pay sahibinə çevrildi. Məlumdur ki, neftlə zəngin olan bəzi ölkələr üçün
neft lənət deməkdir. Bizim üçün isə bu inkişaf etmək, müstəqilliyimizi
gücləndirmək, milli
kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitə
idi. Paralel olaraq, dövlətçilik
tariximizdə olmadığı
qədər ölkə
iqtisadiyyatında qeyri-neft
sektorunun çəkisi
artırıldı, qlobal
miqyaslı nəqliyyat-kommunikasiya
sistemləri quruldu, təhsil, səhiyyə, idman infrastrukturu faktiki olaraq tam yeniləndi.
Cənab İlham
Əliyevin Azərbaycanı
suveren gücə çevirməsi hərbi-müdafiə
qüdrətini yeni mərhələyə daşımağa
imkan verdi. Azərbaycan regionun hərbi-siyasi gücünə
çevrilərək dünyanın
ən güclü 50 ordusu sırasında qərarlaşacaq ordu, 1200
adda hərbi təyinatlı məhsul istehsal edən nəhəng müdafiə
sənayesi infrastrukturu
yaratmağa nail oldu.
Ötən 30 il
ərzində maraqlı
beynəlxalq dairələr,
Azərbaycanda nəsillərin
dəyişəcəyinə və daha çox
qloballaşma təfəkkürü
ilə formalaşan gənclik üçün
artıq Qarabağ və Şərqi Zəngəzur amilinin prioritet olmayacağına inanırdılar. Lakin cənab İlham Əliyev tərəfindən
Ümummilli Liderin azərbaycançılıq fəlsəfəsinin
milli nüvə olaraq müəyyən edilməsi, sistemli sosial və siyasi tədbirlərin qanunauyğun nəticəsi
kimi yüksək intellektual səviyyəyə,
vətənpərvərlik hissinə, milli düşüncəyə malik,
ən əsası isə qələbəyə
köklənmiş gənc
nəsil formalaşdırılması
bu proqnozları puç etdi. Cənab İlham Əliyevin Xankəndidən
bəyan etdiyi kimi: "Elə bir gənc nəsil
yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə
getməyə hazır
idi və ölümə də gedirdi".
Nəticədə 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə
sona çatdı. Bu ilin sentyabrın
19-da isə cənab İlham Əliyev lokal xarakterli antiterror tədbirləri ilə problemə nöqtə qoydu. Beləliklə, İkinci Qarabağ müharibəsində
işğala son qoymaqla, bu il
aprelin 23-də Laçın
istiqamətində Azərbaycan-Ermənistan
sərhədində sərhəd-buraxılış
məntəqəsinin təsis
olunması ilə ərazi bütövlüyümüzü,
sentyabrın 19-u isə
suverenliyimizi tam bərpa etməklə cənab İlham Əliyev Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər
olmayan geosiyasi reallıq yaratdı. Əvvəllər bizə
məğlub və zəif kimi baxanlar Müzəffər Ali Baş Komandan
İlham Əliyev iradəsi qarşısında
əyilməyə, "dəmir
yumruq" ətrafında
birləşmiş xalqımızı
dünyada mübariz, döyüşkən və
müzəffər xalq
kimi qəbul etməyə məcbur oldu. Heç şübhəsiz ki, effektiv siyasət və xalqın dəstəyi ilə tarixi ədalətin bərpa olunması, Azərbaycanın qalib ölkəyə çevrilməsi
Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Lakin bu reallığın
nəticələrinin qorunması
da işğala son qoyulması qədər mühüm və vacib amildir.
Müharibə dövründə
hərbi qələbələri
ilə yanaşı, diplomatik və informasiya cəbhəsində
də misilsiz liderlik şücaəti göstərən, onlarca aparıcı xarici media subyektlərinə verdiyi müsahibələrlə
informasiya siyasətinin
ustad dərsi nümunəsi ortaya qoyan Prezident İlham Əliyev, Zəfərimizin nəticələrinin
qorunması, bu reallığın hər
kəs tərəfindən
qəbul edilməsi istiqamətində fəaliyyəti
ilə də tarix yazdı. "Qarabağ Ermənistandır,
nöqtə" deyən
Ermənistan özü
Azərbaycanın ərazi
bütövlüyünü rəqəmlərdə ifadə
etməyə məcbur
oldu.
Böyük Zəfərimiz
miqyasına görə
yalnız Azərbaycan
əhəmiyyətli məsələ
hesab oluna bilməz, qələbəmiz
həm də beynəlxalq hüququn təntənəsi idi. Ümumiyyətlə, Vətən
müharibəsi, həm
aralıq cəza əməliyyatları, həm
də antiterror tədbirləri zamanı Prezident İlham Əliyev BMT Təhlükəsizlik
Şurasının 30 ildir
icra edilməyən qətnamələrini icra
etməklə, Azərbaycan
beynəlxalq hüququn
aliliyini təmin etdi. Möhtərəm Prezident bizə illər uzunu nələrisə öyrətməyə,
yaxud təlqin etməyə çalışan,
özləri milyonların
həyatına qəsd
edib bizə beynəlxalq humanitar hüquqdan dərs keçmək istəyənlərə
mülki insanları hədəfə almadan müharibə və antiterror tədbirlərinin
necə aparıldığını
göstərdi. Ən
əsası isə cənab İlham Əliyev lokal xarakterli antiterror tədbirləri ilə cəmi 23 saata minimal itkilərlə dünyada separatizmlə mübarizədə ən
effektiv, real və köklü nəticə nümunəsi
ortaya qoymaqla qlobal miqyasda separatizmlə mübarizədə
presedent yaratdı.
Bu gün 10 illərlə işğal
və separatizmin əsarətində qalan torpaqlar cənnətə çevrilməkdə, həmin
ərazilərimizin potensialı
ölkə iqtisadiyyatına uzun
fasilədən sonra reinteqrasiya olunmaqda, ləyaqətli və təhlükəsiz formada
Böyük qayıdış
baş tutmaqdadır.
Beləliklə, Zəfərimizdən
doğan gücümüz,
möhkəmlənən həmrəyliyimiz
qələbələrin davamlılığını
həm təmin edir, həm zərurətə çevirir.
Lakin unutmamalıyıq
ki, qalibiyyət tarixin təbii axarında qorunmur, xüsusən cari region reallığında
qələbənin nəticələrinin
qorunması yalnız Heydər Əliyev siyasi kursunun davamlılığından birbaşa
asılıdır.
Bəhruz
MƏHƏRRƏMOV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2022.-
9 noyabr, №246- S.7.